Tibb bacısı/qardaşı işində ali təhsilin əhəmiyyəti: Dünya təcrübəsi və ATU-nun yanaşması  
28.07.2026 14:23

  Müasir səhiyyə sistemində tibb bacısının/qardaşının fəaliyyəti yalnız həkim tərəfindən verilən göstərişlərin və tibbi prosedurların yerinə yetirilməsi ilə məhdudlaşmır. Tibb bacıları/qardaşları pasiyentin vəziyyətinin davamlı qiymətləndirilməsi, təhlükəli əlamətlərin vaxtında müəyyənləşdirilməsi, xəstə və onun ailəsi ilə düzgün ünsiyyətin qurulması, profilaktik tədbirlərin həyata keçirilməsi və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayırlar. Bu vəzifələrin peşəkar səviyyədə icrası isə sistemli və yüksək keyfiyyətli ali təhsil tələb edir.

 

Aztibb.az-ın xəbərinə görə, dünyanın bir çox ölkəsində tibb bacısı/qardaşı işi müstəqil ali təhsil və elmi fəaliyyət sahəsi kimi formalaşıb. Avropa ölkələrində, Türkiyədə, Qazaxıstanda və digər dövlətlərdə tibb bacıları/qardaşları bakalavr, magistratura və doktorantura pillələrində təhsil almaq imkanına malikdirlər. Bu sistem tibb bacılarına/qardaşlarına yalnız klinik müəssisələrdə işləmək deyil, həm də tədris, elmi-tədqiqat, idarəetmə, ictimai səhiyyə və səhiyyə xidmətlərinin təşkili sahələrində fəaliyyət göstərmək imkanı yaradır. Ali təhsil tibb bacısının/qardaşının klinik düşünmə, müstəqil qərarvermə, komanda daxilində işləmə və sübutlara əsaslanan yanaşmalardan istifadə bacarıqlarını inkişaf etdirir. Belə hazırlığa malik mütəxəssis pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında qiymətləndirə, mümkün riskləri müəyyənləşdirə və həkimlə effektiv əməkdaşlıq edə bilir. Buna görə də müasir səhiyyədə tibb bacısı/qardaşı həkimin köməkçisi deyil, multidissiplinar komandanın üzvü kimi qəbul edilir.

 

Azərbaycanda tibb bacısı/qardaşı işi üzrə ali təhsilin inkişafında Azərbaycan Tibb Universitetinin (ATU) mühüm rolu var. Universitetdə “Tibb bacısı/qardaşı işi” ixtisası üzrə bakalavr hazırlığına 2020-ci ildən başlanılıb. Dördillik təhsil proqramını başa vuran məzunlar bakalavr dərəcəsi əldə edir və təhsillərini magistratura, gələcəkdə isə doktorantura səviyyəsində davam etdirmək imkanı qazanırlar. ATU-da həyata keçirilən proqram yalnız klinik bacarıqların öyrədilməsinə əsaslanmır. Tələbələr fundamental və klinik fənlərlə yanaşı, elmi-tədqiqat, idarəetmə, liderlik, kommunikasiya, marketinq, pasiyent təhlükəsizliyi və ictimai səhiyyə istiqamətləri üzrə də bilik və bacarıqlar əldə edirlər. Bu yanaşma məzunların dəyişən səhiyyə mühitinə uyğunlaşmasına, daha müstəqil işləməsinə və peşəkar inkişafını davam etdirməsinə şərait yaradır.

 

ATU-nun xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı da proqramın beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Türkiyənin Qazi və Ege universitetləri ilə həyata keçirilən tələbə mübadiləsi proqramları çərçivəsində ATU tələbələri bir semestr ərzində xaricdə təhsil və təcrübə keçirlər. Eyni zamanda, xarici mütəxəssislərin, alimlərin və peşəkar tibb bacılarının/qardaşlarının tədris prosesinə cəlb olunması tələbələrin beynəlxalq təcrübə ilə tanışlığını genişləndirir.

 

Tibb bacısı/qardaşı işində ali təhsilin inkişafı səhiyyə xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə ATU-da həyata keçirilən tədbirlər Azərbaycanda müasir biliklərə, klinik təfəkkürə və peşəkar məsuliyyətə malik yeni nəsil tibb bacılarının/qardaşlarıının hazırlanmasına mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib