Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 10:30

Aztibb.az "From Science to Health" MMC-nin təsisçisi Fəqan Həsənzadənin müsahibəsini təqdim edir: 

- Azərbaycanda səhiyyə menecmenti sahəsində hazırda ən aktual çağırışlar sizcə hansılardır və forum bunlara necə cavab verəcək?
 
- Azərbaycanda səhiyyə menecmenti sahəsində mənim üçün əsas çağırışlardan biri idarəetmədə müasir yanaşmaların daha sistemli tətbiqidir. Səhiyyə artıq yalnız tibbi xidmətin göstərilməsi ilə məhdudlaşmır. Burada maliyyə dayanıqlılığı, insan resurslarının effektiv idarə olunması, rəqəmsallaşma, xidmət keyfiyyəti, pasiyent məmnuniyyəti və strateji planlaşdırma paralel şəkildə idarə edilməlidir.

Digər vacib məsələ isə səhiyyə idarəçiləri arasında bilik və təcrübə mübadiləsi üçün daha çox peşəkar platformaların yaradılmasıdır. Səhiyyə Menecmenti Forumunu təşkil etməyimizin əsas məqsədlərindən biri də məhz budur. Biz istəyirik ki, forum sadəcə çıxışların edildiyi tədbir olmasın. Müxtəlif sahələrdə çalışan rəhbərlər, ekspertlər və beynəlxalq spikerlər real idarəetmə problemlərini müzakirə etsin, fərqli təcrübələri paylaşsın və praktik həll yolları ortaya qoysunlar.Forumun proqramını da bu çağırışlara uyğun qurmağa çalışmışıq. Maliyyələşdirmədən rəqəmsallaşmaya, xəstəxana idarəçiliyindən liderliyə qədər səhiyyənin idarə olunmasında bu gün aktual olan əsas istiqamətləri bir platformada birləşdiririk.

 

-  “From Science to Health”in təsisçisi kimi, elmi yanaşmanın praktik səhiyyə idarəçiliyinə inteqrasiyasını necə görürsünüz?
- “From Science to Health” adını seçərkən əsas yanaşmamız elmi biliklə praktik səhiyyə arasında körpü yaratmaq idi. Hesab edirəm ki, səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır. Lakin burada vacib bir məqam var: elmi bilik yalnız məqalələrdə və akademik mühitdə qalmamalıdır. O bilik xəstəxananın gündəlik idarə olunmasına, proseslərin optimallaşdırılmasına, maliyyə qərarlarına, insan resurslarının idarə edilməsinə və pasiyent xidmətlərinin yaxşılaşdırılmasına çevrilməlidir.

Mənim üçün “From Science to Health”ın missiyası da budur: elmi və akademik bilikləri daha praktik, tətbiq edilə bilən formaya gətirmək və səhiyyə sektorunda çalışan insanlarla bölüşmək. Təlimlərimizdə, forumlarımızda və digər layihələrimizdə nəzəriyyə ilə praktikanı mümkün qədər biraraya gətirməyə çalışırıq.

 

- Panellərin mövzuları — maliyyələşdirmə, rəqəmsallaşma, strateji xəstəxana idarəçiliyi, qadın liderlər — arasında sizin üçün ən prioritet olanı hansıdır və niyə?
 
- Əslində bu mövzuların hər biri bir-biri ilə sıx bağlıdır və səhiyyə sistemində birini digərindən tam ayırmaq mümkün deyil. Amma şəxsən mənim üçün strateji səhiyyə və xəstəxana idarəçiliyi xüsusi əhəmiyyət daşıyır. Çünki maliyyələşdirmənin necə idarə olunacağına, hansı rəqəmsal həllərin tətbiq ediləcəyinə, insan resurslarının necə inkişaf etdiriləcəyinə və xidmətlərin hansı istiqamətdə genişləndiriləcəyinə məhz düzgün strategiya istiqamət verir.

Mən həmişə hesab etmişəm ki, xəstəxananı yalnız gündəlik əməliyyatlarla idarə etmək kifayət deyil. Rəhbər 3–5 il sonranı görməli, müəssisənin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən etməli və bugünkü qərarlarını həmin gələcəyə uyğun verməlidir. Bununla yanaşı, rəqəmsallaşma və süni intellekt də artıq seçim deyil, səhiyyə idarəçiliyinin gələcəyinin əsas komponentlərindən biridir. Ona görə forumda bu mövzuların hər birinin ayrıca müzakirə olunmasını vacib hesab etmişik.

 

- Bu formatda beynəlxalq spikerlərin iştirakı yerli səhiyyə idarəçilərinə hansı əlavə dəyəri verəcək?
 
- Səhiyyə sistemləri ölkədən ölkəyə fərqlənsə də, idarəetmə problemlərinin çoxu oxşardır. Maliyyə dayanıqlılığı, insan resurslarının idarə olunması, rəqəmsallaşma, xidmət keyfiyyəti və pasiyent məmnuniyyəti dünyanın müxtəlif ölkələrində səhiyyə rəhbərlərinin qarşılaşdığı ümumi məsələlərdir.

Beynəlxalq spikerlərin iştirakı bizə həmin problemlərə fərqli sistemlərin prizmasından baxmaq imkanı verir. Türkiyədə və ya başqa bir ölkədə hansı model tətbiq olunub, hansı yanaşma uğurlu olub, hansı səhvlər edilib bunları birbaşa həmin təcrübəni yaşayan insanlardan eşitmək çox dəyərlidir.

Mənim üçün beynəlxalq iştirakın ən böyük üstünlüyü hazır modeli olduğu kimi Azərbaycana köçürmək deyil. Əsas məqsəd müxtəlif təcrübələri görmək, müqayisə etmək və onların içərisindən Azərbaycan səhiyyəsinə uyğunlaşdırıla biləcək ideyaları müəyyən etməkdir. Eyni zamanda belə tədbirlər yeni peşəkar əlaqələrin yaranmasına, gələcək əməkdaşlıqlara, ortaq layihələrə və bilik mübadiləsinin davamlı olmasına şərait yaradır. İstəyirəm ki, Səhiyyə Menecmenti Forumu zamanla məhz belə regional və beynəlxalq əməkdaşlıq platformalarından birinə çevrilsin.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş