Pediatr: Qızılca yüksək kontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır
12.12.2023 12:41

İlk dəfə IX əsrdə həkim, kimyagər və filosof Əbu Bəkr əl-Razi tərəfindən ətraflı təsvir edilən qızılca bəşəriyyətə 2000 ildən artıqdır ki, məlumdur. Qızılcanın virus mənşəli xəstəlik olduğunu və bunun peyvəndlə qarşısı alına bilən, "idarə oluna bilən" xəstəliklər qrupuna daxil olduğunu bilirik. Odur ki, xəstəliyin spesifik müalicəsi olmasa belə, uşaqlarımızı infeksiyadan qorumaq üçün tövsiyə olunan intervalla peyvənd etdirmək mümkündür. Əks halda yoluxmuş şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər.

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB dövlətlərin Pediatrlar Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə deyib.

Hazırda qızılca infeksiyasının məktəb və bağça yaşlı uşaqlar arasında yayılması müşahidə edildiyini, xəstəlikdən ölüm hallarının da qeydə alındığını deyən pediatr bildirib ki, yetkin əhali arasında da yoluxma hallarına rastlanılır.

Həkim vurğulayıb ki, qızılca yüksək kontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır. Yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması hallarında pnevmoniya, otit, bağırsaq fəsadları, ensefalit, meningit, ağız və göz xoraları (görmə qabiliyyətinin itirilməsi) və digər xəstəliklərin baş verməsi riski yüksək ola bilər.

Təranə Tağı-zadə Prinston Universitetinin tədqiqatçısı Maykl J.Mina və həmkarlarının fikrilərini əsas gətirib: “Hazırda bir pediatr kimi məni başqa bir fakt narahat edir. Elm adamları qızılcanın immunitet sisteminə təsir etdiyini çoxdan bilirdilər, lakin son sübutlar göstərib ki, bu immun sistemi yumşaq bir şəkildə zəiflətmək deyil, tamamilə yenidən işə salmaq məsələsidir”.

Pediatr Rotterdam Erasmus Universitetinin professoru Rik L. de Svartdan sitat gətirib: “Qızılca xəstəliyinə tutulmuş uşaqlar əvvəllər mübarizə aparmağı öyrəndikləri patogenlər tərəfindən təhlükə altında olurlar. Hər bir infeksiyanın orqanizmə daxil olması xəstəliyin inkişaf riskini artırır. Bəlkə də toxunulmazlığı bərpa etmək üçün bütün xəstəlikləri yenidən keçirmək lazımdır”.

Təranə Tağı-zadə onu da nəzərə çatdırıb ki, BMT-nin Uşaq Fondunun (UNICEF) 2018-ci il hesabatında A vitamininin uşaq ölümlərini 12 faiz azalda biləcəyi qeyd edilib. Həkim bildirib ki, immun sistemin normal şəkildə fəaliyyət göstərməsi üçün vacib hesab edilən vitaminlərdən biri də A vitaminidir. Bu mənada A vitamini əlavəsi (VAS) proqramları uşaqlar üçün həyat yolu ola bilər.

Uşağın həyatının ilk beş ilində onun immunitetini dəstəkləmək, ishal və qızılca kimi təhlükəli xəstəliklərə qarşı müqavimətini artırmaq üçün 4-6 aylıq fasilə ilə ildə cəmi iki doza A vitamini qəbul etdirmək kifayətdir.

Elmi sübutlara əsaslanan protokola görə, A vitamini xüsusilə qızılca zamanı, iki dəfə 24 saat fasilə ilə həkim tərəfindən təyin olunarsa, bir sıra fəsadlardan qoruyur.

“UNICEF ekspertləri xüsusi olaraq vurğulayırlar ki, A vitamini əlavələrinin təsiri fərqli nəticə doğurur. Bu o deməkdir ki, əlavələr təsirli olsa da, bədəndə A vitamini ehtiyatı yaratmır və buna görə də hər bir uşağı balanslı və faydalı qida ilə təmin etmək üçün səylərinizi əsirgəməməlisiniz”, – deyə Təranə Tağı-zadə vurğulayıb.

Həkim əlavə edib ki, yaşından asılı olaraq uşaq adekvat qidalanmalıdır. Məsələn, 2 yaşınadək uşaqlar vaxtında verilən tamamlayıcı qidalarla birlikdə ana və ya donor südü alırlar.

Təranə Tağı-zadə A vitamini yüksək olan qidaları da sadalayıb: qaraciyər, ət, balıq, süd, yağ, xama, kəsmik, yumurta (xüsusilə sarısı), yerkökü, balqabaq, bolqar bibəri, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, paxlalılar, qırmızı kürü, ərik, manqo, şaftalı, üzüm və s.

Sonda pediatr belə yekunlaşdırıb ki, yeni viruslar dövründə valideynlərdən tələb olunan övladlarını vaxtında vaksinasiyadan keçirməkdir.

Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunmuş Qızılca, Parotit, Məxmərək (QPM) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər. Peyvədlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub