Azərbaycan Tibb Universiteti (ATU) ilə Qazaxıstan Respublikasının Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universiteti arasında imzalanmış memorandum çərçivəsində akademik mobillik proqramı üzrə işlər davam etdirilr.
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
Bildirilib ki, proqram çərçivəsində Qərbi Qazaxıstan Tibb Universitetinin Ümumi gigiyena kafedrasının müdiri, t.ü.f.d., dosent Gulşara Berdeşeva 26 oktyabr 2026-cı il tarixindən etibarən ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında akademik fəaliyyətə başlayıb.
Akademik mobillik çərçivəsində professor İctimai səhiyyə ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Əmək sağlamlığı”, V kurs tələbələrinə isə “Xüsusi istehsalat sahələrində əmək gigiyenası” fənləri üzrə mühazirələr oxuyub. O, həmçinin təcrübə dərslərində iştirak edərək elmi və pedaqoji təcrübəsini müəllim və tələbələrlə bölüşüb.
30 noyabr 2026-cı il tarixinədək ATU-da fəaliyyətini davam etdirəcək G.Berdeşevanın proqram çərçivəsində bir sıra akademik tədbirlərdə iştirakı, universitetin müəllim və tələbələri ilə elmi-pedaqoji təcrübə mübadiləsi aparması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində iki universitetin müvafiq kafedraları arasında birgə elmi tədqiqat işinin aparılması da planlaşdırılır.
Akademik mobillik proqramı ali tibb təhsili sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, elmi-pedaqoji təcrübə mübadiləsinə və birgə tədqiqatların inkişafına töhfə verəcək.
Bu cür akademik mobillik təşəbbüsləri ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, tədris təcrübəsinin paylaşılmasına və elmi əlaqələrin möhkəmləndirilməsinə imkan yaradaraq, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 3 (Sağlamlıq və Rifah), DİM 4 (Keyfiyyətli Təhsil) və DİM 17 (Məqsədlər üçün Tərəfdaşlıq) üçün öz töhfəsini verir.

