Azərbaycan Tibb Universitetinin (ATU) müəllim və tələbələri cəmiyyətin həssas qruplarına tibbi dəstəyin göstərilməsi, sağlamlığın qorunması və sosial rifahın təşviqi istiqamətində növbəti təşəbbüsə qoşulublar.
ATU-dan Aztibb.az-a bildirilib ki, Səhiyyə Nazirliyinin Bakı Şəhər Herontoloji Mərkəzinin təşkil etdiyi aksiya çərçivəsində 9 saylı “Qocalar evi”nin sakinləri tibbi müayinədən keçirilib. Aksiyada ATU-nun Ailə təbabəti kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Arzu Bəydəmirova, universitetin IV kurs rezidenti Nəzrin Eynizadə və II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Şəhriar İsmayıl yaxından iştirak ediblər. Universitet nümayəndələri ahıl sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirərək, ümumilikdə, 60-a yaxın şəxsin tibbi müayinəsini həyata keçirib, onların sağlamlığının qorunmasına və tibbi ehtiyaclarının müəyyənləşdirilməsinə töhfə veriblər.
Bu qəbildən olan təşəbbüslər yalnız tibbi xidmət göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda ahıl insanlara diqqət və qayğının artırılması, onların cəmiyyət həyatında rifahının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, gələcəyin həkimlərinin bu cür aksiyalarda iştirakı onlarda peşəkar məsuliyyət, sosial həssaslıq və insanlara xidmət dəyərlərinin möhkəmlənməsinə şərait yaradır.
Bu baxımdan, Azərbaycan Tibb Universiteti bu kimi sosial yönümlü təşəbbüslərdə iştirakı ilə yalnız yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına deyil, həm də sağlam, inklüziv və qayğıkeş cəmiyyətin formalaşmasına töhfə verir. Ahıl nəslin sağlamlığının qorunmasına yönələn bu fəaliyyət sağlamlığın, insan ləyaqətinin və nəsillərarası həmrəyliyin dayanıqlı inkişafın ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir.
Qeyd edək ki, aksiya Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə də uzlaşır. Xüsusilə, DİM 3 – Sağlamlıq və rifah çərçivəsində hər kəs üçün sağlam həyatın təmin edilməsi və rifahın təşviqi, DİM 10 – Bərabərsizliyin azaldılması baxımından həssas qrupların tibbi xidmətlərə çıxışının dəstəklənməsi, eləcə də DİM 4 – Keyfiyyətli təhsil istiqamətində tibb tələbə və rezidentlərinin praktiki bilik və sosial məsuliyyət bacarıqlarının inkişafı baxımından əhəmiyyətlidir.

