Gündəlik həyatda yaranan kiçik dəyişikliklər ürək xəstəliyindən xəbər verə bilər
13.08.2026 09:50

Pilləkənləri əvvəlkindən daha yavaş çıxmaq, qısa məsafədə tez yorulmaq və ya vaxtaşırı ürəkdöyünməsi yaşamaq bəzən adi yorğunluq kimi qəbul edilir. Lakin gündəlik fiziki aktivliyin azalması, daha çox liftə üstünlük vermək və yorucu işlərdən qaçmaq ürək-damar sistemində yaranan problemlərin ilkin əlamətləri ola bilər.

Aztibb.az xəbər verir ki, ürək xəstəlikləri hər zaman güclü sinə ağrısı və ya ciddi nəfəs darlığı ilə özünü göstərmir. Bəzi ürək-damar xəstəlikləri uzun müddət simptomsuz inkişaf edə və yalnız müayinə zamanı aşkarlana bilər.

Gəzinti zamanı əvvəlkindən daha tez yorulmaq, pilləkən çıxarkən nəfəs darlığı, sinədə təzyiq və ya narahatlıq hissi, ürəkdöyünməsi, başgicəllənmə və fiziki dözümlülüyün azalması diqqət tələb edən əlamətlərdir. Bu dəyişikliklər stress, yuxusuzluq və yaşla əlaqələndirilsə də, təkrarlanır və getdikcə artırsa, həkimə müraciət etmək lazımdır.

Ürək-damar xəstəlikləri müxtəlif əlamətlərlə özünü göstərə bilər. Koronar damarlardakı daralmalar bəzi insanlarda sinə ağrısı əvəzinə yalnız fiziki fəaliyyət zamanı tez yorulma ilə müşahidə olunur. Ürək qapağı xəstəlikləri nəfəs darlığı və gündəlik fəaliyyətlərin zəifləməsinə, ritm pozğunluqları isə aralıq ürəkdöyünmələrinə səbəb ola bilər.

Ailəsində erkən yaşda ürək xəstəliyi olanlar, yüksək təzyiq, diabet və ya yüksək xolesterindən əziyyət çəkənlər, siqaret çəkənlər, artıq çəkisi olanlar və fiziki cəhətdən passiv şəxslər daha diqqətli olmalıdır. Əvvəllər ürək xəstəliyi diaqnozu qoyulan və ya stent, ürək əməliyyatı keçirən şəxslərin özlərini yaxşı hiss etsələr belə, həkim nəzarətini davam etdirməsi vacibdir.

Ürək müayinələri isə hər kəs üçün eyni qaydada aparılmamalıdır. Yaş, şikayətlər, ailə anamnezi və risk faktorlarına əsasən fərdi müayinə planı hazırlanır. Lazım gəldikdə elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, qan analizləri, Holter monitorinqi, fiziki yük testi və digər müayinələrdən istifadə edilə bilər.

Yeni başlayan və ya artan nəfəs darlığı, fiziki fəaliyyət zamanı sinədə narahatlıq, ürəkdöyünməsi, bayılma və ayaqlarda şişkinlik olduqda tibbi qiymətləndirmə gecikdirilməməlidir. Ani və güclü sinə ağrısı, qəfil nəfəs darlığı, bayılma və soyuq tərlə müşayiət olunan ciddi narahatlıq isə təcili tibbi yardım tələb edə bilər.

Ürəyin xəbərdarlıqlarını yalnız ağrı ilə əlaqələndirmək düzgün deyil. Gündəlik həyatda yaranan və davamlı xarakter alan kiçik dəyişikliklər də vaxtında qiymətləndirilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır