Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə: "İctimai sağlamlığın təmini immunizasiya ilə başlayır"  
30.04.2025 13:46

Hər il olduğu kimi, bu il də Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) nümayəndələri Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) “Ümumdünya İmmunlaşdırma Həftəsi”ndə iştirak ediblər.

 

APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Aztibb.az-a bildirib ki, “Ümumdünya İmmunlaşdırma Həftəsi” zamanı peyvəndlərin həyatı xilas etmək gücü xüsusi vurğulanır: “Azərbaycan Pediatrlar Assosiasiyası da immunizasiyanın cəmiyyətin sağlamlığına təsirini və peyvəndlərin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq məqsədilə 30 ildir üzvü olduğu IPA-nın təşəbbüsünə qoşulur. ÜST və tərəfdaşlar immunizasiya proqramlarının gücləndirilməsi, peyvənd bərabərsizliyinin aradan qaldırılması və peyvəndlərə inamın bərpa olunması ehtiyacını vurğulamaqda davam edir. Unutmayaq ki, ictimai sağlamlığın təmini immunizasiya ilə başlayır. İmmunlaşdırma yalnız fərdi sağlamlıq deyil, həm də ictimai sağlamlığın təməlidir. Peyvəndlər sayəsində biz uşaqlarımızı bir sıra ağır və həyat üçün təhlükəli olan xəstəliklərdən – difteriya, qızılca, göyöskürək, poliomielit və digər yoluxucu infeksiyalardan qoruya bilirik. Statistik göstəricilər təsdiqləyir ki, vaxtında aparılan peyvəndlər hər il 2-3 milyon insanın həyatını xilas edir”.

 

Pediatrın sözlərinə görə, peyvəndləmə həm də “kollektiv immunitet” anlayışını formalaşdırır. Bu o deməkdir ki, əhalinin böyük əksəriyyəti peyvənd olunduqda, başqaları - immun çatışmazlığı olan, onkoloji xəstələr və ya allergiyaya görə peyvənd ala bilməyən insanlar da dolayısı ilə qorunur. Bu baxımdan hər valideynin sosial məsuliyyət daşıdığını unutmaması vacibdir.

 

Təranə Tağı-zadə bu gün ölkəmizdə peyvənd təqvimi üzrə geniş spektrdə vaksinasiya aparıldığını deyib: “Hepatit B, vərəm, poliomielit, difteriya, tetanus, göyöskürək, Hib infeksiyası, qızılca, məxmərək, parotit və s. əleyhinə peyvəndlər ölkəmizdə dövlət hesabına və yüksək təhlükəsizlik standartlarına uyğun tətbiq olunur. Xüsusilə vurğulamaq istəyirəm ki, peyvəndlərdə istifadə olunan antigenlər və əlavələr bir çox beynəlxalq yoxlamalardan keçir və onların təhlükəsizliyi, effektivliyi sübut edilib. Peyvəndlər haqqında yayılan miflər və dezinformasiyalar elmi əsaslara deyil, qorxu və fərziyyələrə söykənir. Buna görə valideynlərə tövsiyəmiz odur ki, yalnız rəsmi mənbələrə və mütəxəssis fikirlərinə əsaslansınlar”.

 

APA-nın sədri “İmmunlaşdırma Həftəsi”nin bir fürsət olduğunu bildirərək əlavə edib ki, biz bu sahədə maariflənməni artırmaqla hər bir uşağın, eləcə də hər yaşdan olan insanların sağlam gələcəyi üçün addım atmış olarıq: “Valideynləri peyvənd tarixçəsinə yenidən baxmağa, övladlarının peyvənd təqvimində gecikmələr varsa, yerli kilnikalara və ya sahə pediatrına müraciət etməyə çağırırıq. Çünki xəstəliklərə qarşı ən güclü silah vaxtında edilən peyvəndlərdir”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb