Azərbaycan Tibb Universitetinin (ATU) alimləri Daşkənd şəhərində Özbəkistan Respublikası Elmlər Akademiyasının akademik S.Y. Yunusov adına Bitki Maddələri Kimyası İnstitutunun yaradılmasının 70 illiyinə həsr olunmuş “Bioloji aktiv birləşmələr: Kimyadan təbabətə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
Aztibb.az-ın xəbərinə görə, ATU-nun Elmi Departamentinin rəhbəri, Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri professor Eldar Qarayev və Əczaçılıq kimyası kafedrasının müdiri professor Tahir Süleymanov konfransa dəvətli məruzəçilər qismində qatılaraq plenar iclasda çıxış ediblər.
Kimya, farmakologiya, tibb və əczaçılıq sahələrində çalışan alim və mütəxəssisləri bir araya gətirən konfransda bioloji aktiv birləşmələrin sintezi və tədqiqi, təbii mənşəli maddələrin farmakoloji xüsusiyyətləri, yeni dərman vasitələrinin yaradılması və müasir əczaçılıq elminin aktual istiqamətləri müzakirə olunub.
E.Qarayev “Thalictrum minus L. bitkisinin köklərinin alkaloid tərkibinin öyrənilməsi və toksik təsir şəraitində toksikoloji, biokimyəvi, hematoloji və ultrastruktur dəyişikliklərin in vivo qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, xalq təbabətində istifadə olunan bitkilərin mümkün toksik təsirlərinə və onların təhlükəsizliyinin elmi cəhətdən qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
T.Süleymanov isə “Azərbaycan florasının seçilmiş bitki növlərinin fitokimyəvi tədqiqi və onların tətbiq imkanları” mövzusunda məruzə təqdim edib. O, Azərbaycanın zəngin bitki ehtiyatlarının fitokimyəvi tədqiqi, onların potensial tətbiq imkanları və əczaçılıq elmi baxımından əhəmiyyəti ilə bağlı araşdırmalarını konfrans iştirakçıları ilə bölüşüb.
ATU alimlərinin beynəlxalq elmi konfransda iştirakı elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, əczaçılıq sahəsində aparılan tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi və xarici elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.

