Azərbaycanın vulkan palçığının müalicəvi xüsusiyyətləri - Birinci yazı
31.07.2021 21:57

Azərbaycanda palçıq vulkanları tektonik inkişafdan asılı olaraq, Qobustanda, Abşeron yarımadasında, Abşeron arxipelaqında, Cənub-Şərqi Şirvan düzündə, Şamaxı rayonunda, Ağsu çayının aşağı axarında, az miqdarda Siyəzən və Şabran rayonlarında yayılıb.

 

Aztibb.az Azərbaycanın vulkan palçığının tibbdə xüsusi əhəmiyyəti barədə yazını təqdim edir.

 

Dünyadakı 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycandadır. Ölkəmizdəki palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdə olanlardan xeyli fərqlənir. Azərbaycanda palçıq vulkanının kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. Belə ki, bir çox xəstəlik - mədə-bağırsaq, periferik və mərkəzi əsəb sistemi, ginekoloji, uroloji, oynaq, radikulit, dəri və boğaz ağrısının müalicəsində vulkan palçığından geniş istifadə olunur.

 

Vulkan palçıqlarının hamısı müalicə məqsədilə istifadə oluna bilməz. Onların tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarı çox olduqda müalicə üçün yararlı hesab edilir.

 

Müalicəvi palçıq əsasən lil palçığı və təpə palçıqları hesab olunur. Masazır və Zığ gölünün palçıqları lil palçıqlarıdır.

 

Masazır gölünün palçığı 40 il müddətində kurort müalicəsində geniş istifadə olunsa da, son 10 ildə göldə duz istehsal edildiyindən bu işlər həyata keçirilmir.

 

 

Ümumiyyətlə Azərbaycanda 9 vulkanın müalicəvi tərkibinin təsdiq olunmasına baxmayaraq, onlardan müalicəvi məqsədlər üçün məhdud istifadə edilir.

 

Ölkəmizin Bahar, Axtarma-Paşalı, Axtarma-Qaradağ, Masazır, Mişovdağ, Otmanbozdağ, Kənizdağ, Şorbulaq, Babazənən, Qaynarca, Perşkül, Daşgil – ümumilikdə, 40-a yaxın vulkan palçığının müalicəvi xüsusiyyətləri öyrənilib. Onların müalicəvi olması biokimyəvi analizlərlə təsdiqini tapıb.

 

Müalicəvi baxımdan ən çox öyrənilmiş Axtarma-Qaradağ, Daşgil, Bahar, Masazır, Babazənən, Qaynarca vulkan palçıqlarının tərkibində brom, yod, naften, bor və digər üzvü birləşmələrin çox olmasına görə Gürcüstanın palçıq kurortu olan Axtala mənbəyinə oxşardır, üzvi tərkibinə görə isə daha zəngindir. Eyni zamanda, Şimali Qafqazdakı Tabukan gölü və Krımdakı vulkan palçıqlarından müalicəvi təsirlərinə görə üstündür.

 

Vulkan palçıqlarının müalicəvi xüsusiyyətləri onun tərkibində bioaktiv maddələrin olması, yapışqanlığı, istilik tutumu, hidrogen-sulfidli, yod, brom və naftenli maddələrin olması ilə bağlıdır.

 

Vulkan palçıqlarında üzvü maddələrin miqdarı 0,49-1,67% və bəzən yüksək olur ki, bu da onun müalicəvi xüsusiyyətlərini artırmış olur. Üzvi maddələrin tərkibində 10,6-20,0% asfaltenlər (oksidləşmiş qatran), 7,32-34% benzol qatranları, 12,5-30% spirt-benzol qatranları, 32-54,32% yağlar, 0,01-0,06% naften turşuları, 57,1-65,12% mentan-naften karbohidrogenləri, 7,88-21,45% aromatik karbohidrogenlər var.

 

Vulkan palçığının müalicəvi əhəmiyyətini artıran amil qeyd olunan üzvü maddələrin zənginliyi ilə bağlıdır. Vulkan palçığının tərkibində çoxlu miqdarda borat turşusunun (200–600 mq/l-ə qədər) və selenin olmasının xüsusi müalicəvi əhəmiyyəti vardır. Məlumdur ki, selen COVID-19 və digər virus xəstəliklərinə qarşı effektivdir. Ürək əzələsinin zədələnməsi, diabet xəstələri üçün təhlükə hesab edilən qanın sistematik hiperkoaqulyasiyası, həmçinin qəfil tənəffüs dayanmasına səbəb olan trombositlərin sıxılması və digər hallarda xəstələrin orqanizmində selenin çatışmazlığı müşahidə olunur.

 

Yerin təkindən palçıqla birlikdə çıxan qazların tərkibi metan, karbon və azotdan ibarət olur ki, bu da onun balneoloji müalicəvi xüsusiyyətlərini arırır.

 

Vulkan palçığı yüksək kolloudallığa malik qələvi peloidlər (pH 8,5–9,9) tipinə aid olmaqla, kifayət qədər duru və ya maye fazası ilə təmin edilir.

 

Yüksək qələvi mühiti dərini yumşaldır, elastikliyini artırır, epidermisi kövrəldir, bununla da onun keçiriciliyini artırmaqla müalicənin keyfiyyətini yüksəldir.

 

Vulkan palçığının plastikliyi, istilik tutumu, yapışqanlığı onun müalicəvi xüsusiyyətlərini artırmış olur. Spesifik komponentlərlə – mineral duzlar, üzvü birləşmələr və mikroelementlərlə zənginləşmiş müalicəvi xassələrə malik olan vulkan palçığı insan orqanizminə müsbət təsir edir.

 

Vulkan palçığının digər palçıqlardan üstünlükləri

 

Vulkan palçığının üstünlükləri bu palçığın xırdalanmış, qaymağa bənzər yumşaq gil kütləsinin, yalnız özünə məxsus olan mineral birləşmələrinin və buna uyğun xüsusi terapevtik təsirinin olmasıdır. Bu üstünlüklər onların müalicə imkanlarını artırmaqla yanaşı, bioaktiv maddələrin stabil qalmasına da imkan verir.

 

Digər üstünlüyü odur ki, dərinliklərdən çıxan vulkan palçıqları lil, torf, sapropel palçıqlarından fərqli olaraq biostimullaşdırıcı təsirə malik kimyəvi mikroelementlər və üzvi maddələrlə zənginləşir. Bunun nəticəsində müalicə üçün tətbiq sahələri genişlənmiş olur.

 

Torflu və sapropel palçıqları əsasən dəri və dayaq hərəkəti orqanlarının müalicəsində effekt verir. Vulkan palçıqlarında isə müalicə prosedurlarının sayı 10-dan çoxdur, kosmetik vasitələr və müalicəvi kremlər də istehsal etmək olur.

 

 

Vulkan palçıqları dərindən (4-7 km) səthə çıxdığına görə antropogen təsirə məruz qalmır, bu da müalicəvi effektini artırmış olur.

 

Bundan başqa, vulkan palçığında yod, brom, manqan və s. bir çox faydalı elementlərin olması da onun digər palçıqlarla müqayisədə müalicəvi imkanlarını artırır.

 

Vulkan palçığı əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində istifadə olunur. Vulkan palçıqlarının hamısından təbabətdə istifadə olunmur və müalicəvi məqsədlə istifadəsi tibbi cəhətdən təsdiqlənməyib.

 

Vulkan palçığı müalicə vasitəsi olaraq kurortdan kənar şəraitdə müxtəlif xəstəxanalarda istifadə olunur. Palçıq vulkanlarından istifadə təcrübəsi Krımda (Yevpatoriya), Rusiyada (Şimali Qafqazda Tambukan gölü) və Yeni Zelandiyada mövcuddur.

 

Keçən əsrin 80-cı illərində Azərbaycan kurortologiya və müalicənin fiziki metodları ETİ-də tibb elmləri doktoru Fəridə Əfəndiyeva vulkan palçığının klinik öyrənilməsinə başlayıb. Nəticədə vulkan palçığının müalicədə istifadə üçün yararlığı yüksək qiymətləndirilib.

 

Müxtəlif vaxtlarda bir sıra elmi tədqiqat institutları Azərbaycanın vulkan palçıqlarında bioloji aktiv maddələrin –duzlar, qazlar, vitaminlər, fermentlər, hormonlar, biogen stimulyatorların aşkar edilməsi üçün tədqiqatlar həyata keçirib. Nəticədə bu palçığın ölkənin 15 tibb müəssisələrində müalicə təcrübəsində tətbiqinə nail olunub.

 

Ötən əsrin 70-80-ci illərində Şorbulaq və Axtarma-Qaradağ vulkanlarının palçığı terapevtik təmayüllü xəstələrin müalicəsində Bakı şəhərinin poliklinikalarında, 3 nömrəli qadın konsultasiyasında, “8-ci kilometr”dəki kosmetoloji müalicə obyektində, Abşeron yarımadasının sanatoriya-profilaktoriyalarında, Bahar vulkanının palçığı Ələt-liman stansiyasının qovşaq xəstəxanasında, Babazənən palçığı Salyan Mərkəzi xəstəxanasında müvəffəqiyyətlə tətbiq olunub.