Ömrü uzatdığı iddia edilən, lakin effektivliyi sübut olunmayan üsullar açıqlanıb
07.07.2026 11:31

Bu gün bir çox insanlar sağlamlığı möhkəmləndirmək və ömrü uzatmaq yolları haqqında məlumatları internetdən və ya başqalarının tövsiyələrindən əldə edirlər. Lakin bu üsulların hamısı real fayda vermir, bəziləri isə hətta sağlamlığa zərər vura bilər.

 

Aztibb.az xəbər verir ki, "Marie Claire" nəşrinə müsahibələrində preventiv tibb mütəxəssisləri Hyu Koyn, Məhəmməd Ənayat və Mika Engel geniş reklam olunan, lakin effektivliyi sübut edilməmiş bəzi üsullardan danışıblar.

Mütəxəssislərin fikrincə, ən mübahisəli vasitələrdən biri orqanizmdə NAD+ səviyyəsini artırmaq üçün istifadə edilən əlavələrdir. Bunlara nikotinamid ribozid (NR) və nikotinamid mononukleotid (NMN) daxildir. Bu əlavələr tez-tez qocalmanı ləngitmək, mitoxondrilərin fəaliyyətini yaxşılaşdırmaq və enerji səviyyəsini artırmaq vasitəsi kimi təqdim olunur. Lakin indiyədək aparılmış klinik tədqiqatların heç biri bu təsirləri etibarlı şəkildə təsdiqləməyib.

Həkimlər müxtəlif "anti-aging" (qocalma əleyhinə) bioloji aktiv qida əlavələrinə (BAA) də ehtiyatla yanaşmağı tövsiyə edirlər. Bunlar əsasən resveratrol, spermidin, kversetin və yüksək dozalı kollagen komplekslərindən ibarət olur. Laboratoriya tədqiqatları isə onların effektivliyi ilə bağlı hələ də ziddiyyətli nəticələr ortaya qoyur.

Məqalədə ayrıca venadaxili vitamin damcılarından da bəhs edilir. Bu prosedurlar çox vaxt orqanizmin "detoksu", enerji bərpası və cavanlaşma vasitəsi kimi reklam olunur. Ekspertlərin sözlərinə görə, əgər orqanizmdə vitamin çatışmazlığı yoxdursa, belə damcılara ehtiyac olmur. Üstəlik, prosedur infeksiya və digər ağırlaşmalar riski də daşıyır.

Həkimlər biohakerlər arasında populyar olan peptid inyeksiyalarını da mübahisəli hesab edirlər. Bunlara toxumaların sağalmasını sürətləndirdiyi iddia edilən BPC-157, böyümə hormonunun ifrazını stimullaşdırdığı deyilən CJC-1295 və ipamorelin, eləcə də internetdə qocalmanı ləngitdiyi reklam olunan epitalon daxildir. Mütəxəssislər bildirirlər ki, bu preparatların təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər elmi sübut yoxdur.

Bundan başqa, sağlamlığın monitorinqi üçün istifadə olunan müxtəlif ağıllı cihazlardan həddindən artıq istifadə də tövsiyə edilmir. Bu qurğular orqanizmin müəyyən göstəricilərini izləməyə kömək etsə də, özləri müalicəvi təsir göstərmir. Əksinə, bəzi insanlarda həddindən artıq narahatlıq və sağlamlıq üzərində obsesiv nəzarət hissi yarada bilər.

Mütəxəssislər etibarlı elmi mənbələrə əsaslanmayan tövsiyələrə tənqidi yanaşmağı və uzunömürlülüyə həqiqətən töhfə verən sağlam həyat tərzinə üstünlük verməyi məsləhət görürlər.

Ekspertlərin sözlərinə görə, uzun və sağlam ömür üçün ən etibarlı yanaşmalar balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, siqaret və alkoqoldan uzaq durmaq, stressin idarə olunması və profilaktik tibbi müayinələrdən vaxtında keçməkdir. Onlar vurğulayırlar ki, möcüzə vəd edən preparat və prosedurlardansa, elmi cəhətdən sübut olunmuş sağlam həyat tərzi prinsiplərinə əməl etmək daha effektiv nəticə verir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev