Ötən əsrin azərbaycanlı həkimləri – Birinci yazı
16.07.2021 11:39

Geridə qoyduğumuz zamanın və gələcəyimizin önəmini anlamaq üçün səhiyyə tariximizə nəzər salmaqda fayda var.

Azərbaycan həkimləri və tibb işçiləri bütün dövrlərdə tibb elminin inkişafına və tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa böyük səy göstəriblər.

Aztibb.az ötən əsrdə azərbaycanlı həkimlərin fəaliyyətinə dair yazını təqdim edir.

Azərbaycanın ilk tibb elmləri doktoru Əbdülxalıq Axundov. O, göz bəbəyinin klinik tədqiqi sahəsində tanınıb. O, Bakıya ilk göz xəstəlikləri məntəqəsi açıb. Onun Şərq və Qərb əczaçılığına dair tərcümə etdiyi və geniş şərh yazdığı əsərlərdən uzun illər rus və Avropa farmakoloqları faydalanıblar. O həm də həkim Məhəmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xəstəliklər müalicəxanasının yaradıcılarından biridir.

Tibb elmləri doktoru, professor Cavad Təqdisi. Alim əsərlərində molekulyar patologiyadan tutmuş, ekstremal hallara, mikroelementlərin fiziologiyada və patologiyada rolunun aydınlaşdırılmasına, tibbin ekoloji məsələlərinə, kurort faktorlarının təsirinə və s. geniş yer verib.

Cavad Təqdisinin bir neçə Şərq və Avropa dillərini bilməsi onun tibbin tarixi, tibb ilə fəlsəfənin əlaqəsi kimi məsələlər haqqında orijinal və qiymətli əsərlər yaratmasına kömək edib.
 
Onun “Herontologiyanın biogeokimyəvi əsasları” haqqında əsəri xüsusilə tanınır.

Cavad Təqdisi pediatrlar ilə birlikdə pediatriyanın biogeokimyəvi əsaslarının hazırlanması üzərində çalışıb və bu da respublikada uşaq ölümünün qarşısının alınmasında mühüm rol oynayıb. Ömrünün son illərində Cavad Təqdisi bioritmlərin sağlamlığın qorunmasında və möhkəmlənməsində rolunu dərindən öyrənməklə məşğul olub.
 
Əməkdar elm xadimi, professor Məmmədsadıq Abdullayev. Elmi fəaliyyətə başladığı ilk günlərdən M.Abdullayev anatomiyanın daha mürəkkəb sahələrindən sayılan sinir sisteminin periferik hissəsinin morfologiyasını öyrənməklə məşğul olub. Həkim M.Abdullayev vegetativ sinir sisteminin parasimpatik hissəsi ilə bağlı çənəaltı qanqlionun anatomiyasını və dilaltı qanqlionu öyrənib.

M.Abdullayev gözün hərəki aparat sinirlərinin istər xarici, istərsə daxili quruluşunun fərdi xüsusiyyətləri, bu sinirlərin afferent mənbələri, aralarında rabitə olması ideyası, habelə onların vegetativ sinir sistemi ilə rabitəsini təhlil edib.

Bunları öyrənmək üçün o, 70-ə qədər heyvanlar (itlər) üzərində neyrocərrahlıq əməliyyatları aparmışdır. Kəllə boşluğunda, beyin əsasında gözün bu və ya digər hərəki siniri kəsildikdən sonra itlər yaşayırdı. Dəyişiklik yalnız gözdə baş verirdi və bu dəyişikliklər izlənilirdi.

M.Abdullayev nevrologiya sahəsində geniş miqyaslı təcrübələr aparıb. 1985-ci ildə M. S. Abdullayev yeni degenerasiya formasını- “Qalxan degenerasiya”nı kəşf edib ki, bu da elm üçün böyük yenilik idi.

Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyev. O, İkinci dünya müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili işində əvəzsiz xidmətlər göstərib. Onun rəhbərliyi ilə Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilib.
 
1936-1940-cı illərdə ölkəmizdə görkəmli alimin fəal iştirakı ilə malyariya və traxomaya qarşı mübarizəyə başlanılıb. Bacarıqla həyata keçirilən ciddi tədbirlər sayəsində respublikada tüğyan edən bu dəhşətli xəstəliklərin kökü kəsilib. Əziz Əliyevin başçılığı ilə ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb.

XX əsrin 30-cu illərinin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalıb.

Əməkdar elm xadimi,  tibb elmləri doktoru, akademik Zərifə Əliyeva. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Onun vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsində böyük əməyi olub.

Zərifə xanım oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindəndir.
 
Həkim Məmməd ağa Vəkilov.  Tanınmış həkim əhaliyə ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri  olub. O, bu məqsədlə Bakıdakı ilk poliklinika təşkil edir. Bu gözəl təşkilatçı Bakı şəhər tibb cəmiyyəti, şəhər duması qarşısında müalicəxanaların artırılması barədə dəfələrlə məsələ qaldırır və öz məqsədinə nail olur.

M.Vəkilov Bakı şəhərində 10 poliklinika açır. Həmin poliklinikalar bu gün də fəaliyyət göstərir.

Əmәkdar elm xadimi, akademik Mustafa Bəy Topçubaşov. O, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olub. Alim dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu, analgeziya üsulunu kəşf edib.  Onun başçılığı ilə müasir cərrahlıq problemləri – öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.