Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə Xızı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Aztibb.az xəbər verir ki, aksiya Xızı Rayon İcra Hakimiyyəti, Xızı Rayon Mərkəzi Xəstəxanası və Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə baş tutub.
Aksiyada Respublika Qan Bankının tibbi heyəti iştirak edib. Qanverməyə qoşulan vətəndaşlar əvvəlcə xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, onların sağlamlıq vəziyyəti və donor kimi qanverməyə uyğunluğu qiymətləndirilib. Müayinədən sonra uyğun hesab edilən şəxslərdən qan götürülüb.
Qanvermə aksiyasına Xızı Rayon İcra Hakimiyyətinin, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri və mülki vətəndaşlar qoşulublar.
Keçirilən aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin qan ehtiyatlarına olan tələbatının qarşılanmasına və könüllü donor hərəkatının təşviqinə töhfə verib.

