Bu xəstəlik faringit, laringit, dişlərin düşməsi və hətta əng sümüyünün irinli iltihabına səbəb olur
05.12.2021 08:34
Orqanizmdə gedən iltihabi problemlərdən biri də haymoritdir. Haymor cibləri əng sümüyünün boşluqlarıdır. Həmin ciblər göz yuvası, burun və ağız boşluqları arasında yerləşir və burun boşluğu ilə sağ və sol keçəcəklər vasitəsilə birləşir.
 
Aztibb.az haymorit və fəsadları haqqında yazını təqdim edir.
 
Haymor cibinə burundan və ya qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır.
 
Haymor cibində toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin müxtəlif ağır fəsadlaşmalarına səbəb olur.
 
Unutmamalıyıq ki, haymor cibləri baş beyin və gözlərlə bilavasitə qonşuluqda yerləşir. Buna görə də infeksiyanın yayılması nəticəsində meningit (beyin qişalarının iltihabı) və meningoensefalit (həm qişa, həm beyin toxumasının iltihabı) kimi təhlükəli halların baş verməsi istisna olunmur.
 
Haymoritin daha çox rast gəlinən fəsadlaşması isə gözün iltihabıdır. Bu hal özünü göz qapağının şişməsi və qızarması, gözün ağrıması, bəzən bərəlməsi ilə büruzə verir.
 
Xroniki haymoritin fəsadlaşmalarından tez-tez baş verən faringit, tonzillit, laringit (müvafiq olaraq, udlaq, badamcıqlar və qırtlaq iltihabı), dişlərin düşməsi və hətta əng sümüyünün osteomiyelitini (sümüklərin irinli iltihabını) qeyd etmək olar.
 
Haymoritin əlamətlərindən olan xroniki zökəm burunun selikli qişasının atrofiyasına səbəb olur və nəticədə iybilmə qabiliyyəti zəifləyir və ya tamam itir. Kəskin haymorit üçlü sinirin nevritinə (iltihabına) və buna xas olan şiddətli sifət ağrılarına səbəb ola bilər.
 
Kəskin və xroniki haymoritin əlamətləri fərqlidir. Kəskin haymorit həm müstəqil bir patologiya, həm də digər xəstəliklərin (zökəm, angina, qrip və s.) fəsadlaşması ola bilər. Xəstəliyin kəskin forması zamanı bədənin temperaturu artır, üşütmə, almacıq sümüyü, burun, alın və ya gözaltı nahiyədə ağrı, burun tənəffüsünün çətinləşməsi qeyd edilir.
 
Ağrılı yerlərə basma və hətta toxunma zamanı ağrı arta bilər. Bəzən ağrı gicgah nahiyəsinə dək yayılır və ya üzün yarısını əhatə edir. Haymoritin daha bir simptomu baş ağrısıdır — haymorit birtərəfli olarsa, baş ağrısı da müvafiq olaraq bir tərəfli olur. Burundan yaşıl və ya sarı seliyin gəlməsi də haymoritin əlamətlərindəndir.
 
Haymor cibində inkişaf edən mikrobların toksinləri organizmdə intoksikasiya (zəhərlənmə) əlamətlərini əmələ gətirir – xəstə halsızlaşır.
 
Haymoritin əsas səbəbi virus və bakteriya mənşəli xəstəliklərdir. Törədicilər arasında qrip virusları, xlamidiya, mikoplazma və göbələkləri də qeyd edə bilərik.
 
 
 
Kəskin və ya xroniki zökəm nəticəsində haymor cibinin keçəcəyinin iltihablaşaraq daralması, seliyin xaric olmasına maneə yaranması və haymoritin inkişafı mümkündür. Angina və farinqit də bu xəstəliyə səbəb ola bilər — boğaz, ağız və burun boşluqları biri birinə sıx bağlı olan orqanlardır. Bütün bu xəstəlikləri diqqətdən qaçırmayıb, ciddi müalicə olunmaq lazımdır!
 
Burun çəpərinin patoloji əyriliyi nəticəsində həm seliyin ifraz olunması, həm də haymor cibinə havanın keçməsi çətinləşir. Bu səbəbə görə əmələ gələn haymorit illərlə davam edir və çətinliklə müalicə olunur. Çıxış yolu isə haymoritin müalicəsi ilə yanaşı əsas səbəbin də aradan qaldırılmasıdır.
 
Haymorit diş xəstəliklərinə (kariyes, pulpit, periodontit) səbəb olur. Buradan infeksiyanın haymor cibinə yayılma ehtimalı yüksəkdir. Xüsusən yuxarı dişlərin xəstəlikləri təhlükəlidir – bunların kökləri bəzən hətta haymor cibinə çatır.
 
Müxtəlif allergenlər (toz, qida maddələri, ev heyvanları və s.) də bu xəstəliyə səbəb olur. Haymoritin bu forması xüsusilə allergiyalı insanlar üçün aktualdır.
 
Adenoid səbəbi ilə haymoritin inkişafına daha çox uşaqlarda rast gəlinir. Adenoid həm xəstəlik törədən mikrob mənbəyi, həm də burun daxilində havanın normal dövr etməsinə maneədir. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib