Şəhid həkim Cəmil Səlimovdan bəhs edən kitabın təqdimatı keçirilib - Fotolar
07.11.2021 11:40

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə “Yarımçıq qalmış ömür” kitabının təqdimatı keçirilib.

 

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin (RHİM İB) qərargahında keçirilən tədbirin aparıcısı - MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Zəfər Günü ərəfəsində təqdimatı keçirilən "Yarımçıq qalmış ömür" kitabının Vətən müharibəsinin şəhidi, hərbi həkim, "Azərbaycan Bayrağı" ordenli gizir Cəmil Səlimovun həyat və döyüş yolundan bəhs etdiyini bildirib.

 

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar başlayıb.

 

Kitabın müəllifi Dürdanə Ağayeva, kitabın “Ön söz” müəllifi - RHİM İB sədri Arzu Bağırova nəşrin məğzi, şəhid həkimin ömür yolu haqqında ürək sözlərini bölüşüb.

 

MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü ərəfəsində Mədəniyyət komitəsinin xətti ilə keçirilən silsilə tədbirlərdən söz açıb, hərbi həkim, şəhid gizir Cəmil Səlimov və ona həsr olunmuş kitab barədə danışıb:

 

“Biz Zəfər Günümüzün müəlliflərinə, şəhidlərimizə, onların ailələrinə öz dərin ehtiramımızı bildirir, canını Vətən uğrunda qurban vermiş qəhrəmanlarımızın ruhu qarşında baş əyirik. Müzəffər Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın mükəmməl rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Belə bir əziz bayram, əziz gün ərəfəsində Cəmil Səlimov kimi igid hərbçimizin ailə üzvlərinin iştirakı ilə onun haqqında kitabı təqdim etmək vəfa borcumuzun ifadəsidir. Burada millət vəkillərimiz, qardaş Türkiyəmizin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri, respublikamızın dəyərli QHT rəhbərləri, gənclərimiz iştirak edir. Əlbəttə, pandemiya məhdudiyyətlərinə görə bura daha çox iştirakçı çağırmamışıq, ancaq bilirik ki, kimi çağırsaq, dəvətimizi qəbul edərdi. Cəmil Səlimov öz həyatını şüurlu surətdə hərb sahəsinə - hərbi həkimliyə bağlamışdı; o və onun kimi oğullar Vətən uğrunda, tarixi ədalətin bərpası uğrunda hər şeyə hazır idilər və bunu şəhadət şərbəti içməklə sübut etdilər. Dürdanə xanım özü Xocalı Soyqırımının şahididir, "Erməni zindanında səkkiz gün" kitabının müəllifidir, müharibənin ağrı-acıları ona yaxından tanışdır və o, bu kitabı da ürəyinin səsi ilə yazıb. Bu gün ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması, o torpaqlarda quruculuq, abadlıq işlərinin aparılmasıdır. Şuşada dalğalanan bayrağımız, tarixi Zəfərimiz bu günləri görməyən oğullarımızın ruhunu şad edən səbəblərdir. Biz də o oğulları unutmayacaq, unutdurmayacaq, onların haqqında yazacaq, yazılan dəyərli əsərləri, xatirələri sevə-sevə oxuyacağıq”.

 

Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov Azərbaycan tarixindən, Cümhuriyyət dönəmindən, çağdaş tariximizdən və şəhidlərin tarixdəki müstəsna yerindən söz açıblar. Onlar Cəmil Səlimov kimi mərd Vətən övladlarının öz həyatları ilə bugünkü və gələcək nəsillərə örnək olduğunu bildirib, "Yarımçıq qalmış ömür" kimi kitabların öyrədici xüsusiyyətini vurğulayıb.

 

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıc Türkiyə- Azərbaycan qardaşlığının tarixindən, bu günundən məmnuniyyətlə söz açaraq, 44 günlük müharibənin bu qardaşlığın səviyyəsini bütün dünyaya nümayiş etdirdiyini söyləyib, öz anasının timsalında 90-cı illərdə Anadolu insanının Qarabağda erməni işğalı xəbərlərindən necə sarsıldığını təsirli faktlarla xatırladıb.

 

Milli Məclisin deputatı Soltan Məmmədovun köməkçisi Elşad Miraləm, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB sədri, “Hərbi And” qəzetinin qurucu-baş redaktoru Emin Həsənli, “Xocalı Soyqırımını Tanıtma” İB sədri Şamil Sabiroğlu, Azərbaycan Vətən Müharibəsi Veteranlari Birliyinin sədr müavini İslam Səfərov bu il ilk dəfə qeyd etdiyimiz 8 noyabr - Zəfər Gününün tarixi önəmindən, bu günü bizə bəxş edən Vətən oğullarının rəşadətindən, şəhidlər haqqında yazılan əsərlərin tərbiyəvi əhəmiyyətindən danışıblar.

 

Sonda şəhid gizirin ata və anası kitab və tədbir üzərinə öz ürək sözlərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib