“Təbib” qəzetinin nəşrə başlamasından 90 il ötür
20.12.2023 14:15

Azərbaycan Tibb Universitetinin (ATU) mətbu orqanı olan “Təbib” qəzetinin 90 illik yubiley tədbiri keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyliyə əlamətdar hadisə münasibətilə ATU-nun çoxminli kollektivini, o cümlədən qəzetin redaksiya heyətini və oxucularını təbrik edib.  Rektor “Təbib” qəzetinin ilk sayının 1932-1938-ci illərdə Tibb İnstitutuna rəhbərlik etmiş böyük ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin şəxsi təşəbbüsü, böyük qayğısı ilə 16 dekabr 1933-cü ildə işıq üzü gördüyünü xatırladıb. O, “Tibbi qadro uğrunda” adı ilə çap olunan qəzetin nəşrinin nəinki institutun əməkdaşları tərəfindən, eləcə də respublikanın bütün tibb ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayaraq qeyd edib ki, qəzet elə ilk sayından etibarən milli kadrları, sadə zəhmət adamlarının övladlarını, əsasən də qızları Tibb İnstitutuna cəlb etmək üçün aparılan işlərin təbliğinə xüsusi diqqət ayırıb: "Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin əsas prioritetlərindən biri söz azadlığı, mətbuatın müstəqilliyi idi. Məhz Ulu Öndərin apardığı uğurlu siyasət müasir mətbuatın inkişafının bünövrəsini təşkil edir. Azərbaycan mətbuatının böyük banisi olan Ulu Öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərindən senzuranı ləğv etdi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı. Bundan başqa, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən hüquqi baza oldu. Eləcə də kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı təsdiq olundu. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan və mətbuata hərtərəfli dövlət qayğısını özündə əks etdirən siyasi kurs 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

 

Professor G.Gəraybəyli istər tədris prosesi, istərsə də elmi fəaliyyət istiqamətinin “Təbib” qəzetində artıq 90 ildir işıqlandırıldığını, universitetin ictimai-sosial həyatında baş verən yeniliklər, dünya tibb təhsili sisteminə inteqrasiya istiqamətində son illər həyata keçirilən islahatların oxuculara çatdırıldığını söyləyib.

 

Sonra qəzetin baş redaktoru, Vətən müharibəsi qazisi Məğrur Əliyev qəzetin tarixilik funksiyasından danışıb. Bildirib ki, “Təbib” qəzeti 90 ildir ki, Azərbaycan Tibb Universitetinin salnaməsini yaradır, tarixini özündə yaşadır. Qəzetdə dərc olunan materiallar gələcək tədqiqatçılar üçün əhəmiyyətli bir mənbədir. 

 

Redaktor bildirib ki,  qəzetdə yer alan bütün yazılar, xəbərlər mütəmadi olaraq ATU-nun saytında yerləşdirilir. Nəticədə daha böyük oxucu kütləsi əhatə edilmiş olur. Hətta bir çox hallarda digər elektron informasiya vasitələri, bəzən televiziya kanalları vasitəsilə də məhz ilkin mənbə olaraq “Təbib” qəzetinin hazırladığı materiallar bütün ölkəmizə yayılır.

 

1990-cı ilin sentyabr ayından etibarən Azərbaycan Dövlət Tibb Universitetinin mətbu orqanının “Təbib” adı ilə nəşr olunduğunu xatırladan M.Əliyev qeyd edib ki, 1997-ci ilin iyun ayından tanınmış şair-yazıçı, hamımızın böyük ehtiramla yada saldığımız mərhum Eldar İsmayılın baş redaktorluğu ilə yeni redaksiyada fəaliyyətə başlayan və ayda iki dəfə işıq üzü görən “Təbib” qəzeti sözün əsl mənasında Tibb Universitetinin güzgüsünə çevrilib.

 

Diqqətə çatdırılıb ki, universitet rəhbərliyinin rəsmi görüşləri, Həmkarlar İttifaqı təşkilatları, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının fəaliyyəti, o cümlədən tədris hissə, fakültə və kafedralarda baş verən yeniliklər daim diqqət mərkəzimizdədir. Oxucular “Təbib” qəzetində mütəmadi olaraq universitetimizin klinikaları – Tədris Cərrahiyyə, Tədris Terapevtik, Tədris Onkoloji və Tədris Stomatoloji klinikalarda həyata keçirilən tədris və elmi fəaliyyət, eləcə də müayinə-müalicə işləri haqda yazılarla tanış ola bilirlər.

 

Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edərək yubiley tədbirinə dəvət olunmasından məmnunluğunu bildirib. O, universitetin həyətində ilk olaraq hərbi geyimli gənclərlə qarşılaşdığını, onların hərbi həkim ixtisası alan tələbələr olduğunu öyrəndikdə, böyük qürur hissi keçirdiyini vurğulayıb. R.Məcid ATU-nun hərbi tibb işçiləri yetişdirməsini Azərbaycan dövlətinin müstəqilliyinin bir göstəricisi kimi dəyərləndirib. O, zaman dəyişsə də Tibb Universitetinin əvvəlki nüfuzunu qoruyub saxladığına diqqət çəkib: “Bu gün “Təbib” qəzetinin yubileyinin keçirilməsi o tarixi salnaməni özündə əks etdirən mətbu orqana bir vəfa, etibar borcudur. Burada Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, vaxtilə Tibb İnstitutunun rektoru olmuş Əziz Əliyevin xatırlanması da təsadüfi deyil. Çıxışlarda “Təbib” qəzetinin gördüyü işlər barədə danışıldı. Mən qəzetin kollektivi barədə demək istəyirəm ki, burada çox istedadlı, peşəkar jurnalistlər çalışırlar. Onları bir daha təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Çıxışının sonunda R.Məcid Azərbaycan səhiyyəsinin, tibb sahəsindəki elmi yenilik və nailiyyətlərin peşəkar təbliğindəki ardıcıl, məqsədyönlü fəaliyyətinə görə və 90 illik yubileyi münasibətilə Mətbuat Şurasının “Təbib” qəzetini xüsusi diplomla təltif etdiyini bildirib və diplomu qəzetin redaktoruna təqdim edib.

 

Daha sonra Azərbaycan Jurnalistlər Birliyinin səhiyyə sahəsində kadr hazırlığı işinin təbliği və nəşrə başlamasının 90 illik yubileyi münasibətilə “Təbib” qəzetini təltif etdiyi diplom təqdim olunub.

 

Medianın İnkişafı Agentliyinin şöbə müdiri, yazıçı-publisist Natiq Məmmədli bu gün Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin qəzetləri içərisində “Təbib” qəzetinin tamamilə fərqləndiyini diqqətə çatdırıb. Eyni zamanda, bu qəzetin Azərbaycan mediasında ən çox istinad olunan informasiya resurslarından biri olduğunu söyləyib: “Bilirsiniz ki, sağlamlıq, insan səhhəti ilə bağlı olan məsələlər daim diqqətdədir və bu çox ciddi bir kütləvi informasiyadır. Bu fədakar işlə məşğul olan həmkarlarımızı təbrik edirik”.

 

Tanınmış telejurnalist və publisist, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli öz çıxışında yazılı mətbuatın əhəmiyyətinə xüsusi diqqət ayırıb: “Qəzet ona görə mötəbərdir ki, onun yazdıqları qalıcıdır. İnternetdən mötəbər arxiv kimi istifadə edə bilmirik. Çünki bir düymə basılmaqla oradakı arxiv silinib gedə bilər. Amma qəzet həmişə qalır və dönə-dönə ona müraciət edirik. Qəzet həm də bu günümüzdür. Amerikalılar qəzetə tarixin saniyə əqrəbləri kimi baxır. Yəni bu gün nə baş verir, necə baş verir, hamısı qəzetin səhifələrindədir”.

 

Yazıçı və şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi Seyran Səxavətin emosional, fərqli çıxışı tədbir iştirakçılarında xüsusi bir ovqat yaradıb. Xəyalən 55 il əvvələ qayıdan yazıçı, gənc şairlərin tibb tələbələri ilə görüşündə iştirak etməsindən danışıb. Eyni zamanda bu yubiley tədbirinin Zəfər Günündən sonraya, gözəl bir vaxta təsadüf etdiyi üçün daha da ürəklə qeyd edildiyini vurğulayıb. Qəzetin 90 illik yubileyini təbrik edən, ATU-nun şəhid tələbə və məzunları haqda kitabla bağlı təsirli fikirlərini səsləndirən Seyran Səxavət, 55 il əvvəl Tibb İnstitutunun auditoriyasında söylədiyi şeirini bu günün gəncləri ilə bölüşüb. Şeir tədbir iştirakçılarının alqışları ilə qarşılanıb və yubiley tədbiri poetik bir ovqatda başa çatıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub