Uşaq cərrahından xəbərdarlıq: Kriptorxizm vaxtında aşkarlanmasa, sonsuzluq riski artır
02.05.2026 12:32
ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, professor Ramiz Poluxov anadangəlmə inkişaf qüsurlarından biri olan kriptorxizm barədə Aztibb.az-a məlumat verib.
 
Professorun sözlərinə görə, kriptorxizm xayanın xayalığa (skrotuma) enməməsi ilə xarakterizə olunan anadangəlmə patologiyadır. Normal halda dölün bətindaxili inkişafı zamanı xaya böyrəyin aşağı qütbündən başlayaraq qasıq kanalından keçib xayalığa enir. Bu proses yolunda dayanarsa kriptorxizm, yoldan kənar yerləşərsə isə ektopiya adlanır.
 
Həkim bildirib ki, təqdim olunan klinik halda xəstədə kriptorxizmin qasıq forması müşahidə edilib: “Bu patologiya ideal olaraq uşağın 1 yaşına qədər aşkarlanmalı və cərrahi müdaxilə olunmalıdır. Lakin bəzi hallarda, o cümlədən bu xəstədə olduğu kimi, problem vaxtında müəyyən edilmir. Müalicə taktikasına gəldikdə isə, xayanın yerləşməsindən asılı olaraq fərqli cərrahi yanaşmalar tətbiq edilir. Əgər xaya qarın boşluğunda yerləşirsə, laparoskopik əməliyyat aparılır. Qasıq kanalında və ya ondan kənarda yerləşdikdə isə açıq cərrahi müdaxilə üstünlük təşkil edir. Bu konkret halda xaya qasıq kanalında yerləşdiyindən açıq əməliyyat icra etmişik”.
 
R.Poluxov vurğulayıb ki, vaxtında əməliyyat olunmayan hallarda xayanın atrofiyası və gələcəkdə sonsuzluq riski artır. Qarın boşluğunda qalan xayalarda isə şişə çevrilmə ehtimalı mövcuddur. Bundan əlavə, xayanın normal fəaliyyəti üçün onun bədən temperaturundan təxminən 1°C aşağı mühitdə yerləşməsi vacibdir. Yüksək temperatur isə sperma hüceyrələrinə mənfi təsir göstərərək əlavə fəsadlara səbəb ola bilər. Bu baxımdan, inkişaf etməmiş xaya qarın boşluğunda yerləşirsə, onun çıxarılması tövsiyə olunur. İnkişaf etmiş xaya isə vaxtında xayalığa endirilməlidir.
Ramiz Poluxov son illərdə anadangəlmə inkişaf qüsurlarının artdığını da qeyd edib. Onun sözlərinə görə, bu qüsurlar arasında ən çox rast gəlinənlər qasıq yırtıqları, daha sonra isə kriptorxizm və digər əlaqəli patologiyalardır. Bu tip qüsurların yaranma səbəbləri müxtəlifdir və konkret bir səbəb göstərmək çətindir. Genetik faktorlar, hormonal pozğunluqlar və hamiləlik dövründə təsir edən xarici amillər bu prosesdə rol oynaya bilər.
 
Əməliyyatdan sonrakı dövrə də toxunan professor qeyd edib ki, uşağın bərpa və nəzarət prosesi yetkinlik yaşına qədər davam etməlidir. Əməliyyatdan təxminən 2 ay sonra kontrol müayinəsi aparılır, zərurət olduqda konservativ müalicə təyin edilir və ehtiyac yaranarsa uşaq endokrinoloqa yönləndirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır