Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 12:42

Sümük iliyi transplantasiyası talassemiya, leykoz, aplastik anemiya, limfoma, çoxsaylı miyeloma və digər ağır qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün həyati əhəmiyyət daşıyan müalicə üsullarından biridir. Bu müalicənin uğurunda uyğun donorun tapılması mühüm rol oynayır. Sümük iliyi donorluğu ilə bağlı cəmiyyətdə bir sıra yanlış təsəvvürlər, xüsusilə də donorun sağlamlığına zərər vurması ilə bağlı narahatlıqlar mövcuddur. Bəs sümük iliyi donorluğu necə həyata keçirilir, donor üçün hansı risklər var, kimlər donor ola bilər və transplantasiyada HLA uyğunluğu nə üçün vacibdir?

 

Bu və digər sualları Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva cavablandırıb.

 

- Sümük iliyi donorluğu necə həyata keçirilir və bu prosesdə hansı məqamlara diqqət edilməlidir?

– Sümük iliyi donorluğu donorun sağlamlığına zərər verməyəcək şəkildə müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Uyğun donordan sümük iliyi cərrahi yolla, bəzi hallarda isə periferik qandan hematopoetik kök hüceyrələrin xüsusi aparat vasitəsilə toplanması həyata keçirilir. Donorluq könüllülük prinsipi əsasında icra olunur.
Talassemiya, leykoz, aplastik anemiya və digər xəstəliklər diaqnozu qoyulmuş pasiyentlər üçün HLA-uyğun ailədaxili və ya qeyri-qohum donorun axtarışı mümkün qədər erkən, müalicənin ilk mərhələlərindən təşkil edilməlidir.
Pasiyent transplantasiyaya hazırlıq mərhələsinə başladıqdan, xüsusilə transplantasiyadan təxminən 7–10 gün əvvəl donorun donorluqdan imtina etməsi yolverilməzdir. Çünki bu mərhələdə donorun imtinası pasiyentin həyatı üçün ciddi təhlükə yarada bilər. Buna görə də donor olmaq qərarı əvvəlcədən, bütün məsuliyyətlər nəzərə alınmaqla və düşünülərək verilməlidir.
Donorluqdan sonra yüngül halsızlıq və iynənin daxil edildiyi nahiyədə – qalça sümüyünün darağında – ağrı hissi yarana bilər. Lakin bu hallar, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır.


– Sümük iliyi köçürülməsi hansı xəstəliklərin müalicəsində istifadə olunur və kimlərə lazımdır?

– Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur. Talassemiya, leykoz, aplastik anemiya, limfoma və çoxsaylı miyeloma kimi xəstəlikləri buna nümunə göstərmək olar.
Transplantasiya adətən sümük iliyinin və hematopoetik sistemin xəstəlik nəticəsində zədələndiyi və ya kök hüceyrələrin genetik olaraq sağlam olmadığı hallarda mühüm müalicə üsuludur. Sümük iliyindən və ya periferik qandan əldə edilən hematopoetik kök hüceyrələrin transplantasiyası xəstə və ya genetik zədələnmiş hüceyrələrin sağlam kök hüceyrələrlə əvəz olunmasına imkan verir. Bu üsul bir sıra ağır qan xəstəlikləri zamanı həyat qurtaran müalicə vasitəsi ola bilər.


– Sümük iliyindən başqa donorluğun hansı növləri var və onlar insan həyatı nə üçün vacibdir?

– Qan, orqan və toxuma donorluğunun hər biri tibbi baxımdan böyük əhəmiyyət daşıyır və bir çox hallarda insan həyatının xilas edilməsinə imkan verir.
Qan donorluğu talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər, qəza nəticəsində ciddi qan itkisi yaşayan şəxslər, eləcə də müxtəlif cərrahi əməliyyatlar keçirən xəstələr üçün vacibdir.
Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqanların donorluğu orqan çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsində mühüm rol oynayır. Buynuz qişa, sümük və dəri kimi toxumaların donorluğu isə yanıqlar, xəsarətlər və digər xəstəliklər nəticəsində zədələnmiş funksiyaların bərpasına kömək edə bilər.


– Sümük iliyi bağışlamaq donor üçün təhlükəlidirmi və bu prosedur necə həyata keçirilir?

– Donorun sümük iliyi bağışladıqdan sonra sağlamlığına ciddi zərər dəyəcəyinə dair cəmiyyətdə yanlış fikirlər mövcuddur. Məhz bu kimi yanlış təsəvvürlər bəzi insanların donor olmaqdan çəkinməsinə səbəb olur.
Sümük iliyi donorluğu donorun təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir. Donorlar prosedurdan əvvəl və sonra xüsusi tibbi müayinələrdən keçirilirlər. Sümük iliyi və ya periferik hematopoetik kök hüceyrələrin toplanmasından əvvəl donorun ümumi sağlamlıq vəziyyəti, qan göstəriciləri və digər tibbi parametrləri ətraflı qiymətləndirilir.
Sümük iliyinin toplanması əməliyyat otağında, xüsusi iynələr vasitəsilə qalça sümüyündən həyata keçirilir. Prosedur ümumi anesteziya altında aparıldığı üçün donor əməliyyat zamanı ağrı hiss etmir. Toplanan sümük iliyi isə qısa müddət ərzində bərpa olunur.
Sümük iliyi donoru olmaq üçün yaşla bağlı meyarlar da nəzərə alınır. Məsələn, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tətbiq etdiyi yanaşmaya əsasən, 2 yaşdan kiçik və 60 yaşdan yuxarı şəxslər sümük iliyi donoru kimi uyğun hesab edilmir.


– Sümük iliyi donoru olmaq üçün əsas şərtlər və tələblər hansılardır?

– Sümük iliyi donoru, bir qayda olaraq, sağlam və donorluğa tibbi əks-göstərişi olmayan şəxs olmalıdır. Donorun uyğunluğu yalnız yaş və ümumi sağlamlıq vəziyyəti ilə məhdudlaşmır. Transplantasiyanın uğuru baxımından donorla pasiyent arasında genetik uyğunluq, xüsusilə İnsan Leykosit Antigenləri – HLA uyğunluğu mühüm əhəmiyyət daşıyır.
Uyğun donor müəyyən edilərkən donor və alıcının HLA göstəriciləri xüsusi müayinələrlə müqayisə edilir. Uyğun donor aşkar edilsə belə, onun sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirilir və müəyyən tibbi məhdudiyyətlər donorluğa mane ola bilər.
Bir sıra ölkələrdə xüsusilə gənc donorların seçilməsinə üstünlük verilir. Bunun əsas səbəbi gənc donorların kök hüceyrələrinin pasiyent üçün daha əlverişli və uzunmüddətli nəticələrlə əlaqələndirilməsidir.
Sümük iliyi transplantasiyasında qan qrupunun uyğunluğu isə əsas şərt deyil. Yəni A, B, AB və O qan qruplarının eyni olması mütləq tələb olunmur. Əsas məsələlərdən biri HLA uyğunluğudur. Bundan əlavə, alıcının qanında donor hüceyrələrinə qarşı əvvəlcədən mövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün xüsusi uyğunluq, o cümlədən çarpaz uyğunluq testləri aparıla bilər.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş