Azərbaycanda nevrologiyanın qısa tarixi - Birinci yazı
01.09.2021 15:12

Nevrologiya Azərbaycanda ilk inkişaf etmiş kliniki fənnlərdən biridir. Onun tarixi 1920-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazasında təməli məşhur neyrogenetik alim, akademik S.N.Davidenkov tərəfindən qoyulan psixonevrologiya kafedrasından başlayır.

 

Aztibb.az Azərbaycanda nevrologiyanın qısa tarixi və bu sahədə xidmətləri olan görkəmli alimlərin həyat yolu və elmi fəaliyyətləri haqqında yazını təqdim edir.

 

Respublikada nevrologiyanın əsaslı inkişafı Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının adı ilə bağlıdır. Kafedra yarandığı gündən indiyə kimi respublikada nevrologiyanın əsas kliniki, elmi və pedaqoji mərkəzi olub.

 

 

Sergey Nikolayeviç Davidenkov

 

1930-cu illərdə kafedra yüksəkixtisaslı nevroloqlar yetişdirirdi. Onların arasında M.M.Amosov, A.V.Feyzullayev, M.M.Məlikov, C.B.Mustafayev, S.H.Axundov və Q.X.Yaqubova kimi milli kadrlar da vardı.

 

1946-1948-ci illərdə kafedraya görkəmli klinisist və mühazirəçi alim, professor M.M.Məlikov rəhbərlik edib. M.M.Məlikov 1937-ci ildə “Böyüklərdə kəskin, yarımkəskin və xroniki poliomielit” adlı doktorluq  dissertasiyasını müdafiə edib. Alim baş beynin iltihabi xəstəlikləri, malyariya zamanı sinir sisteminin dəyişiklikləri, sinir sisteminin degenerativ xəstəlikləri və travmatik zədələnmələrə aid elmi tədqiqatlar  aparıb.

 

1949-1962-ci illərdə isə kafedraya orijinal yaradıcı düşüncəyə və böyük klinik təcrübəyə malik olan pedaqoq alim A.V.Feyzullayev rəhbərlik edib. Həmin  illərdə neyroinfeksiya, baş beynin damar pozulmaları, eləcə də sinir sistemi xəstəliklərinin yerli kurort amilləri ilə müalicə məsələləri dərindən öyrənilib. Professor A.V.Feyzullayevin “Beyində patoloji proseslər zamanı arxaik pəncə, onun genezi və lokalizasiyası” mövzusunda doktorluq dissertasiyası, “Görmə sinirinin atrofiyası zamanı görmə mərkəzlərinin dəyişilməsinə dair” və “Beyincik şişlərinin simptomatika və diaqnostikası” adlı əsərlərin  müəllifidir.

 

 

A.V. Feyzullayev

 

O, həmçinin 1952-1957-ci illər ərzində Kurortologiya və fiziki müalicə üsulları Elmi Tədqiqat İnstitutunun Nevrologiya şöbəsinə rəhbərlik edib. Azərbaycanda nevrologiya məktəbinin yaradılması və inkişafında onun böyük xidmətləri vardır. 1960-cı illərdə professor elmi dərəcəli kadrların hazırlanmasına böyük əmək sərf edib. Professor A.V.Feyzullayev 1949-1962-ci illər ərzində Azərbaycan nevroloqlarının və psixiatrlarının elmi cəmiyyətinin sədri olub. 

 

Kafedraya 1963-1967-ci illərdə tanınmış klinisist və pedaqoq S.H.Axundov rəhbərlik edib. İncə kliniki müşahidə qabiliyyəti, diaqnost istedadı və aktiv yaradıcılıq fəaliyyəti olan  alim epilepsiya, neyrocərrahiyə və neyroonkologiya problemlərinin üzərində məhsuldar çalışıb. O, 1952-ci ildə “Hidrosefaliyanın müalicəsi zamanı dördtəpəli cisim nahiyəsində cərrahi əməliyyat” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1964-cü ildə professorun “Onurğa beyni və onurğa sütunu şişlərinin klinikası, diaqnostikası və müalicəsi” və 1965-ci ildə  “Arxa kəllə çuxuru şişlərinin klinikası” mövzusunda yazılan monoqrafiyaları dərc olunub. O, 65 elmi işin, 5 monoqrafiyanın müəllifidir.

 

1967-ci illərdən 1989-cu ilədək sinir xəstəlikləri kafedrasına əməkdar elm xadimi, professor Z.M.Salayeva rəhbərlik edib. O,  1963-cü ildə Tiflisdə “Hemorragik ensefalitin klinikası və patomorfologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.  Professor 150 elmi məqalənin,“Ensefalitlər” və “Beyin damarlarının xəstəlikləri və profilaktikası” adlı elmi əsərlərin, “Azərbaycanda hemorragik ensefalit” adlı monoqrafiyanın, “Nevrologiyadan praktikum” və “Sinir xəstəlikləri” adlı dərslik və dərs vəsaitlərinin müəllifidir.

 

 

Z.M.Salayeva

 

Qeyd etmək lazımdır ki, həmin illərdə dosentlər R.K.Şirəliyeva, S.S.İmanova, E.A.Feyzullayev, Y.L.Qorbulev, F.M.Gözəlova, Q.D.Məmmədov, N.Ə.Quluzadə, F.N.Məmmədbəyov kafedrada elmi-pedaqoji işlər aparıblar. Onların tədqiqatları əsasən beyin qan dövranının pozulması, periferik sinir sisteminin, sinir-əzələ xəstəliklərinin və dağınıq sklerozun  müxtəlif aspektlərinə aid olub.

 

Azərbaycan Tibb Universitetində 1969-cu ildə təşkil olunan Uşaq nevrologiyası kursu 1975-ci ildən II Sinir xəstəlikləri kafedrası və kimi fəaliyyətini davam etdirib. Uşaq nevrologiyası kafedrasının  və ümumiyyətlə  Respublikada uşaq nevroloji xidmətinin yaradıcısı, əməkdar elm xadimi  professor  Törə Qədir qızı Qədirova olub.

 

O, Leninqrad şəhərində 1959-cu ildə “Leykozlarda sinir sisteminin patologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Onun  tədqiqatları əsasən beyin-qan dövranının pozulması ilə əlaqədar  olan xəstəliklərin diaqnostika və müalicəsinə, neyrohematologiya və neyroinfeksiya problemlərinə həsr olunub.

 

Professor T.Q.Qədirova 150 elmi əsərin, bir çox monoqrafiyaların (“Leykozlar və  sinir  sistemi”, “Azərbaycanda nevrologiyanın tarixi inkişaf mərhələləri”,“Azərbaycanda neyroinfeksi epidemiologiyası”, “Uşaqlarda beyin hipoksiyası”, “Hidrosefaliya və timomeqaliya”), “Sinir xəstəlikləri” və “Uşaq sinir xəstəlikləri” dərsliklərinin müəlifidir.

 

1991-ci ildə ATU-da I və II Nevrologiya və tibbi genetika kafedraları fəaliyyət göstərməyə başlayır. Həmin  ildən ATU-nun  I Nevrologiya və tibbi genetika kafedrasına əməkdar həkim, əməkdar elm xadimi, professor Ş.İ.Mahalov rəhbərlik edir. Ş.İ.Mahalov 1987-ci ildə 2-ci  Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası”  mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

 

Çoxşaxəli elmi maraq dairəsi olan professor Ş.İ.Mahalovun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, epilepsiya  və  baş beynin damar xəstəlikləri təşkil edir. Kafedrada onun rəhbərliyi ilə beyin insultu, sinir sisteminin irsi-degenerativ xəstəlikləri, neyrotravma, neyroinfeksiya öyrənilir və dissertasiya işləri yerinə yetirilir.

 

 

Şərif İslam oğlu Mahalov

 

Ş.İ.Mahalov Azərbaycanda  sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını öyrənib. Onun elmi əsərlərində Hantinqton xəstəliyi, spinoserebellyar ataksiya və nevral amiotrofiyadan əziyyət çəkən unikal ailələr, sinir sisteminin irsi xəstəliklərinin  nadir formaları və variantları təsvir olunub.

 

Professor Ş.Mahalov 10 mindən çox insan  haqqında məlumat toplayaraq tədqiqat aparır. Həcminə və dərinliyinə görə professor Ş.İ.Mahalovun sinir sisteminin irsi xəstəliklərinin öyrənilməsi sahəsində apardığı tədqiqatların keçmiş SSRİ-də analoqu olmayıb.

 

Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda dünyada bir tədqiqatçının əlində bu qədər tutarlı material olur. Onun tərəfindən Hantinqton xəstəliyində hiperkinetik pozulmalar ilə dofaminin konsentrasiyası arasında əks korrelyasiya aşkar edilib və bunun dofamin mübadiləsinin pozulması ilə əlaqəli olduğu güman edilən patogenetik mexanizmlər olması haqqında əsaslandırılmış hipotez irəli sürülüb.