Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə SICS üsulu ilə katarakta əməliyyatı icra olunub.
Aztibb.az-a xəstəxanadan bildirilib ki, əməliyyat hər iki gözündə görmə kəskinliyi yalnız işıq hissi səviyyəsində olan 77 yaşlı qadın pasiyentin sağ gözündə icra olunub. Pasiyentdə büllurun son dərəcə sərt, tünd qəhvəyi rəngli kataraktası müşahidə edilib.
Belə yüksək sərtlikdə olan kataraktalarda fakoemulsifikasiya(Fakoemulsifikasiya – göz büllurunun ultrasəs vasitəsilə parçalanaraq çıxarıldığı və yerinə süni göz büllurunun yerləşdirildiyi əməliyyat üsuludu) texniki baxımdan yetərsiz ola bilər və ya ultrasəs enerjisinin istifadəsi səbəbindən göz toxumalarına əlavə təsir göstərə bilər. Bu səbəbdən, pasiyentin klinik vəziyyəti və kataraktanın xüsusiyyətləri nəzərə alınaraq, SICS üsulu alternativ cərrahi yanaşma kimi seçilib.
Quba Rayon Mərkəzi Xəstəxanasında oftalmoloq Uzm. Dr. Xəlil Səfərov tərəfindən ilk dəfə Kiçik Kəsikli Katarakta Cərrahiyyəsi (SICS) üsulu ilə kataraktanın çıxarılması və göz daxilinə süni büllurun (linzanın) implantasiyası əməliyyatı uğurla həyata keçirilib.
Görmə qabiliyyətinin tam və effektiv bərpası üçün hər bir pasiyentin fərdi xüsusiyyətlərinin nəzərə alınması və ən optimal cərrahi metodun tətbiq edilməsi şərtdir.

