Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır    
07.10.2026 12:47

Müasir dövrdə bəşəriyyətin üzləşdiyi əsas problemlərdən biri ekoloji təhdidlərdir. Bu baxımdan alternativ və təmiz enerji mənbələrinin işlənib hazırlanması, eləcə də yaşıl kimya istiqamətində tədqiqatların aparılması dünya alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir.

 

Bunu müsahibəsində Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Keçid metal xalkogenidləri əsasında funksional materialların alınması laboratoriyasının müdiri dosent Faiq Məmmədov bildirib. O qeyd edib ki, laboratoriyada alternativ enerji və ekoloji problemlərin həllinə yönəlmiş bir sıra tədqiqatlar həyata keçirilir: “Əldə etdiyimiz funksional xassəli materialların bəzi fotovoltaik elementlərdə tətbiqi artıq müəyyənləşdirilib. Bu tip tədqiqatlara dünya elmi ədəbiyyatında da rast gəlinir. Aldığımız materiallar suyun fotokatalitik parçalanması prosesində, eyni zamanda, çirkab sulardan müxtəlif dərman maddələri ilə çirklənmiş suların təmizlənməsində mühüm rol oynaya bilər. Əldə etdiyimiz materiallar yüksək fotokatalitik aktivliyə malik olmaqla, fotokatalitik proseslərdə geniş tətbiq imkanları vəd edir”.

 

F.Məmmədov vurğulayıb ki, hazırda alternativ və təmiz enerji, eləcə də yaşıl kimya sahəsində mühüm tədqiqat istiqamətlərindən biri hidrogenin alınmasıdır: “Hazırda hidrogenin alınmasının əsas istiqamətlərindən biri suyun fotokatalitik parçalanması prosesidir. Lakin bu proseslərdə ənənəvi enerji mənbələrindən istifadə zərurəti yaranır. Dünya tədqiqatçılarının, o cümlədən bizim qarşımızda duran əsas məsələlərdən biri günəş enerjisindən istifadə etməklə suyun elektroliz prosesinin həyata keçirilməsidir”. Onun sözlərinə görə, laboratoriyada əldə olunan bəzi materiallar suyun katalitik parçalanması, yəni elektroliz prosesində uğurla tətbiq oluna bilər. Bu istiqamətdə aparılan tədqiqatların gələcəkdə təmiz enerji mənbələrinin əldə olunmasına və ekoloji problemlərin həllinə töhfə verəcəyi gözlənilir.

 

O əlavə edib ki, bu tədqiqatların əsas məqsədlərindən biri günəş enerjisindən səmərəli istifadə etməklə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan əlverişli texnologiyaların hazırlanmasına töhfə verməkdir. Əldə olunan funksional materialların fotokatalitik xüsusiyyətlərinin öyrənilməsi onların həm hidrogen istehsalında, həm də su hövzələrinin müxtəlif çirkləndiricilərdən təmizlənməsində tətbiq perspektivlərini genişləndirir. Bu baxımdan aparılan araşdırmalar yaşıl enerji texnologiyalarının inkişafı və davamlı ekoloji həllərin yaradılması istiqamətində mühüm elmi əhəmiyyət daşıyır.

 

AzərTac

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib