Türkiyədə TÜBİTAK-ın dəstəklədiyi “MetaTıp” layihəsi MRT məlumatlarını 3D modellərə çevirərək həkimlərə əməliyyatdan əvvəl pasiyentin anatomiyasını virtual mühitdə araşdırmaq və əməliyyatı simulyasiya etmək imkanı yaradır.
Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, Səhiyyə Nazirliyinin təsdiqi ilə bəzi universitet xəstəxanalarında tibb fakültəsi tələbələrinin istifadəsinə təqdim olunan sistem TEKNOFEST-də də nümayiş etdirilib.
Layihə çərçivəsində MRT-dən əldə edilən DICOM məlumatları 3D modellərə çevrilir. Həkimlər virtual model üzərində zədələnmələri müəyyənləşdirə, onların həcmini hesablaya və ölçmələr apara bilirlər.
Layihənin mühəndisi Emre Kaan Şanverdi bildirib ki, sistem əməliyyatdan əvvəl hazırlıq prosesini virtual mühitə daşıyır. Həkimin pasiyentin yanında olmasına ehtiyac yoxdur və simulyasiya uzaqdan da idarə edilə bilər.
Layihə müəllifləri sistemin yaxın zamanda Türkiyə üzrə daha geniş istifadəyə veriləcəyini gözləyirlər.

