Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Zemfira Nadirlinin tədqiqatının nəticələri “Elsevier” nəşriyyatının nüfuzlu “Journal of Forensic and Legal Medicine” jurnalında dərc olunub.
Aztibb.az xəbər verir ki, “The tuberculum marginale as a demographic marker: Morphometric insights from an Azerbaijani cohort” adlı məqalədə almacıq sümüyünün kənar qabarcığının (tuberculum marginale) ölçülərinin cins və yaşdan asılı dəyişkənliyi araşdırılıb.
Retrospektiv morfometrik tədqiqat çərçivəsində ATU-nun Tədris-Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin arxivindən 408 nəfərin kəllə kompüter tomoqrafiyası görüntüləri təhlil olunub.
Müəllifin qənaətinə görə, kənar qabarcıq məhkəmə-tibbi ekspertizada cinsin təyinində digər kəllə-üz göstəriciləri ilə birlikdə əlavə meyar kimi istifadə oluna bilər. O, həmçinin almacıq sümüyünün rekonstruksiyası və göz yuvası əməliyyatlarında etibarlı cərrahi oriyentir sayıla bilər. Bu fakt Azərbaycan populyasiyasına aid anatomik məlumatların beynəlxalq elmi ədəbiyyata daxil edildiyini göstərir.
Qeyd edək ki, bu, Zemfira Nadirlinin həmin mövzuda ilk elmi uğuru deyil. Onun “CT-based Morphometric Assessment of the Marginal Tubercle in the Azerbaijani Population” adlı məqaləsi 2026-cı ildə Q1 kateqoriyalı “Advances in Biology & Earth Sciences” jurnalında dərc olunub. Bundan əlavə, “Morphometric characteristics of the marginal tubercle of the zygomatic bone in the elderly” adlı araşdırması 2025-ci ildə “Journal of Theoretical, Clinical and Experimental Morphology” jurnalında, “CT-based morphometric evaluation of the marginal tubercle in the Azerbaijani population: anthropological, surgical, and forensic implications” adlı işi isə həmin il “Zenodo” platformasında yer alıb.
Beləliklə, almacıq sümüyünün anatomik xüsusiyyətlərinin öyrənilməsi elmi biliklərin genişləndirilməsi ilə yanaşı, cərrahi müdaxilələrin dəqiqliyinin artırılması və tibbi praktikanın təkmilləşdirilməsi baxımından da əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan araşdırmalar daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə töhfə verməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü məqsədinin — “Sağlamlıq və rifah”ın hədəfləri ilə uzlaşır.

