Evdə həkim nəzarəti olmadan qəbul edilən dərman preparatları koronavirusun klinik gedişatını dəyişdirə bilər
24.10.2020 14:58

Son yoluxan xəstələrin yaş qruplarına görə bölgü aparmış olsaq, görəcəyik ki, 20-40 yaş aralığında olan vətəndaşlar arasında yoluxma halları artıb. Yaşlılarda isə yoluxma halları öz tendensiyasını qoruyur. Kliniki müşahidələrə görə, daha gənc yaşlarda olan vətəndaşlarda yoluxma ilə yanaşı, xəstəliyi ağır keçirmə faizində artım müşahidə olunur. Uşaqlar arasında yoluxma hallarında dəyişiklik hiss olunmur. Yəni 18 yaşadək uşaqlarda virusa yoluxma əvvəlki dinamika ilə eynidir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

 

“Hazırda vətəndaşlar evdə özbaşına müalicə hallarını kütləviləşdirməyə başlayıblar. Bu, qətiyyən yolverilməzdir. Ağızdan və ya damar yolu ilə qəbul edilən dərman vasitəsi kimyəvi preparatdır. Bunun yan təsirləri var və fəsadları ölümə qədər gətirib çıxara bilər. Ona görə də həkim müayinə və müalicəsi olmadan kimsədən eşidilən müalicə tətbiq olunmalıdır. Evdə müalicə fəsad verməsə də xəstəliyin klinik gedişatı və şəklini dəyişir. Bu, bizim üçün xəstəliyin müalicəsində ciddi problemlər yaratmış olur. Xəstə xəstəxanaya yerləşdirilməzdən öncə bir sıra dərman vasitəsindən sınaq məqsədilə istifadə edir. Bu da klinik gedişatı həm gizlədə, həm də dəyişdirə bilir. Nəticədə xəstəliyin diaqnozu və gedişatı ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan, özbaşına dərmanlardan istifadə, genişspektrli və damardaxili antibakterial preparatların, immunmodulyatorların, digər mənşəyi məlum olmayan dərman vasitələrin istifadəsi ilə ağırlaşmış xəstələr var. Bu, bizim üçün ciddi kliniki problemlər yaratmağa davam edir. Ona görə də bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Dərman vasitəsi həkim tərəfindən uyğun dozada yazıldığı zaman faydalı ola bilər. Əks təqdirdə zərərdən başqa bir şey deyil.

 

Digər respirator virusların koronavirusla klinik əlamətləri bir birinə çox yaxındır. COVID-19-un klinik əlamətlərində qlobal dəyişiklik yoxdur. Adətən qızdırma, halsızlıq, quru öskürək, boğulma, dadbilmə, iyibilmənin itirilməsi kimi əlamətlər müşahidə olunur ki, bunlar digər respirator xəstəliklərdə də görülə bilər. Xəstə özündə respirator əlamətlər hiss edirsə, bunun COVID olub-olmamasını özbaşına müəyyən etməməlidir. Bu zaman həkimə müraciət etmək tövsiyə olunur. Çünki bunu yalnız mütəxəssis ayırd edə bilər”, - deyə F.Sədiyev bildirib.

 

Mütəxəssisin sözlərinə görə, koronavirus təkcə ağciyərin xəstəliyi deyil, multisistemik bir xəstəlikdir. Daha çox fəsadını ağciyərdə göstərdiyi üçün ağciyər sətəlcəmi, pnevmoniya kimi qələmə verilir. Ən böyük fəsadlarından biri insan vücudundakı bütün damarları, qaraciyər, böyrək kimi əsas orqanlara, hətta beyinə təsir edə bilməsidir. COVID-19-dan sağalan xəstələrdə post-COVID sindromlar əmələ gəlir. Sinir-hissiyyat keçiriciliyində pozulma, davranış pozulması kimi əlamətlər qeydə alınır. Yəni, COVID təkcə ağciyərin xəstəliyi deyil, sağalsa belə, fəsadlaşma ehtimalı yüksək olan bir xəstəlikdir. Yenidən yoluxma üzərində dünyada intensiv tədqiqatlar aparılır. Çox az sayda təkrar yoluxma faktları var. Təkrar yoluxma halları gözləniləndir və get-gedə artmaqdadır. Bu, onu göstərir ki, COVID-19-u keçirən və sağalan şəxslərin hamısının qanında antitellər əmələ gəlmir. Bu da xəstəliyə təkrar yoluxmaya imkan verir. Yəni, qanımızda antitellər yaranmayıbsa, iki-üç aydan sonra təkrar yoluxmamıza əngəl yoxdur deməkdir.

 

Həkim-infeksionist bildirib ki, dünyada kimlərin testdən keçməsi, hansı müddət aralığında test aparılması proseduru tez-tez dəyişikliyə uğrayır. PSR testi virusun genetik materialını göstərir. Yəni, onunla virusun parçacıqlarının bədəndə olub-olmaması müəyyənləşdirilir. PSR testinin həssaslığı 98 faizdir. Testin alınma şəkli və xəstəliyin mərhələsi PSR testin mərhələsini dəyişdirə bilər. Ortalama nəticəyə görə, dünyada aparılan testlərin 2/3-si pozitivdir. Yəni, testlər hər 100 nəfərdən 66-nı müsbət, qalanını mənfi göstərə bilər. Bu da testin alınma şəkli, xəstədəki virus yükünün miqdarı və xəstəliyin mərhələsi ilə bağlıdır. Assimptomatik, heç bir şikayət, simptom olmayan xəstədə PSR testinin müsbət çıxma ehtimalı çox azdır. Çünki qanda virusun çoxalması, miqdarca artması lazımdır ki, PSR testi müsbət çıxsın. Bu zaman da istər-istəməz klinik əlamətlər ortaya çıxmağa başlayır. Simptomların üzə çıxmasından iki gün əvvələ kimi test nəticəsi əsasən mənfidir. İki gün sonra simptomları çıxan xəstədə PSR testi pozitiv ola bilər. Bu gün hər hansı bir şikayəti olmayan xəstədə PSR testinin nəticəsi müsbət ola, lakin iki gün sonra simptomlar üzə çıxa bilər.

 

Onun sözlərinə görə, son zamanlar aparılan müşahidələr göstərir ki, xəstələrdə ikincili bakterial infeksiya faizləri də artıb. Bu, həm virusun ağciyəri daha ciddi zədələməsi ilə ortaya çıxa, həm də xəstələrin evdə nəzarətsiz antibiotik və digər dərman vasitələrinin istifadəsi zamanı yarana bilər. Bu, klinik gedişatı ya gizlədə, ya da dəyişdirə bilər. Nəzarətsiz antibiotik istifadəsi daha davamlı bakterial infeksiyaların yaranması riskini artırır. Nəzarətsiz dərman qəbulu deyərkən buna bioloji aktiv əlavələr, vitaminlər, bitki mənşəli preparatlar daxildir. Koronavirusun profilaktikası yoxdur. Profilaktikada təsdiqlənmiş bir dərman mövcud deyil. Lakin biz özümüzü qoruya bilərik. Mexaniki qorunma vasitələri – sosial məsafə saxlamaq, maska, əl gigiyenası, fizioloji müdafiə – yaxşı bəslənmə, idmanla məşğul olmaq, gecə ən azı 8 saat yuxu yatmaq virusa yoluxma riskini azaldır.

 

“Bütün vətəndaşlar üçün edilən tövsiyələr hamilələrə də aiddir. Xoşbəxtlikdən onlar arasında yoluxma azdır. Bu reseptor sayının və hormonal statusun dəyişməsi ilə bağlıdır. Bununla əlaqəli tədqiqatlar davam edir. Hamilə qadınlarda yoluxma faizi çox aşağıdır. Bu günə qədər ağırlaşıb vəfat edən bir hamilə qadın, o cümlədən uşaq yoxdur. Bütün qorunma vasitələri hər kəs üçün keçərlidir. Əsasən 16 yaşadək uşaqlar xəstəliyi yüngül keçirirlər, lakin onlar daşıyıcı ola bilərlər. Xəstəliyi yüngül keçirmək COVID-19-a yoluxmamaq anlamına gəlmir. Onlar virusa yoluxurlar, lakin xəstəlik əlamətləri bariz şəkildə ortaya çıxmır. Çünki immun sistemi virusun çoxalmasına və əlamətlərin ortaya çıxmasına mane olur.

 

Xəstəliyə yoluxma ilə ölüm arasındakı nisbət dəyişməyib. Yoluxanların 1.5-2 faizi həyatını itirməkdədir. Gənclər arasında xəstələnmə və xəstəliyi ağır keçirmə halları artsa da, ölüm faizlərində dəyişiklik yoxdur”, - deyə F.Sədirov bildirib.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!