Alimlər kəllə-beyin travmasından sonra koqnitiv pozuntuların səbəbini açıqlayıb
19.06.2026 11:48

Medical Xpress: hətta yüngül beyin silkələnməsi belə neyron əlaqələrin pozulmasına səbəb ola bilər

Kəllə-beyin travmaları, o cümlədən yüngül beyin silkələnmələri beyində neyron kommunikasiyanı, uzunmüddətli yaddaşı və koqnitiv funksiyaları pozan zəncirvari reaksiyanı işə sala bilər. Bu barədə 15 iyun tarixində Medical Xpress jurnalında məlumat dərc olunub.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, tədqiqatçılar beynin anadangəlmə immun reseptoru olan TLR4 (toll-yə bənzər reseptor 4) ilə travmadan sonra aktivləşən MMP-9 fermenti arasında əvvəllər təsvir olunmamış qarşılıqlı əlaqə mexanizmini aşkar ediblər. Normal şəraitdə MMP-9 neyron əlaqələrin yenidən qurulmasında və neyronları əhatə edən struktur mühitin tənzimlənməsində iştirak edir. Lakin travmadan sonra bu mexanizmin fəaliyyəti pozulur və beyin toxumasında tarazlıq dəyişir.

Tədqiqatın aparıcı müəllifi, molekulyar və hüceyrə biologiyası üzrə assistent tədqiqatçı Deepak Subramaniam bildirib ki, beyin travması neyronlarda TLR4 reseptorunu aktivləşdirir və bu siqnal MMP-9 səviyyəsinin artmasına səbəb olur. Artmış MMP-9 neyronlararası əlaqələri dəyişdirərək sinir şəbəkələrində həddindən artıq oyanıqlıq yaradır ki, bu da həm qıcolmalara, həm də koqnitiv pozuntulara gətirib çıxara bilər.

Siçovul və siçanlar üzərində aparılan təcrübələrdə yüngül və orta dərəcəli zədələrdən dərhal sonra həm TLR4, həm də MMP-9 səviyyələrinin kəskin artdığı müşahidə olunub. Tədqiqatçılar TLR4 siqnalını blokladıqda (dərman və ya genetik üsulla), MMP-9 səviyyələri də sabit qalıb.

Sağlam beyin fəaliyyəti oyanıqlıq və tormozlayıcı siqnallar arasındakı dəqiq balansdan asılıdır. Travmadan sonra bu balans pozulur və qeyri-sabit, həddindən artıq həssas neyron şəbəkələri formalaşır.

Deepak Subramaniam-ın sözlərinə görə, bu proses TLR4-ün MMP-9-dan yuxarı səviyyədə dayandığını göstərir və immun siqnallaşmanın neyron fəaliyyətinə necə təsir etdiyini izah edən mühüm mexanizmi ortaya çıxarır.

Alim qeyd edib ki, neyron aktivliyindəki balans pozulduqda beyin məlumatı səmərəli ötürə bilmir və bunun əvəzinə “səs-küy” artır. Bu isə yaddaşın formalaşmasını və öyrənmə prosesini zəiflədir.

Heyvan təcrübələrində travmadan sonra sinaptik plastiklik beynin yeni əlaqələr qurma və mövcud əlaqələri gücləndirmə qabiliyyəti azalıb. Bir ay sonra bu heyvanlarda məkan yaddaşında pozuntular qeydə alınıb. Lakin TLR4 və ya MMP-9 inhibitorları ilə erkən müdaxilə edilən heyvanlar davranış testlərində daha yaxşı nəticə göstəriblər.

Maraqlıdır ki, TLR4 reseptoru yalnız zərərli mexanizm deyil. Sağlam beyində o, neyron aktivliyinin tarazlığını qoruyan tənzimləyici rol oynayır. Onun bloklanması sağlam heyvanlarda yaddaş pozuntularına və beyin aktivliyinin artmasına səbəb olub.

Alimlər xüsusilə yüngül beyin silkələnmələrinin o cümlədən idman və məişət travmalarının potensial təhlükələrinin kifayət qədər qiymətləndirilmədiyini vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır