Tədris Cərrahiyyə Klinikasının otorinolarinqoloq cərrahı, dosent Rəşad Talışinski tərəfindən badamcıq xəstəliklərinin cərrahi müalicəsi həyata keçirilir.
Bu barədə Aztibb.az-a Klinikadan xəbər verilib.
Tonzillektomiya badamcıqların cərrahi yolla xaric edilməsi əməliyyatıdır. Bu müdaxilə əsasən təkrarlanan tonzillit, xroniki iltihabi proseslər və badamcıqlarla əlaqəli digər tibbi göstərişlər zamanı icra olunur.
Badamcıq problemləri uşaqlıq dövründə daha çox müşahidə olunsa da, böyüklərdə də rast gəlinir. Təkrarlanan infeksiyaların və digər ağırlaşmaların qarşısının alınması baxımından uşaqlıq dövründə, müvafiq tibbi göstərişlər olduqda, cərrahi müdaxilənin vaxtında qiymətləndirilməsi məqsədəuyğundur.
Əməliyyat qərarı LOR müayinəsi və pasiyentin klinik vəziyyəti əsasında verilir. Tonzillektomiyanın əsas məqsədi təkrarlanan iltihabi proseslərin yaratdığı narahatlıqları aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

