Laboratoriyada yetişdirilən insan beyin hüceyrələri robotu idarə edir – Alimlər yeni texnologiyanı sınaqdan keçirib
24.11.2026 11:32

İnsan beyin hüceyrələrinin robot idarəetməsində istifadəsi elmi texnologiyalarda yeni mərhələnin başlanğıcı ola bilər.

 

Aztibb.az "The Scientist" nəşrinə istinadən yazır ki, laboratoriya şəraitində canlı saxlanılan insan beyin hüceyrələri ilk dəfə insana bənzər robotun davranışlarına nəzarət etmək üçün istifadə olunur.

“OpenMind” robototexnika şirkətinin təsisçisi, Stenford Universitetinin biomühəndisi Yan Lipardt “Iris” adlı robotu kök hüceyrələrdən əldə edilmiş insan beyin qabığının neyronları ilə əlaqələndirib. Maraqlıdır ki, bu əlaqə məsafədən, müxtəlif ölkələrdə yerləşən laboratoriyalar vasitəsilə qurulub.

Neyronların bir hissəsi Avstraliyada “Cortical Labs” şirkətinin platformasında elektrod çipinin üzərində yerləşən yastı hüceyrə təbəqəsindən ibarətdir. Digər hissəsi isə İsveçrədə saxlanılan və “sferoid” adlandırılan kiçik, üçölçülü neyron qruplarıdır.

Robot beyin hüceyrələrindən gələn siqnalları necə qəbul edir?

Sistemin iş prinsipi bir neçə mərhələdən ibarətdir. “Iris” robotunun kameraları ətraf mühiti görüntüləyir, daha sonra bu görüntülər elektrodlar vasitəsilə neyronlar üçün elektrik impulslarına çevrilir. Neyronların verdiyi cavab siqnalları isə robotun davranışlarına ötürülür.

Bu texnologiya sayəsində robot sadə sosial siqnalları da müəyyən edə bilir. Məsələn, kimsə ona diqqət göstərdikdə robotun davranışı “istiləşmə” reaksiyası ilə ifadə olunur. Yan Lipardtın “The Scientist” nəşrinə verdiyi məlumata görə, insan gözlərini yumaraq arxasını çevirdikdə və robotu görməzdən gəldikdə isə sistem “soyuma” reaksiyası göstərir.

Təxminən 500 sınaq zamanı yastı hüceyrə kulturlarından alınan siqnallar 94 faizə qədər dəqiqliklə, sferoidlərdən əldə edilən siqnallar isə 91 faizə qədər dəqiqliklə təhlil edilib. Yastı hüceyrə kulturları 100 gündən artıq canlı saxlanılıb. Bu isə neyronlar yaşlandıqca robotun davranışında baş verən dəyişiklikləri müşahidə etməyə imkan yaradıb.

Texnologiyanın imkanları və məhdudiyyətləri

Yeni sistemin qarşısında müəyyən texniki məhdudiyyətlər də var. Neyronların reaksiya sürəti insan beyninin hərəkətə nəzarət mexanizmi ilə müqayisədə xeyli aşağıdır. Yastı hüceyrə kulturlarında cavab müddəti 150–240 millisaniyə təşkil etdiyi halda, insanda hərəkətə nəzarət prosesi təxminən 10–100 millisaniyə ərzində baş verir.

Sferoidlərdə isə gecikmə iki saniyəyə qədər yüksəlir və bu hüceyrə qruplarını yalnız bir neçə gün canlı saxlamaq mümkün olur.

Tədqiqatçılar və müstəqil mütəxəssislər bu sistemin şüurlu və ya hissiyyata malik bioloji quruluş olmadığını xüsusi vurğulayırlar. Onların fikrincə, istifadə olunan sadə hüceyrə kulturları hər hansı hissi yaşamaq və ya şüurlu təcrübə keçirmək qabiliyyətinə malik olacaq qədər mürəkkəb deyil.

Bununla belə, araşdırma canlı neyronların robototexnika ilə inteqrasiyasının gələcəkdə bioloji və süni sistemlərin birgə işləməsi üçün yeni imkanlar aça biləcəyini göstərir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib