Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız növbəti təbibimiz Cəfərov Telman Səftər oğludur.
O, 14 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1984-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1990-cı ildə institutu bitirdikdən sonra, 1990-1991-ci illərdə Tovuz Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.
T.Cəfərov 1991-2004-cü illərdə Tovuz rayonunun Dönük Qırıqlı kənd xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərib. 2004-cü ildən etibarən isə Alakol kəndində Kənd Həkim Məntəqəsinin müdiri və ailə həkimi kimi fəaliyyətini davam etdirir.
Onilliklər ərzində öz peşəsinə sədaqətlə xidmət edən Telman həkim neçə-neçə insanın sağlamlığının keşiyində dayanıb, kənd sakinlərinə tibbi yardım göstərib və öz səmimi münasibəti ilə insanların hörmət və rəğbətini qazanıb.
Həkimlik sadəcə bir peşə deyil – insan həyatına və sağlamlığına məsuliyyət, böyük səbir və fədakarlıq tələb edən müqəddəs bir missiyadır. Telman Səftər oğlu da uzun illərdir bu missiyanı layiqincə yerinə yetirir.

