“Koronavirusa yoluxmuş hamilə qadınlarda nadir hallarda ağırlaşmalar müşahidə olunur” - Müsahibə
02.01.2021 13:51

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmağa başladığı ilk günlərdən etibarən bir çox xəstəxanalar pandemiya xəstəxanasına çevrildi, tibbi heyətin böyük bir qismi bu virusa qarşı mübarizəyə cəlb olundu. Onların səyi nəticəsində minlərlə xəstə sağalaraq normal həyatlarına geri qayıtdı. Lakin ağ xalatlı qəhrəmanlar arasında da yoluxma hallarının şahidi oluruq. Gücləndirilmiş iş rejimi, yuxusuz gecələr, pandemiya xəstəxanalarında olan çox böyük virus yükü onların sağlamlıq vəziyyətinə təsirsiz ötüşmür.

 

Aztibb.az pandemiya xəstəxanasına çevrilən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının COVID-19-la mübarizədə iştirak edən tibb bacısı Rəxşəndə Abdullayeva ilə söhbət edib.

 

Fəaliyyət göstərdiyiniz pandemiya xəstəxanasında ağır xəstələrin sayında son zamanlar artım müşahidə olunurmu? Ən ağır xəstələr hansı yaş qrupundadır?

 

Son zamanlar xəstələrin sayı həddindən artıq çox idi. Lakin ölkə səviyyəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, dekabrın 14-dən etibarən sərt karantin rejiminin yenidən tətbiqindən sonra həm virusa yoluxma, həm də ağır xəstələrin sayı xeyli azalıb.

 

Virusu ağır keçirən insanlar arasında bütün yaş qruplarından olan şəxslərə rast gəlmək olar. Xəstələr arasında ağırlaşmalara gəldikdə, daha çox yanaşı xroniki xəstəliyi (şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, piylənmədən əziyyət çəkən insanlarda bu hallara rast gəlinir. Lakin yaşı 50-55-dən yuxarı olan insanların COVID-19-u daha ağır keçirdiyinin şahidi oluruq.

 

COVID-19-a yoluxmuş xəstələrlə yaxın təmas zamanı virusa yoluxmaqdan qorunmaq üçün həkimlər tərəfindən hansı tədbirlər görülür? Xəstəxanada neçə həkim koronavirusa yoluxub?

 

COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanalarda həkimlər qorunmağa xüsusi diqqət göstərirlər. Xəstəxanamız koronaviruslu xəstələrlə işləyən tibb işçiləri bütün zəruri tibbi vasitələr və geyimlərlə tam təmin edilib.

 

Buna baxmayaraq, bəzən bütün gigiyena qaydalarına əməl olunsa da, virusa yoluxma qaçılmaz olur. Həkimlərimiz və tibb bacıları arasında da bu xəstəliyə yoluxma halları baş verib. Təəssüflər olsun ki, onlar arasında ölümlə nəticələnənlər də var. Xəstəlikdən tam sağalanlar isə yenidən işlərinə qayıdıb bu mübarizədə öz töhfələrini verməyə davam edirlər.

 

Hamilə qadınların xəstəliyi daha asan keçirdiyi doğrudurmu? Hansı hallarda hamilələrdə ağırlaşmalar müşahidə olunur?

 

Bəli, koronavirusa yoluxan hamilə qadınlar xəstəliyi əsasən yüngül formada keçirirlər və nadir hallarda ağırlaşmalar müşahidə olunur. Xəstəxanamıza gətirilən hamilə qadınlarda da ciddi ağırlaşmalara rast gəlinməyib.

 

Virusa yoluxmamaq üçün insanlara profilaktik olaraq nə etməyi məsləhət görürsünüz?

 

Payız ayları immun sisteminin zəifləməsinə, soyuqdəymələrin artmasına, koronavirusun özünün də daha aqressiv keçməsinə səbəb oldu. Bu səbəbdən yoluxmaların sayında da artım müşahidə olundu.

 

Bundan əlavə, düzgün qidalanmama, stres, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq da immun çatışmazlığına yol açan əsas amillərdir.

 

Məsləhətim odur ki, immuniteti yüksəltmək üçün ilk növbədə, gündəlik rasiona bol mövsümi tərəvəz və meyvə əlavə edin. Profilaktik olaraq heç bir antibiotik, antiviral preparat qəbul etməyin. Bu, immunitetin daha da aşağı düşməsinə gətirib çıxara bilər.

 

Düşünürəm ki, maska taxmaq, sosial məsafə gözləmək və gigiyena qaydalarına məsuliyyətlə əməl etməklə daha tez bir zamanda bu xəstəlikdən xilas ola biləcəyik.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən