Tibb Universitetində keçirilən Bilik Günündə şəhidlərimizin xatirəsi yad edilib
15.09.2022 16:29

Bu il ATU-da Bilik Gününə həsr olunmuş toplantı düşmənin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təmtəraqsız keçirildi.

 

ATU-dan Aztibb.az-a daxil olan məlumata görə, Dövlət Himnimizin səslənməsi ilə başlanan toplantını universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açdı. Bu günlərdə erməni təxribatı nəticəsində xeyli sayda şəhidlər verdiyimizi təəssüflə bildirən prorektor qeyd etdi ki, I və II Qarabağ müharibələrində minlərlə şəhidlərimiz olub. Onlardan 3 nəfəri Milli Qəhrəman olmaqla 30 nəfəri Azərbaycan Tibb Universitetinin məzunlarıdır.

 

Çıxışının davamında şəhidlərimizin qisasının alındığını, ermənilərin cinayətkar əməllərinin cavabsız qalmadığını vurğulayan prorektor, 30 illik işğaldan sonrakı şanlı qələbəmizdən qürurla söhbət açdı: “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev ağlının, elminin, biliyinin gücünə, planlaşdırdığı müdrik strategiya və taktikanın dəqiqliyinə, elmi biliklərlə cilalanmış “Dəmir Yumruğun” qüdrətinə arxalanaraq, müzəffər ordumuz cəmi 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etdi. Biz bunu unutmamalı, bu günlərdə daha da mətin olmalı və dövlətçiliyimizin ətrafında sıx birləşməliyik”. 

 

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra professor S.Əliyev yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini, tələbələri, xüsusən də qəbul imtahanlarını müvəffəqiyyətlə verib, ATU-ya qəbul olunan I kurs tələbələrini, onların valideynlərini təbrik etdi. Xatırlatdı ki, ölkə başçısının 21 avqust 2004-cü il tarixli Fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, həmin gün “Bilik Günü” elan olunmuşdur.

 

O, tarixə ekskursiya edərək 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə müstəqil Azərbaycanda tibb elmi və tibb təhsilinin inkişafının bünövrəsinin qoyulduğunu diqqətə çatdırdı: “Çar Rusiyasının qadağalarından qurtulmuş Azərbaycanda 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universiteti və onun tərkibində Tibb fakültəsi, 11 il sonra - 1930-cu il mayın 9-da isə həmin fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. 1991-ci il fevralın 4-də bu ali tibb təhsili ocağı Azərbaycan Tibb Universiteti adlandırılıb. Ulu öndərin sərəncamı ilə universitetimizdə Hərbi tibb fakültəsinin yaradıldığını xüsusilə qeyd etmək istərdim. Bu tədris ilində bu fakültəyə 109 tələbə qəbul olunub. Onlardan 5-i Türkiyənin Gülhanə Akademiyasına göndərilib. Qalanları gələcəkdə Müdafiə Nazirliyinin strukturunda, Ədliyyə Nazirliyi və Sərhəd Qoşunlarında hərbi həkim kimi çalışmaq üçün təhsillərini universitetimizdə davam etdirəcəklər”.

 

Son illər universitetimizin beynəlxalq əlaqələrindən, əldə etdiyi uğurlardan da danışan S.Əliyev qeyd etdi ki, bunun ən bariz nümunəsi beynəlxalq akkreditasiya sertifikatını qazanmağımızdır: “Bu, tələbələrimizə gələcəkdə çox böyük imkanlar yaradır. Onlar xarici ölkələrdə imtahan verib işləmək hüququ əldə edirlər”.

 

Prorektor Azərbaycan Tibb Universitetinə qəbul olunan tələbələrin həmişə yüksək bal topladığını söylədi: “Ölkəmizdə 350-400 tələbə hər zaman 600-dən çox bal toplayaraq bizim universiteti seçir. Digər elə bir ali məktəb yoxdur. Universitetimiz Prezident təqaüdçülərinin sayına görə də həmişə birincidir. Bütün bunlar xalq arasında, ictimai rəydə reytinqimizin yüksək olmasının göstəricisidir”.

 

Müasir dövrümüzün texnologiyalar dövrü olduğunu xatırladan S.Əliyev bildirdi ki, indi gənclərdən yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə əldə edilir. Buna nail olmaq üçün isə ilk növbədə əlverişli şərait lazımdır: “Müstəqil ölkəmizin gəncləri üçün belə şəraiti yaradan cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olmalıyıq. Məhz onların diqqət və qayğısı sayəsində bütün ölkə miqyasında olduğu kimi, Azərbaycan Tibb Universitetində də tələbə-gənclərin elmi biliklərə tam yiyələnmələri üçün hər cür şərait yaradılıb. Təkcə onu demək kifayətdir ki, son illərdə dövlətimizin başçısı və Birinci vitse-prezidentin qayğısı sayəsində Azərbaycan Tibb Universitetində dörd möhtəşəm klinika fəaliyyət göstərir”.

 

İnternet əsrində yaşadığımızı, tələbələrimizin geniş şəkildə informasiya almaq imkanına malik olduğunu vurğulayan prorektor, xüsusilə I kursda dərs deyən müəllimləri tədrisin bütün qaydalarına əməl etməyə çağırdı. Eyni zamanda tələbələrimizin I kursdan təlim, tədris prosesi ilə yanaşı, elmi işlərə də cəlb olunmasının vacibliyini diqqətə çatdırdı.

 

Universitetimizdə gənclərin yaxşı oxuması üçün hər cür şəraitin yaradıldığını deyən prorektor, çıxışının sonunda çoxminli kollektivimizi yeni tədris ilinin başlanması münasibətilə bir daha universitetin rəhbərliyi, şəxsən rektor, professor Gəray Gəraybəylinin adından təbrik edərək, hər kəsə müvəffəqiyyətlər arzuladı.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!