Türkiyənin istehsal etdiyi yerli ürək-ağciyər aparatı ilk əməliyyatda uğurla tətbiq olundu
28.06.2026 08:33

Türkiyə Səhiyyə Nazirliyi və "ASELSAN"ın birgə əməkdaşlığı ilə istehsal olunan ölkənin ilk yerli ürək-ağciyər aparatı vasitəsilə həyata keçirilən ilk açıq ürək əməliyyatı uğurla başa çatıb.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Ankara Bilkent Şəhər Xəstəxanasında ilk dəfə yerli "LIFELINE HLM" ürək-ağciyər aparatının tətbiq olunduğu əməliyyatdan sonra 51 yaşlı Bülənt Yeniayı ziyarət edib, həkimlərdən xəstənin vəziyyəti və aparılan işlər barədə ətraflı məlumat alıb.

Jurnalistlərə açıqlama verən nazir tarixi günü Türkiyə  səhiyyəsi və tibbi sənayesi üçün qürurverici mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, ASELSAN tərəfindən mühəndislər və həkimlərin birgə fəaliyyəti nəticəsində hazırlanan yerli ürək-ağciyər aparatı təxminən 5–6 ay əvvəl heyvanlar üzərində sınaqları uğurla başa vurub və artıq Bilkent Şəhər Xəstəxanasında ilk dəfə insan üzərində tətbiq edilib.

Nazir vurğulayıb ki, bu gün həmin cihazla əməliyyat olunan xəstəni də ziyarət ediblər: "Cihaz yerlidir, məkan yerlidir, xəstə yerlidir. Türkiyə səhiyyə sənayesində artıq böyük uğurların ilk nəticələrini görməyə başlayır. Hörmətli Prezidentimizin rəhbərliyi ilə səhiyyədə qoruyan, inkişaf etdirən və istehsal edən "Türkiyə Əsri"ni qurmaq üçün əlimizdən gələni edirik."

Kemal Memişoğlu layihənin həyata keçirilməsində əməyi olan xəstəxana rəhbərliyinə, ASELSAN mühəndislərinə, həkimlərə və bütün tibb işçilərinə təşəkkür edərək bildirib ki, birlikdə çalışdıqda öhdəsindən gəlinməyəcək heç bir vəzifə yoxdur.

Nazir qeyd edib ki, Türkiyə yaxın gələcəkdə tibbi texnologiyalar və tibbi avadanlıq istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevriləcək.

"Bu uğurun əsasında burada çalışan insanların peşəkarlığı və istedadı dayanır. Biz sadəcə onların fəaliyyətinə dəstək veririk. Mühəndislər, həkimlər və səhiyyə işçiləri bir araya gəldikdə dünyanın ən müasir tibbi cihazlarını yerli imkanlarla istehsal edə bilirlər. Bu gün də həmin cihaz sayəsində xəstəmizə şəfa verilir." – deyə nazir bildirib.

"Türkiyənin hər yerində ürək əməliyyatları aparmaq mümkündür"

Kemal Memişoğlu vurğulayıb ki, Türkiyə hər zaman humanitar dəyərlərin və doğru mövqenin yanında olub, türk xalqı ehtiyac içində olan insanlara yardım etməyi özünə borc bilir.

Nazirin sözlərinə görə, hazırda ölkənin bütün bölgələrində yüksək səviyyəli ürək-damar cərrahiyyəsi xidmətləri göstərilir.

"Hakkaridən İstanbula, İzmirdən Trabzona qədər Türkiyənin hər yerində ürək əməliyyatları və koronar angioqrafiya prosedurları uğurla həyata keçirilir."

O, həmçinin ürək-damar xəstəliklərinin qarşısının alınmasının vacibliyini vurğulayaraq vətəndaşları siqaret və digər tütün məmulatlarından uzaq durmağa, fiziki aktivliyi artırmağa və artıq çəkidən qorunmağa çağırıb.

Ziyarətdə Bilkent Şəhər Xəstəxanasının Koordinator Baş həkimi professor Levent Öztürk, Döş qəfəsi, Ürək və Damar Xəstəlikləri Xəstəxanasının Baş həkimi professor Çağrı Yayla, Türkiyə Səhiyyə İnstitutları Başçısı professor Ümit Kervan, ASELSAN-ın baş direktorunun müavini və UGES sektorunun rəhbəri Alaattin Dökmən, eləcə də ASELSAN-ın Səhiyyə Proqramları direktoru Fatih Tan iştirak ediblər.

Yerli ürək-ağciyər aparatı ilk dəfə klinik istifadəyə verildi

ASELSAN tərəfindən hazırlanmış, heyvan sınaqları və klinik tədqiqatları Türkiyə Səhiyyə Nazirliyinə tabe olan Türkiyə Səhiyyə İnstitutları tərəfindən aparılan "LIFELINE HLM" yerli ürək-ağciyər aparatı Ankara Bilkent Şəhər Xəstəxanasında icra olunan açıq ürək əməliyyatı zamanı ilk dəfə uğurla istifadə edilərək klinik praktikaya tətbiq olunub.

Koronar arteriya xəstəliyi diaqnozu qoyulmuş, Ankarada yaşayan 51 yaşlı Bülənt Yeniaya icra edilən koronar arter bypass əməliyyatı zamanı istifadə olunan aparat əməliyyat boyu xəstənin qan dövranı və orqanizmin oksigenlə təmin olunması funksiyalarını öz üzərinə götürərək cərrahi briqadanın işini təhlükəsiz şəkildə dəstəkləyib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim