Millət vəkili Jalə Əhmədova ATU tələbələri ilə görüşüb  
05.04.2024 10:21

Azərbaycan Tibb Universitetində (ATU) millət vəkili Jalə Əhmədovanın tələbələrlə görüşü keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə tələbələrlə yanaşı, professor-müəllim heyəti də iştirak edib. 

 

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə açılıb.

 

ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev millət vəkili Jalə Əhmədovanı tədbir iştirakçılarına təqdim edərək, qonağın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü və  Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğunu diqqətə çatdırıb. Onun, həmçinin bir sıra ictimai vəzifələr daşıdığını, bir sıra ictimai təşkilatların üzvü və rəhbəri olduğunu qeyd edib. Prorektor onlardan tibb sahəsi ilə bağlı olanları vurğulayıb və bildirib ki, millət vəkili, eyni zamanda Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvü, Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibidir.

 

J.Əhmədova çıxışında Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyət və vəzifələrdən, dövlətimizin gənclərlə bağlı apardığı ardıcıl və məqsədyönlü siyasətdən, onlara yaradılan şəraitdən söhbət açıb.

 

Millət vəkili bildirib ki, indiki gənclərin böyük əksəriyyətində ideoloji boşluq müşahidə edir: “Müxtəlif görüşlərdə gələcəklərini necə görmələri ilə bağlı verdiyim sualın cavabında gənclərimizin susqunluq nümayiş etdirməsi məni heç də qane etmir. Müasir gənclik çevik olmalı, gələcəyini necə qurmağı aydın şəkildə müəyyənləşdirməli və planlı şəkildə düşünməlidir. Necə ki, cənab prezidentimiz deyir ki, Azərbaycan xalqı özü öz gələcəyini düşünməlidir. Öz gələcəyini necə görürsə, bu istiqamətdə özü hərəkət etməlidir. Baxın, bu məsələdə əsas yük məhz siz gənclərin üzərinə düşür”.

 

Daha sonra natiq autizm xəstəliyinin cəmiyyətimizdə yaratdığı problemlərdən söhbət açıb. Belə körpələrin dünyaya gətirilməsinin qarşısını almaq məqsədilə gənclərə öz tövsiyələrini də verib: “Təəssüf ki, son dövrlər ailələrimizdə əlilliyi olan körpələrin sayı artır, dünyaya əlil olan övladlarımız daha çox gəlməyə başlayır. Təbii ki, biz bunun səbəbinin nədən qaynaqlandığını analiz etməli və düşünməliyik. Burada subay gənclərimizə bir tövsiyəm var. İlk öncə erkən nikahlardan, qohum evliliklərindən çəkinmək lazımdır. Çünki bu cür fəsadlar ən çox qohum evliliyi zamanı baş verir. Eləcə də ailə qurmamışdan öncə müayinədən keçin ki, sonradan peşmançılıq yaşamayasınız. Mən vaxtaşırı bu cür gənc ailələrlə görüşürəm. Onların bu həyatda nə qədər nakam qaldıqlarının şahidi oluram. Bir-birinizi nə qədər sevsəniz də, sabah belə övladlar dünyaya gələndə gözlərinizdə o sevgi, coşqu yox olur. Çünki əlilliyi olan övlad dünyaya gətirmək həmin andan həyatını, ömrünü, xoşbəxtliyini ona bağlamaq deməkdir. Çox təəssüf ki, bu cür hallarda 99 faiz xanımlarımız tək qalır, öz ağrı-acılarını təkbaşına çəkməli olurlar. Ona görə də yolunuz düzgün seçin və ağıllı qərarlar verin”.

 

Çıxışından sonra millət vəkili tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Görüşün təşəbbüskarı olan Bioloji kimya kafedrasının baş müəllimi Firəngiz Quliyeva isə çıxışında Jalə Əhmədovanın ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətini dəstəkləyən və təbliğatını geniş şəkildə aparan millət vəkillərindən biri olduğunu qeyd edib. Müasir Azərbaycan gənclərinin Vətən sevgisi ilə, vətənpərvərlik ruhunda böyüməsinə toxunan natiq, tələbələrlə təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb. F.Quliyeva bu günlərdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmaları münasibətilə professor Sabir Əliyevi və millət vəkili Jalə Əhmədovanı təbrik edib. 

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
 Şirvanda 18 yaşlı pasiyent üzərində exinokokk sistinin xaric edilməsi əməliyyatı uğurla icra olunub