“Silikon özü-özlüyündə şiş yaratmır, lakin...” - Süd vəzi xərçəngi ilə bağlı VACİB məsləhətlər/MÜSAHİBƏ
25.10.2020 20:38

"Ana olmaq üçün 9 ay səbr edən qadın, 1 ay da artıq süd vermək üçün səbr edə bilər”.


Azərbaycanda qadınların 80%-i alt paltarını düzgün seçmir. Düzgün olmayan yuxu rejimi, hormonal dəyişikliklər, cinsi əlaqənin az olması da orqanizmi süd vəzi xərçəngi xəstəliyinə qarşı gücsüz edir.


Bunu Aztibb.az-a müsahibəsində mammoloq-radioloq Günel Qəmbərova deyib. Həmin müsahibəni təqdim edirik:


- Süd vəzi xərçəngi ən çox kimlərdə müşahidə edilir?


- Süd vəzi xərçəngi ən çox sinə müayinəsini gecikdirənlərdə, yaşlı qadınlarda, 1-ci dərəcəli qohumunda süd vəzi xərçəngi olanlarda rast gəlinir. Eyni zamanda daha əvvəl döşlərindən birində xərçəng olan birinin digər döşündə də bu xəstəliyin yaranma ehtimalı çoxdur.

 

Bundan başqa kiçik yaşdan menustrasiyası başlayanlar, gənc yaşda menopauza girənlər, övlad sahibi olmayan və uşaq əmizdirməyənlər də xərçəngin bu növünə tutula bilər.

 

Həmçinin içki, siqaret, köklük, sağlıqsız dieta da orqanizmdə xərçəngin yaranma şansını artırır.

 

Qeyd edim ki, Azərbaycanda 80% qadın alt paltarını düzgün seçmir. Yalnış yuxu rejimi, hormonal dəyişikliklər, cinsi əlaqənin az olması da orqanizmi bu xəstəliyə qarşı gücsüz edir.

 

- Süd vəzi xərçənginin yayılma sürəti necədir?

 

- Xəstəlik ilk mərhələdə çox yavaş inkişaf edir. Təxminən 7 ildə 1 santimetr böyüyür. Bu müddət ərzində müayinə, USM və ya mammoqrafiya ilə rahatlıqla bu xəstəlik müəyyənləşdirilə və müalicələrə başlanıla bilər. Lakin ciddiyə almadıqda birdən-birə çox sürətli yayıla bilir.

 

- Axardaxili papilloma nədir?


- Bu, süd vəzi axarında inkişaf edən xoşxassəli düyündür. Axardaxili papiloma zamanı süd vəzidən-gilədən sarı, qəhvəyi, qırmızı rəngdə ifrazat gələ bilər.


Diaqnoz 3 müayinə ilə qoyulur: USM, axarların duktoqrafiyası və gələn ifrazatdan yaxma götürülməsi.


Bütün bu müayinə üsulları kliniki, onkoloji ve mammoloji dəyərləndirmədən sonra, müalicə yalnız cərrahi yolla aparılır.


- Sinəböyütmə və ya kiçiltmə əməliyyatının qadın üçün fəsadları varmı?


- Sinəböyütmə və ya kiçiltmə əməliyyatı zamanı radioloji müayinələr hərtərəfli aparılmalıdır. Və əməliyyatdan öncəki USM, mammoqrafiya müayinələrinin nəticələri saxlanılmalıdır.


Hər bir qadına individual yanaşılmalıdır. Silikon özü-özlüyündə xərçəng yaratmır, lakin silikonlu süd vəzisində xərçəng yarana bilər. Bu zaman müayinələr zamanı gözümüzdən çox şey qaça bilər. Bu baxımdan əməliyyat öncəsi müayinə nəticələri mütəxəssislər tərəfindən dəyərləndirilməlidir. Qeyd edirik ki, silikon arxası nahiyyə yalnız (!) MRT müayinəsində görülür.

 

- Süd vəzi xərçənginə tutulmamağın yolları varmı?


- Süd vəzi xərçənginə heç bir zaman tutulmamaq üçün xüsusi bir yol yoxdur. Lakin bu xəstəliyin ölümlə nəticələnməməsinin tək bir yolu var: mütəmadi olaraq əlinizlə bədəninizə toxunub, şişliklərin olub-olmadığını yoxlamalı, həkiminizə güvənməli və ildə bir dəfə mammoqrafiya müayinəsindən keçməlisiniz.


- USM, mammoqrafiya və MRT raporunda “BiRads 0”, “BiRads 1”, “BiRads 2”, “BiRads 3”, “BiRads 4” və “BiRads 5” yazıları nə anlama gəlir?


- “BiRads 0” raporu bu hallarda qoyulur:


- çəkim zamanı şəkil istədiyimiz effekti vermədikdə;


- pasiyentin yaşı az olsa da USM görüntüsü çox pis olduqda, yaxud pasiyentin yaşı çox olduqda mammoqrafiya görünüşü qənaətbəxş olmadıqda;


- yanıq, hemangioma olduqda;

 

- travma almış süd vəzisi olduqda;


- yaşlı insanlarda mastit görüntüsü olduqda.

 

“BiRads 0” mütləq əlavə müayinələrin tələb edildiyini göstərir. Yəni, bəzən bir yox, iki, üç müayinə ilə diaqnoz qoyulursa, buna səbəb həmin bu “BiRads 0”dır.


“BiRads 1” ən çox sevdiyimiz USM, mammoqrafiya və ya MRT rəyidir. Əgər sizin müayinə raporunda “BiRads 1” yazılıbsa, bu o deməkdir ki, aparılan müayinədə heç bir ocaqlı dəyişiklik yoxdur, süd vəzi simmetrikdir, daxilində kalsinatlar yoxdur. Lakin ildə bir dəfə skrininq mammoqrafiya məsləhət görülür.


“BiRads 2” diaqnozu qoyulubsa, bu çox kiçik kistalar, fibroz atmalar ola bilər. Bu cür kista və fibrozlar qorxulu deyil. Bu zaman planlı müayinələrə davam edilməlidir. Yəni 6 aydan bir USM, ildə bir dəfə isə mammoqrafiya müayinəsindən keçilməlidir.


“BiRads 3” raporu daha çox 15 mm-dən böyük kistalar, fibroadenomalara, mastitlərə və s. qoyulur. Belə nəticə olduqda müayinə 3 və ya 6 aydan bir təkrarlanmalıdır. Bu, öncəki görüntünün stabilliyinin təyin edilməsi və ya yazılan müalicənin effektinin bilinməsi üçündür. Ola bilər ki, nəticə “BiRads 3” kimi yazılsa da, təkrar müayinədə nəticə “BiRads 4a” kimi qeyd edilə bilər. Bu isə daha ciddi bir nəticə deməkdir. Buna görə də, təkrar müayinəyə çağrıldıqda, mütləq vaxtında müraciət etmək lazımdır.


“BiRads 4” diaqnozu qoyulduqda isə, bu daha çox bədxassəli kütləyə şübhə deməkdir. Əgər “BiRads 4a” yazılıbsa bu bədxassəli törəməyə 10 faiz şübhə, BiRads 4b yazılıbsa 50 faiz şübhə, “BiRads 5” isə 50-95 faizə qədər şübhə deməkdir. Ümumilikdə “BiRads 4” raporu mütləq biopsiya tələb edir.


“BiRads 5” radioloqların süd vəzisində xərçəngin bütün klassik görünüşünü özündə əks etdirən görüntülər əldə etməsi anlamına gəlir. “BiRads 5” raporu 95 faiz bədxassəli kütlə görüntüsüdür və mütləq onkoloqun baxışı, biopsiya məsləhətdir.


- Övladına süd verməkdən imtina edən anaların süd vəzi xərçənginə daha çox yoluxma ehtimalının olduğunu vurğuladınız. Bunu necə izah edə bilərdiz?

 

- Ana olmaq bəşər qadınlarının ən ali hissidir və bu hissin ilk öhdəliyi var: övladınıza ana südünü vermək və vaxtı çatdığında ana südündən ayırmaq. Təəssüf ki, bizə “ana südünü kəsmək üçün hansı həbləri içə bilərik?”, - deyərək çoxsaylı müraciətlər olur. Hər dəfəsində dediyimiz budur: çalışın səbr edərək ana südünü kəsin. Bu həm sizə, həm də övladınızın əsəblərinə xeyirdir. Çalışın rasionda isti çay və şirniyyatı azaldın, gün ərzində kontrast duş qəbul edin. Tutaq ki, övladınız 10 ayındadır və gündə 6 dəfə ana südü yeyirsə, bunu iki həftə ərzində 4-5 dəfəyə, sonrakı iki həftə ərzində 2 dəfəyə qədər azaldın. Bu təbii ki sizdən səbr tələb edir. Südvermədən sonra döşünüzə kələm, kamfora yağı ilə bir saatlıq kompress qoya bilərsiniz. Sonra ilıq su ilə döşünüzü yuyun. Giləyə zelyonka, istiot vuraraq uşağınızı süddən ayırmayın... Əslində səbrli olsanız 7 həfətəyə qədər döşdən kəsilmə hər ikiniz üçün sağlamlıqla nəticələnəcək.

 

Sizə “dostinex” kimi dərmanlar təklif oluna bilər. Bu dərmanlar iki günə südünüzü qurudacaq. Lakin bunu tövsiyə etmirəm. Ana olmaq üçün 9 ay səbr edən qadın, 1 ay da artıq süd vermək üçün səbr edə bilər. Bədəninizi hormonal stresə salmayın, döşünüzü dəsmalla sıxmayın. Sadəcə bir ölçü kiçik büstqalter geyinə bilərsiniz. Unutmayın ki, gələcək sizin sağlamlığınızdan başlayır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq 
Gözlərə nur bəxş edən fədakar həkim