Bel ağrısının SƏBƏBLƏRİ – Hansı xəstəliklərdən xəbər verir? – Müsahibə  
24.11.2020 10:22

Rəsmi statistikaya görə əhalinin 80%-i bel ağrısından əziyyət cəkir. Bu hala qadınlarda və kişilərdə təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər.

 

Aztibb.az Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, fizioterapevt Səidə Kərimovanın bel ağrısı ilə bağlı müshaibəsini təqdim edir:

 

- Bel ağrısı əsasən neçə müddət çəkir?

 

- Bel ağrısı qəflətən başlaya bilər. Bu adətən ağır bir əşya qaldırandan sonra, ya da zamanla bel strukturunda dəyışikliyə görə tədricən başlayır. Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən cox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.

 

Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğa strukturlarının - fəqərələr, disklər, əzələ və bağlarının normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.

 

- Bel strukturları hansılardır?


- Onurğanın bel hissəsində 5 fəqərə var (L1_L5) və onlar yuxarı gövdənin ağırlığını daşıyır. Fəqərəarası məsafələrdə yumru yastıqçalar var – bunlar fəqərəarası disklərdir. Bu disklər fəqərələrə düşən ağırlığı və hərəkət zamanı dinamik yüklənməni öz üzərinə götürür. Bağlar və vətərlər fəqərələri fiksasiya edir və əzələləri onurğaya birləşdirir. 31 sinir cütü onurğadan çıxır və bədənin hərəkətlərini kontrol edib bədəndən siqnalları beyinə otürür.

 

- Bel ağrılarının səbəbləri nələrdir?

 

- Bel ağrılarının tez-tez rast gəlinən səbəbləri bunlardır:

 

Onurğa əzələsinin və bağların dartılması - bu kimi kəskin ağrılar əzələ və bağların həddən artıq gərilməsi və zədələnməsi ilə bağlıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər. Bel əzələləri ilə bağlı ağrılar ayrı sindrom kimi də çıxış edə bilər (m. Psoas sindromu və s.)

 

• Spondilyoz və fəqərəarası disklərin degenerasiyası. Ən cox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.

 

• Disk yırtıqları və protruziyalar da çox geniş yayılmış problemdir.

 

• Radikulopatiya - bu vəziyyət sinir kökünün sıxılması, zədələnməsi və iltihablaşması nəticəsində baş verir. Sinir sıxılanda ağrı, keyləşmə və digər simptomlar sinir innervasiya sahəsində müşahidə oluna bilər. Radikulopatiya ən çox spinal stenoz və disk yırtığı zamanı sinir sıxılmasında baş verir.

 

• İşiaz - oturaq sinirin iltihablaşmasıdır. Bu sinir bədənin ən iri və uzun siniridir. Bel nahiyəsində bir neçə sinirin birləşməsindən əmələ gələn bu sinir ayaq pəncəsinə qədər uzanır. İşiaz zamanı müxtəlif ağrılar ola bilər, beldən başlayıb ayağın barmaqlarına qədər irradiasiya verə bilər. Kəskin, yandırıcı, “cərəyan vuran” kimi, ya da yorucu sızıltı şəklində ağrılar olur.

 

• Piriformis sindrom - oturaq sinirinin piriformis əzələsinin altında sıxılması, ya da qıcıqlanması nəticəsində baş verən ağrılı bir sindromdur. İşiazın təxminən 5%-i bu sindromla bağlı olur. Travmalar və uzunmüddətli oturaq rejimi bu sindromun yaranmasının əsas səbəblərindəndir.

 

• Spondilolistez - bu hallarda fəqərələr normal pozisiyasından “sürüşür” və onurğa beyini və sinirlərini sıxa bilər.

 

• Spinal stenoz - onurğa kanalının daralması nəticəsində baş verir və sinirlərin sıxılması ilə müşahidə olunur. Bu vəziyyətdə hərəkət zamanı ayaqlarda keyləşmə və ağrı olur. Stenoz artdıqca ayaqlarda zəiflik, hissiyyat və hərəkət pozulması baş verə bilər.

 

• Onurğa deformasiyaları - skolioz (bel əyriliyi), lordoz və digərlər. Onurğa deformasiyalarında əzələlər həddən artıq və assimetrik yüklənir, bu da öz növbəsində ağrılara yol aça bilər.

 

- Bel ağrısı daha ciddi xəstəliklərlə bağlı olduğu da qeyd edilir. Bu barədə nə deyə bilərsiz?


- Bu ciddi xəstəliklər arasında infeksion prosesləri, törəmələri, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinədən və müalicədən keçməlidir.

 

Onu da qeyd edim ki, bu xəstəliklərdə də tez-tez bel ağrısına rast gəlmək olar:

 

• Oynaqların iltihabi xəstəlikləri, osteoartrit, revmatoid artrit, spondilit və s.

 

• Osteoporoz - sümük möhkəmliyinin azalması, bu xəstəlik eyni zamanda fəqərələrin və digər sümüklərin sınıqlarına səbəb ola bilər.

 

• Fibromialgiya - xroniki yayılmış ağrı sindromu, əzələlərdə ağrı və zəifliklə müşahidə olunur.