Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri bundan sonra “Guyton and Hall Textbook of Medical Physiology” adlə dərsliyi öz doğma dilimizdə oxuyacaqlar. Dünyada məşhur olan bu kitab bir çox ölkələrdə, uzun illərdir ki, əsas dərslik kimi geniş istifadə olunmaqdadır. Kitab 1956-cı ildən başlayaraq bugünə qədər 15 dəfə təkrar nəşr olunub və hər dəfə ən yeni müasir elmi məlumatlarla zənginləşdirilib.
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
Bildirilib ki, artıq bizim ölkədə də bu dərslik Azərbaycan dilində nəşr olunaraq tələbələrin və tibb ictimaiyyətinin ixtiyarına verilib. Nəşr olunan dərslik müasir fiziologiyanın əsas istiqamətlərini əhatə edir və tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, fizioloji proseslərin daha dərindən mənimsənilməsi məqsədi daşıyır.
Fiziologiya sahəsində ilk addım olan dərsliyin Azərbaycan dilinə tərcüməçisi Normal fiziologiya kafedrasının əməkdaşı, baş müəllim Aygün Cəfərovadır. Kitabın ərsəyə gəlməsində ATU-nun digər əməkdaşları əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor, Normal fiziologiya kafedrasının müdiri Arif Məmmədov, dövlət qurumları və media ilə əlaqələr, beynəlxalq əməkdaşlıq, bədii və tibbi tərcümə üzrə mütəxəssis Əli Verdiyev; Normal fiziologiya kafedrasının dosenti Aqil Əliyev və həmin kafedranın baş müəllimi Günay Eminovanın də əməyi var.
Beynəlxalq səviyyədə qəbul edilən belə bir dərsliyin Azərbaycan dilinə tərcüməsi mühüm və cəsarətli addım olmaqla yanaşı, tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tibbi biliklərin tələbələr və səhiyyə işçiləri üçün daha əlçatan edilməsi, eləcə də Azərbaycan tibb təhsilinin elmi potensialının daha geniş miqyasda tanıdılması baxımından dəyərli töfhə kimi qiymətləndirilir.
Qeyd edək ki, Aygün Cəfərova bundan əvvəl də kafedranın tarixində ilk dəfə hazırlanmış “Tibbi fiziologiya atlası” dərs vəsaitinin müəllifi olub.

