""Bir kəmər, bir yol" Zəngəzur dəhlizindən keçə bilər" - Akademik Əhliman Əmiraslanov
06.05.2023 08:47

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı danışdı, ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı və beynəlxalq dairələrə qətiyyətli mesajlar verdi.

 

Dövlətimizin başçısı xüsusilə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə toxundu, rəsmi Bakının prinsipial mövqeyini lazımi ünvanlara çatdırdı. Prezident qeyd etdi ki, “Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.” Dövlətimizin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yalnız öz hasilatını ixrac etməklə kifayətlənmədiyini, Azərbaycanın digər ölkələrin, o cümlədən Qazaxıstanın enerji məhsullarının ixracı üçün hazır olmasını diqqətə çatdırdı. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var.

 

Ölkə prezidentinin qeyd etdiyi kimi, “Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar.” Bütün bunlar onu deməyə əsas verir ki, cənab president İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində ardıcıl və mütərəqqi siyasət həyata keçirir. Keçirilən beynəlxalq konfransın səviyyəsi, o cümlədən regiona beynəlxalq ictimaiyyətin yüksək diqqəti və artan marağı buna əyani sübutdur. Azərbaycan dövlət başçımızın vurğuladığı kimi, əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçdi, yəni, sözə deyil, əmələ önəm verdi və uğur qazanmağı, qalib gəlməyi bacardı.

 

Milli Məcisin Səhiyyə komitəsinin sədri  akademik Əhliman Əmiraslanov

Səadət Məmmədova
Müəllifin digər yazıları