On ildən artıqdır xəstə olan qadının hər gün qan köçürülməsinə ehtiyacı var idi. Əvvəl tətbiq olunan doqquz müalicə üsulu isə yalnız qısamüddətli effekt vermişdi. Onun əsas xəstəliyi olan autoimmun hemolitik anemiya zamanı immun sistemi eritrositlərə (qırmızı qan hüceyrələrinə) hücum edir.
Aztibb.az "Science Focus" nəşrinə istinadən xəbər verir ki, həkimlər bu dəfə CAR-T hüceyrə terapiyasını tətbiq ediblər. Bu müalicə üsulu zamanı immun hüceyrələrdən nümunə götürülür, müəyyən hədəfə qarşı mübarizə aparmaq üçün laboratoriyada modifikasiya edilir və yenidən orqanizmə yeridilir.
Pasiyentin T-hüceyrələri orqanizmində funksiyası pozulmuş B-hüceyrələrinin səthində yerləşən CD19 zülalını hədəf alacaq şəkildə modifikasiya edilib. CAR-T hüceyrələrinin bir dəfə infuziya edilməsindən cəmi 7 gün sonra qadının qan köçürülməsinə ehtiyacı qalmayıb.
Müalicənin 25-ci günündə isə tam remissiya qeydə alınıb. Trombositlərin sayı stabilləşib, qan laxtalanmasına səbəb olan anticisimlərin səviyyəsi də azalıb və nəticədə həmin anticisimlər artıq aşkar edilməyib.
Hematoloq Fabian Müller bildirib ki, on ildən artıq davam edən xəstəlikdən sonra pasiyentin qan göstəriciləri cəmi bir neçə həftə ərzində normallaşıb.
Pasiyentin vəziyyətinin 11 ay ərzində izlənildiyi bu tək klinik hal CAR-T terapiyasının bütün xəstələrdə effektiv olacağını təsdiqləmək üçün kifayət deyil. Bununla belə, bu və digər tədqiqatların nəticələri gələcək müalicə imkanları baxımından ümidvericidir.

