Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, İSİM-də keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
İSİM-in direktoru Səbinə Babazadə çıxış edərək, Mərkəzin keçdiyi zəngin və şərəfli inkişaf yolundan söz açıb. Bildirib ki, İSİM Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 7 sentyabr 2006-cı il tarixli 143 nömrəli Əmri ilə təsis olunub: “Mərkəzimiz fəaliyyət göstərdiyi bu 20 il ərzində respublikamızda ictimai səhiyyənin inkişafına, səhiyyə islahatlarının dəstəklənməsinə, əhalinin sağlamlığının qorunmasına və sağlam həyat tərzinin təşviqinə öz töhfəsini verib”.
O, İSİM-in bir qrup əməkdaşının səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq Əmrləri ilə təltif edildiyini və bu təltiflərin ictimai səhiyyə sahəsinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb.
Səhiyyə Nazirliyinin rəhbərliyinə göstərilən yüksək etimad və diqqətə görə dərin minnətdarlığını bildirən S.Babazadə bu illər ərzində fədakarlıqla çalışan kollektivin hər bir üzvünə təşəkkür edib, onlara yeni nailiyyətlər, möhkəm cansağlığı və tükənməz enerji arzulayıb.
İSİM-in İnsan resursları və hüquq şöbəsinin müdiri Aysel Qurbanlı peşəkar və qabaqcıl fəaliyyətinə görə Mərkəzin bir qrup əməkdaşının təltif olunması haqqında İSİM-in direktoru Səbinə Babazadə tərəfindən verilən Əmri diqqətə çatdırıb. Təltif olunanlara Fəxri Fərman və Təşəkkürnamələr, xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə çıxış edən Həmkarlar İttifaqı Komitəsinin sədri Zümrüd Kazımova kollektivi bu əlamətdar yubiley münasibətilə təbrik edərək, Mərkəzin əməkdaşlarına gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
İSİM-in əməkdaşı Nərmin Azadovanın aparıcılığı ilə keçirilən tədbirdə Mərkəzin 20 illik fəaliyyətini əks etdirən videomateriallar təqdim olunub.
Tədbir iştirakçıları həmçinin İSİM-in müxtəlif dövrlərdə fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

