Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və sağlamlıq elmləri təhsili kafedrasının təşkilatçılığı ilə tibb kolleclərinin müəllimləri üçün “Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda praktik seminar keçirilib.
Aztibb.az xəbər verir ki, seminar klinik bacarıqların tədrisi və qiymətləndirilməsi sahəsində müasir metodların müzakirəsi, innovativ pedaqoji yanaşmaların təqdim edilməsi və müəllimlər arasında akademik təcrübə mübadiləsinin təşviq olunması məqsədi ilə təşkil olunub.
Tədbirdə Tibb və sağlamlıq elmləri təhsili kafedrasının baş müəllimi, tədris işləri üzrə müdir müavini Samirə Məmmədova əvvəlcə kafedranın fəaliyyəti haqqında məlumat verib. O, bacarıq dərslərinin təşkili və keçirilməsi metodikasından danışaraq bildirib ki, bu dərslərin əsas məqsədi tələbələrə tibbi prosedurları düzgün ardıcıllıqla öyrətmək və onların qazandıqları bacarıqları müstəqil şəkildə tətbiq etmələrinə şərait yaratmaqdır.
S.Məmmədova vurğulayıb ki, klinik bacarıqların effektiv mənimsənilməsi üçün müəllimin proseduru nümayiş etdirməsi, onun icra mərhələlərini izah etməsi, tələbələrə müstəqil məşq imkanının yaradılması və müntəzəm geribildirimin verilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təkrar məşqlər vasitəsilə bacarıqların mərhələli şəkildə inkişaf etdirilməsi, tələbələrin fərdi irəliləyişinin izlənilməsi və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar əsasında obyektiv qiymətləndirmənin aparılması tədrisin keyfiyyətini yüksəldən əsas amillərdəndir.
Daha sonra kafedranın assistenti İlhamə Cəfərova Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) mövzusunda təqdimatla çıxış edib. O, imtahanın təşkili və qiymətləndirmə prinsipləri, stansiyaların hazırlanması və tətbiqi, eləcə də imtahan zamanı yarana biləcək çətinliklər və onların aradan qaldırılması yolları barədə məlumat verib.
İ.Cəfərova qeyd edib ki, OSKİ tələbələrin klinik bacarıqlarını standartlaşdırılmış və obyektiv şəkildə qiymətləndirməyə imkan yaradır. Bu metod zamanı bütün tələbələr eyni şərtlər daxilində tapşırıqları yerinə yetirir, nəticələr isə əvvəlcədən müəyyən edilmiş meyarlar və vahid qiymətləndirmə vərəqləri əsasında dəyərləndirilir. O, OSKİ-nin nəzəri biliklərin praktik tətbiqini müəyyənləşdirmək, prosedurların düzgün ardıcıllıqla icrasını qiymətləndirmək və tədris prosesində vahid yanaşmanı təmin etmək baxımından əhəmiyyətini vurğulayıb.
Seminar çərçivəsində kafedranın digər assistenti Rəhilə Mircavadlı da DOPS (Direct Observation of Procedural Skills – prosedur bacarıqlarının birbaşa müşahidəsi) qiymətləndirmə üsulu haqqında təqdimat edib. O, DOPS-un mahiyyəti, tətbiq qaydaları, tədris prosesində əhəmiyyəti və beynəlxalq təcrübədə istifadəsi barədə məlumat verib.
R.Mircavadlı, həmçinin Miller piramidası haqqında danışaraq, nəzəri biliklərin praktik bacarıqlara çevrilməsinin və tələbələrin klinik fəaliyyətinin müxtəlif səviyyələrdə qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılar suallarını ünvanlayıb, öz təcrübə və fikirlərini bölüşüblər.
Qeyd edək ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 4-cü məqsədə – Keyfiyyətli təhsilə töhfə vermək mıəqsədilə baş tutub. Müəllimlərin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir tədris və qiymətləndirmə metodlarının təşviqi, eləcə də təhsil prosesində obyektiv və standartlaşdırılmış yanaşmaların tətbiqi səhiyyə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, klinik bacarıqların daha effektiv öyrədilməsi gələcək tibb mütəxəssislərinin peşəkar hazırlığının gücləndirilməsinə və bununla da DİM 3-ün – Sağlamlıq və rifahın məqsədlərinə dolayı töhfə verir.

