75 illik şərəfli ömür haqqında bir neçə söz...
16.11.2022 21:46

Ulu Tanrı ali olaraq hamını bərabər yaratsa da, həyat sonradan insanı fərqli imkan və bacarıqla ərsəyə gətirir. Şübhəsiz, elmli adamlar daha üstün qabiliyyətə yiyələnirlər və gərəklikləri ilə toplumda xüsusi seçilirlər.

 

9 əsr əvvəl bu həqiqətə bədii möhürünü vurmuş söz nəhəngi Nizami tam haqlı idi: “Hamıdan ucadır alimin yeri!”.


Daha yaxın çağın mütəffəkiri Abbasqulu ağa Bakıxanovun qənaəti belə ki, insanlar surət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da bir-birindən fərqlənirlər. Məhz bu baxımdan böyük mütərəqqi ziyalılarımızdan olan, akademik Əhliman Əmiraslanov da ölkəmizdə şəfalı onkoloq-cərrah, yenilikçi tibb alimi, öz məktəbini yaradan pedaqoq, bacarıqlı səhiyyə təşkilatçısı, fəal ictimai xadim, yüksək əxlaqlı insan kimi cəmiyyətdə layiqli nüfuz qazanan, xüsusi seçilən soydaşlarımızdan biridir.


Tələbə və yetirmələrinin nəvazişlə “Bizim Əhliman müəllim” deyə sevib-öyündükləri bu tibb alimi elmi, sənəti, geniş fəaliyyəti ilə ölkəmizdə və ondan kənarda da çox sayda insan üçün əziz və dəyərlidir. O bizim olduğu qədər də yaxın-uzaqlarda onu tanıyıb-dəyərləndirən insanların Əhliman müəllimidir.

 

Gənc yaşlarından başlayaraq tibb elminə, dünya onkologiyasına verdiyi töhfələr bu dərin idraklı və insan sevgili cərrah-alimi beynəlxalq aləmdə tanıdıb-məşhurlaşdırdığı qədər də onu yetirən Azəbaycan xalqına başucalığı gətirib, ölkəmizi məşhurlaşdırıb. Dərin savadı, xüsusi istedadı və təsirli müalicə üsulları ilə dünya tibb elminə yeniliklər gətirmiş Əhliman müəllim onu şöhrətə çatdırmış fəaliyyətini xarici ölkələrin nüfuzlu tibb mərkəzlərində də davam etdirə, daha uca məqamlara yüksələ bilərdi. Lakin milli kimliyinə yüksək önəm verən soydaşımız öz bilik və bacarığını doğma ölkəsinə sərf etməyi həyatının ali mənası olaraq qəbul edib.

 

Ötən illərdə bu müdrik insan, yetkin təbib saysız-hesabsız insanın, bir çox halda çarəsiz xəstələrin son ümid yeri, şəfqət qapısı olub. İnsanlığın xilaskarına çevrilən Əhliman müəllim əhatəli savadı, zəngin təcrübəsi ilə insanların sağlamlığı keşiyində dayanmaqla yanaşı, Azərbaycanda onkologiya məktəbinin inkişafına, bu sahədə yeni nəsil kadrlar hazırlanmasına samballı xidmət göstərib. Görkəmli onkoloq-alimin rəhbərliyi altında xeyli elmlər namizədi və doktoru da yetişmişdir.

 

Akademik Əhliman müəllimin elmi əsərləri, monoqrafiyaları, dərs vəsaitləri, metodik elmi-kütləvi məqalələri bu sahənin həkimlərinin ixtisas xəzinəsidir. Əhliman müəllim canlı onkologiya məktəbidir, milli səhiyyəmizin ustad müəllimidir. Müəllim, ziyalı olaraq Əhliman Əmiraslanovun ictimai-siyasi fəaliyyəti də insanlar üçün gərəkli, yeni nəsillərə örnəkdir. Milli Məclisin Səhiyyə Komitəsinin sədri kimi də Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsinin ümumi inkişafı yolunda səmərəli fəaliyyətini uğurla davam etdirir. Bütün bunlara görə soydaşımızın adı cəmiyyətdə xüsusi hörmət və ehtiramla çəkilir.

 

Təqvimimizin 17 noyabr günü ölkəmizin tibb ictimaiyyəti üçün əlamətdar bir tarixdir. Məhz bu gözəl payız günündə Azərbaycan tibb elminin şöhrətli yetirməsi – Əhliman Əmiraslanov anadan olub. O xəzanlı bir payız günündə doğulsa da, çiçəkli bir bahar ömrü yaşayıb, barlı bir həyat yolu keçib.

 

Nə gözəl ki, Əhliman müəllimlə bir cəmiyyətdə yaşayıb-çalışırıq və istərdik ki, bu ünsiyyət, təmaslarımız davamlı, məhsuldar olsun.

 

75-ci doğum gününüz mübarək, əziz müəllimimiz. Ömrünüz uzun, həyatınız daha mənalı olsun, ustad ziyalımız!

 

Rəşad Mahmudov, tibb elmləri doktoru

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar