"Pandemiya vərəmlə mübarizə tədbirlərinə ciddi mənfi göstərib" - Dosent Rafiq Bayramov
24.03.2022 13:00

"Son illər dünyada dərmanlara dözümlü vərəmə yoluxma və xəstələnmə hallarının ilbəil artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də bu istiqamətdə mübarizə tədbirlərinin gücləndirilməsi lazımdır”.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov deyib.

 

O qeyd edib ki, 24 mart Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. Çünki, 1882-ci il martın 24-də Robert Kox vərəmin törədicisi olan mikobakteriyaları kəşf etdiyini bəyan etmişdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, vərəm hazırda da dünyada ölümə səbəb olan əsas infeksion xəstəliklərdən biridir. Belə ki, hazırda hər gün dünyada təxminən 28 min nəfər vərəmlə xəstələnir və 4100 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Koronavirus pandemiyası vərəmlə mübarizə tədbirlərinə də ciddi mənfi təsir göstərmişdir Son on ildə ilk dəfə olaraq vərəm xəstəliyindən ölənlərin sayı koronavirus pandemiyası başlayandan sonra artmışdır. Belə ki, əvvəlki illərdə hər il  vərəmdən ölənlərin sayı 1,4 milyonu ötmədiyi halda, 2020-ci ildə bu göstərici 1,5 milyon olmuşdur. Vərəm də son illər dünyada ciddi gərginliyə səbəb olan COVID-19 infeksiyası kimi əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur.

 

Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Həmin xəstələrin öskürməsi və asqırması nəticəsində, yəni hava-damcı yolu və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa, vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca amil deyil. Çünki vərəm çöpləri yoluxduğu orqanizmdə latent, yəni “yatmış” formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zaman aktiv formaya keçərək xəstəlik törədə bilir. Son illər dünyada dərmanlara dözümlü vərəmə yoluxma və xəstələnmə hallarının ilbəil artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də bu istiqamətdə mübarizə tədbirlərinin gücləndirilməsi lazımdır.

 

Mütəxəssisin sözlərinə görə, hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Əbəs yerə deyilməyib ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz "vizit kartı"nı heç kəsə göndərmir. Doğrudur, vərəmlə xəstələnməyə görə risk qruplarına adi edilənlər, yəni, şəkərli diabeti olan, hormonal preparatlar qəbul edən, qidalanması, yaşayış şəraiti yaxşı olmayan və s. şəxslər bu xəstəliyə daha çox tutulurlar. Ona görə də həmin qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Lakin hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən amillərdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.  Vərəmin lokalizasiyasından asılı olmayaraq həmin xəstəlik üçün xas olan simptomlar:  axşamlar zəif subfebril hərarətin - 37,2-37,4° C olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, arıqlama, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir.

 

Vərəm xəstəliyinə ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlinsə də, orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür. Ən çox  ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında daha çox müşahidə edilən əlamətlər 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Qeyd edilən  əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını təsdiq etmir. Ancaq sadalanan simptomlar vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhət görülür. Çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa nəticəsi bir o qədər daha effektli olar. Unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir