Azərbaycan Tibb Universitetinin alimləri baş ağrısı pozuntuları sahəsində apardıqları elmi araşdırmaları Gürcüstanda keçirilən beynəlxalq konfransda təqdim ediblər.
Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nu təmsil edən professor Sədaqət Hüseynova və dosent Aygün Musayeva miqrenin psixiatrik komorbidləri, eləcə də uşaqlar və yeniyetmələr arasında baş ağrısı pozuntularının yayılması ilə bağlı tədqiqatlarını beynəlxalq mütəxəssislərin diqqətinə çatdırıblar.
“Baş ağrısı və boyun ağrısı: Çətinliklər, diaqnostik tələlər və yeni imkanlar” mövzusunda keçirilən konfransda professor Sədaqət Hüseynova “Miqrenin psixiatrik komorbidləri”, dosent Aygün Musayeva isə “Azərbaycanda, Bakı şəhərində məktəbyaşlı uşaqlar və yeniyetmələr arasında baş ağrısı pozuntularının yayılma tezliyi və klinik spektri” mövzularında məruzələrlə çıxış ediblər.
Hər iki elmi təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Məruzələr baş ağrısı pozuntularının müxtəlif aspektlərinin elmi müstəvidə müzakirəsinə, bu sahədə bilik və təcrübə mübadiləsinə töhfə verib.

