Böyrək problemlərinin xalq təbabəti üsulları ilə müalicəsi çox ciddi ağırlaşmalara səbəb ola bilər - Uroloq-cərrah Anar Almazxanlı ilə müsahibə  
14.01.2021 11:13

Müsahibimiz Respublika Müalicəvi Diaqnostika Mərkəzinin tanınmış uroloq-cərrahı Anar Almazxanlıdır.

 

A.Almazxanlı 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirib, 2007-2008-ci illərdə Respublika Uroloji Xəstəxanasında uroloq-cərrah, androloq ixtisası üzrə internatura, 2009-2010-cu illərdə Ukraynanın Xarkov şəhərində kliniki ordinatura, 2010-cu ildə Türkiyənin Qazi Universiteti Uroloji şöbədə endoskopik urologiya kursu keçib. 

 

O, 2011-ci ildən Mərkəzi Neftçilər Xəstəxanası, 2017-ci ildən isə Respublika Müalicəvi Diaqnostika Mərkəzi Böyrək xəstəlikləri və transplantologiya şöbəsində uroloq-cərrah olaraq fəaliyyət göstərir. Həmçinin urologiya üzrə bir sıra beynəlxalq konqres, treninq və seminarların iştirakçısı olub.

 

Müsahibəni təqdim edirik:

 

Anar doktor, son zamanlar insanlar arasında sidik kisəsi və prostat problemləri geniş yayılıb. Bu kimi xəstəliklərin yaşında cavanlaşma meyillərinə rast gəlinirmi?

 

Müasir dövrdə tibbin bütün sahələrində xəstəlikərin cavanlaşması müşahidə olunur. Uroloji sahədə də böyrək, sidik kisəsi, prostat və androloji xəstəliklərdə bu hallarla rastlaşırıq. Xüsusilə prostat vəzi və androloji xəstəliklərdə cavanlaşma meyilləri özünü daha qabarıq şəkildə göstərir.

 

Xəstəliklərin daha erkən, gənc yaşlarda görülmə səbəbləri müxtəlifdir. İnsanların yaşam tərzi (oturaq həyat, stress) qidalanma, ekoloji çirklənmə əsas amillərdən hesab olunur. Lakin bir sıra xəstəliklərin yaranmasında irsi faktor da mühüm rol oynayır. Xəstəlikərin araşdırılması zamanı bu faktora xüsusi diqqət yetirilir.

 

Böyrək daşları hansı səbəblərdən yaranır? Daşların yaranmasında genetik faktorlar nə dərəcədə rol oynayır? Cərrahi müdaxilə olmadan onların müalicəsi mümkündürmü?

 

Uroloji xəstəliklər içərisində böyrək daşı xəstəliyi ən geniş yayılmış xəstəliklərdəndir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe də böyrək daşlarının əmələ gəlməsi üçün endemik zona sayılır. Bu xəstəliyin yaranma səbəbləri çoxdur: irsi faktor, böyrəklərdə mübadilə pozğunluğu, böyrəklərin anatomik anadangəlmə anomaliyaları, həmçinin orqanizmdə digər sistem xəstəlikləri (həzm sistemi, qalxanvari vəzi, sümük sistemi xəstəlikləri, eləcə də uzun müddət dərman qəbulu) daşların yaranmasına səbəb olur.

 

Böyrək daşları müxtəlif növ olur: kalsium oksalat, fosfat, urat, sistin daşları. Böyrək daşlarının ölçüləri bir neçə mm-dən 10-11 sm-ə qədər ola bilir. Xəstəliyin müalicəsi daşın ölçüsü və yerləşməsindən asılı olaraq dəyişir və müalicə konservativ və cərrahi yolla aparılır. Adətən 5-6 mm-lik daşlar konservativ müalicə olunur, lakin daşın kimyəvi tərkibi müalicədə çox böyük rol oynayır.

 

Tibbdə xüsusi bir istiqamət olan endourologiya digər cərrahi müalicə üsulları ilə müqayisədə, hansı üstünlüklərə malikdir?

 

Müasir dövrdə tibbin bütün cərrahi sahələrində olduğu kimi, uroloji sahədə də açıq cərrahiyyə öz yerini endoskopik cərrahiyəyə verib. Artıq uroloji əməliyyatların böyük bir qismi endoskopik və laparoskopik yolla icra olunur. Bu, özünü böyrək daşı cərrahiyyəsində də aydın büruzə verməkdədir.

 

Ölçüləri 2 sm-ə qədər olan böyrək daşlarında flexbl ureterorenoskopla intra renal litotripsiya və ya ekstrakorporal litotripsiya icra olunur. 2 sm-dən böyük daşlarda böyrək daşı cərrahiyyəsində qızıl standart perkutan nefrolitotripsiyadır. Bu üsulda bel nahiyyəsində 1 sm dəlikdən böyrəyə girilərək daşların parçalanıb xaric olunması əməliyyatı həyata keçirilir. Bu əməliyyatda daşın sərtliyi və ölçüsünün önəmi yoxdur.

 

Endoskopik əməliyyatlar bir sıra üstün cəhətlərə malikdir. Bu üsulla icra olunan əməliyyatlardan sonra pasiyentin xəstəxanada qalma müddəti və əməliyyat sonrası ağrılar az olur, xəstələr tez bir zamanda işlərinə, normal həyatlarına davam edirlər.

 

Bilirik ki, böyrək problemləri ilə bağlı çoxsaylı xalq təbabəti üsullarına müraciət olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik. 

 

Tibbin bütün sahələrində xalq təbabəti vasitələrindən istifadə olunmasına rast gəlirik. Lakin elmi əsası olmadığı üçün həkimlər, xüsusilə cərrahlar tərəfindən qəbul edilmir. Çünki bəzi xəstələr xalq təbabəti adı altında uzun müddət müalicə alır, lakin ağırlaşmış, fəsadlaşmış formada bizə müraciət edirlər.

Urologiyada ən çox böyrək daşları və prostat böyüməsi hiperplaziyası zamanı xalq təbabəti vasitələrinə müraciət olunur. Bu zaman müəyyən effekt görünsə də, qeyd etdiyimiz kimi, bəzən ciddi agırlaşmalarla nəticələnir.

 

Məlumdur ki, yeni növ koronavirus bir sıra orqanlarla yanaşı, böyrəklərin də işində problemlər yarada bilir. Böyrək problemi olanlar üçün COVID-19 virusu nə dərəcədə təhlükəlidir?

 

Hazırda bütün dünya, eləcə də ölkəmiz COVID-19 virusu ilə 1 ilə yaxındır mübarizə aparır. COVID-19 virusu bütün orqanizmin, həmçinin böyrəklərin də zədələnməsinə səbəb olur. Bütün əhalimizi, xüsusilə də pasiyentlərimizi bu virusdan qorunmağa, qoyulmuş qadağalara əməl etməyə çağırıram. Uroloji xəstələrin günlük maye miqdarına, qidalanmaya nəzarət etmələri vacibdir.

 

Saytımızın oxucularına uroloji problemlərdən maksimum şəkildə uzaq olmaq üçün hansı tövsiyələri verərdiniz?

 

Hər kəsə vaxtında və doğru ünvanda müayinə və müalicə olunmağı tövsiyə edirəm.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən