Texnologiyanın inkişafı ilə sosial şəbəkələrdən istifadə yaşlı insanlar arasında da sürətlə yayılır. Türkiyədə son doqquz ildə yaşlı əhali arasında internet istifadəsi təxminən altı dəfə artıb.
Aztibb.az "Posta" nəşrinə istinadən yazır ki, dünyada texnologiyanın inkişafından geri qalmaq istəməyən yaşlı insanlar radio və televiziya kimi ənənəvi vasitələrdən daha çox mobil telefonlara yönəlir, sosial şəbəkələrə maraq göstərirlər. Psixoloq Burak Koçkanat bildirir ki, sosial şəbəkələrdən düzgün istifadə yaşlı insanlar üçün mühüm dəstək vasitəsi ola bilər. Lakin şüursuz istifadə narahatlıq, bədbinlik, yuxu problemləri, dələduzluq və yanlış məlumatların yayılması kimi risklər yaradır.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdən istifadə artıq yalnız gənclərlə məhdudlaşmır. Yaşlı insanlar da rəqəmsal platformalarda daha çox vaxt keçirir, bu isə ailədaxili münasibətlərdə və nəsillər arasındakı rollarda müəyyən dəyişikliklərə səbəb olur. Rəqəmsal platformalar onlar üçün təkcə əyləncə vasitəsi deyil, həm də sosial həyatın bir hissəsinə çevrilib.
Psixoloq Burak Koçkanat bildirib ki, əvvəllər yaşlılar gənclərə “Telefonu kənara qoy” deyirdilərsə, indi vəziyyət dəyişib və nəvələr nənə-babalarına eyni sözləri söyləyirlər.
Onun sözlərinə görə, Türkiyədə son doqquz ildə yaşlılar arasında internet istifadəsi təxminən altı dəfə artıb. Gənclər ümumi istifadə müddətinə görə hələ də öndə olsalar da, sosial şəbəkələrə marağın ən sürətlə artdığı yaş qrupu artıq yaşlılardır.
Psixoloq qeyd edib ki, yaşlı insanların sosial şəbəkələrə yönəlməsinin arxasında görünmək, diqqət hiss etmək və başqaları ilə əlaqədə qalmaq kimi insani ehtiyaclar dayanır. Təqaüdə çıxdıqdan sonra iş yoldaşları ilə ünsiyyətin azalması, övladların başqa şəhərlərə köçməsi və evdə tənhalığın artması insanın sosial əlaqələrə ehtiyacını gücləndirə bilər. Belə şəraitdə söhbət qrupları və qısa videolar yaşlı insanlar üçün sadəcə əyləncə deyil, həm də sosial ünsiyyət vasitəsidir.
Koçkanatın fikrincə, düzgün istifadə olunduqda sosial şəbəkələr yaşlı insanların həyatına müsbət təsir göstərə bilər. Uzaqda yaşayan nəvə ilə görüntülü danışmaq, illərdir görüşülməyən dostu tapmaq, yeni yemək resepti və ya əl işi öyrənmək zehni fəallığı qorumağa və tənhalıq hissini azaltmağa kömək edə bilər.
Psixoloq sosial şəbəkələrdən istifadənin mümkün mənfi nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, saatlarla ekrana baxmaq narahatlığı, bədbinliyi və yuxu problemlərini artıra bilər. Fiziki hərəkətlilik azalır, üzbəüz söhbətlərin yerini isə qısa mesajlar tutur.
Digər mühüm təhlükə dələduzluqdur. “Mükafat qazandınız” və ya “Hesabınız bloklanıb” kimi mesajlarla insanları aldatmağa çalışan şəxslər yaşlı insanları da hədəf alırlar. Belə hallarda zərərçəkənlər bəzən illərlə topladıqları maddi vəsaiti itirə bilərlər.
Koçkanat yanlış və saxta xəbərlərin yaşlı insanlar vasitəsilə sürətlə yayıla bilməsinin cəmiyyət üçün ciddi problem olduğunu bildirib.
Onun sözlərinə görə, araşdırmalar yaşlı insanların saxta xəbərləri ayırd etmək qabiliyyətinə görə gənclərdən kəskin şəkildə fərqlənmədiyini göstərir. Əsas fərq məlumatı paylaşmaq vərdişində özünü göstərə bilər. Yaşlı insanlar yaxınlarını qorumaq və hər kəsin məlumatlı olmasını təmin etmək məqsədilə xəbəri yoxlamadan paylaşa bilərlər. Nəticədə yanlış məlumat sürətlə yayıla bilər.
Psixoloq ailədaxili münasibətlərdə də dəyişikliklərin baş verdiyini vurğulayıb. Artıq ailə üzvlərinin eyni süfrə arxasında oturmasına baxmayaraq, hər kəsin öz telefonuna baxması və fərqli rəqəmsal məkanlarda ünsiyyət qurması adi hala çevrilir.

