Nərmin Quliyeva: "Bipolyar pozuntuya stresli hadisələr, travmalar, uzunmüddətli yuxusuzluq, ayrılıqlar səbəb ola bilər"
11.06.2025 12:36

Heç kəsə sirr deyil ki, tibbin bütün sahələri insan sağlamlığının qorunmasına və bu sağlamlıq müxtəlif səbəblərdən itirildikdə, onun bərpasına xidmət edir. O da məlumdur ki, insanın sağlıq durumuna mənfi təsir göstərən əsas faktorlardan biri də psixi pozuntular, o cümlədən bipolyar pozuntudur.

 

Bipolyar pozuntunun anlamı, necə və nədən yarana bilməsi, risk faktorları, müayinə və müalicəsi haqqında suallarımızı cavablandıran ATU-nun Psixiatriya kafedrasının tədris işləri üzrə müavini, assistent Nərmin Quliyeva bildirib ki, bəzən özümüzü çox enerjili və xoşbəxt, bəzən isə çox halsız və ümidsiz hiss edirik. Bu, həyatın normal halıdır. Amma bu hal çox kəskin, çox uzun sürürsə və gündəlik həyatımıza mane olursa, sadəcə “əvvəlki kimi deyiləm” yox, artıq bipolyar pozuntu ola bilər: “Bipolyar pozuntuya dünyada hər 100 nəfərin təxminən 2-3-də rast gəlinir. Yəni milyonlarla insan bu halı yaşayır və çoxu öz həyatını normal şəkildə davam etdirə bilir. Adətən gənclik illərində başlayır, amma daha erkən və ya daha gec yaşda da ortaya çıxa bilər. Bu pozuntunun dəqiq səbəbi məlum olmasa da, genetik meyl, beyindəki kimyəvi tarazlığın pozulması, stresli hadisələr, travmalar, ayrılıqlar, uzunmüddətli yuxusuzluq və ya zərərli maddə istifadəsi (alkoqol, narkotik) risk faktorlarıdır. Ailədə bu pozuntunun və ya digər emosional-psixiatrik xəstəliklərin olması riskin artmasına səbəb ola bilər. Travmatik uşaq təcrübələri, valideyn ayrılığı, zorakılıq və ya laqeydlik kimi erkən yaşlarda yaşanan psixoloji zədələr də emosional sabitliyin pozulmasına zəmin yaradır.

 

Erkən yaşda (18 yaşına qədər) marixuana və digər psixoaktiv maddələrin istifadəsi beynin inkişaf mərhələsində kimyəvi tarazlığa təsir edərək bipolyar simptomların daha erkən və daha ağır şəkildə ortaya çıxmasına səbəb ola bilər. Maddə istifadəsi təkcə xəstəliyi tətikləmir, həm də mövcud əlamətləri kəskinləşdirir və müalicəni çətinləşdirir. Bundan əlavə, xroniki stress, yuxu pozuntuları və sosial təcrid kimi amillər də bu pozuntuya meylliliyi artırır. Yeniyetmələr və gənclər arasında psixoloji maarifləndirmə və erkən dəstək bu risk faktorlarının qarşısını almaqda vacib rol oynayır”.

 

Mütəxəssis təkcə əhval-ruhiyyəyə yox, həmçinin insanın gündəlik həyatına, ailəsinə, sosial münasibətlərinə, maliyyə vəziyyətinə və sağlamlığına ciddi təsir edən bipolyar pozuntunun işdə və ya məktəbdə də çətinliklər yaratdığını deyib: “Maniya mərhələsində insan çox enerjili olur, özünü “dahi” və ya “məğlubedilməz” hiss edir. Həmçinin planlaşdırmadan böyük məbləğdə pul xərcləyir, hətta borca girir. O qədər planlar qurur ki, sonradan heç birini bitirə bilmir. İş yoldaşlarını bezdirir, dərslərdə diqqəti yayınır. Məsələn, məşhur rəssam Van Qoqun əsərlərində maniyanın izləri aydın görünür. O, qısa müddətdə yüzlərlə şəkil çəkirdi, amma sonra depressiyaya düşəndə yaradıcılığı dayanırdı. Depressiya dövründə isə insan yorğun, ümidsiz olur, yataqdan qalxmaq istəmir, işə və ya məktəbə getməkdən imtina edir. Kiçik tapşırıqları belə yerinə yetirməkdə çətinlik çəkir. Yuxu problemləri də özünü büruzə verir”.

 

Bipolyar pozuntudan əziyyət çəkən şəxslərdə özünə zərərvermə və intihar riskinin depressiya mərhələsində daha yüksək olduğunu söyləyən həkim-psixiatr qeyd edib ki, həmin insanlar ümidsizlik, günahkarlıq hissləri yaşayır, həyatlarının mənasız olduğunu düşünə bilirlər. Buna görə də yaxınları çox diqqətli olmalıdır: “Bununla belə, bipolyar pozuntu müalicə olunur və nəzarət altına alınır. Doğru müalicə və dəstəklə insanlar tam normal, sağlam və dolğun həyat yaşayırlar. Bipolyar pozuntunun müalicəsində dərman müalicəsi ilə yanaşı, psixoterapiya çox vacib rol oynayır. Araşdırmalar göstərir ki, psixoterapiya relapsların (xəstəliyin təkrar başlaması) qarşısını alır, xəstənin funksional vəziyyətini yaxşılaşdırır və ailə münasibətlərini möhkəmləndirir”.

 

Həkimin sözlərinə görə, xəstənin və ailənin xəstəlik barədə məlumatlandırılması, neqativ düşüncə və davranışların dəyişdirilməsi, gündəlik həyat ritmini bərpa etmək də ən mühüm amillərdəndir: “Transkranial maqnit stimulyasiya (TMS) isə beynə zəif maqnit impulsları göndərərək neyron fəaliyyətini dəyişən müasir bir terapiyadır. Bu terapiya depressiv əlamətləri azaldır, prefrontal korteksin aktivliyini artırır və beynin “mükafat sistemi”ni tənzimləyir. Araşdırmalar TMS-in daha çox depressiya mərhələsində effektiv olduğunu, amma  mərhələsində ehtiyatla istifadə edildiyini göstərir”.

 

N.Quliyeva sağlam həyat rejiminin (yuxu rejimi, fiziki aktivlik, stresin azaldılması) və mütəmadi psixiatr nəzarətinin zəruriliyinə də toxunub. Eyni zamanda müasir MRT (maqnit-rezonans tomoqrafiya) araşdırmalarının nəticələrinə istinad edərək bildirib ki, dərman və psixoterapiya kombinasiyası beyin həcmini (xüsusilə amigdala, hipokampus və prefrontal korteks bölgələrində) qoruyur: “Müalicə edilməyən bipolyar xəstələrin beyinlərinin həmin bölgələrində isə həcm itkisi müşahidə olunur. Bundan əlavə, Litium müalicəsi beynin boz maddəsini artırır, bu da nevroprotektiv (beyin qoruyucu) təsir kimi qiymətləndirilir. Başqa sözlə, düzgün müalicə təkcə əlamətləri yaxşılaşdırmır, həm də beyin strukturlarını qoruyur. Psixi sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir”.

 

Sonda həkim oxuculara üz tutub: “Əgər sən və ya yaxınların bipolyar pozuntunun əlamətlərini hiss edirsinizsə, bu barədə danışmaqdan çəkinməyin. Yardım istəmək güclü olmaq deməkdir. Erkən müdaxilə, düzgün dəstək və anlayış sağlam gələcək üçün ən yaxşı başlanğıcdır”.

ÇOX OXUNANLAR
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
 Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib   
Səhiyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb
Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün ödənişsiz göz əməliyyatları
Mina partlayışından ağır zədə alan pasiyentin üzündə mürəkkəb rekonstruktiv-plastik əməliyyat aparılıb