Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə tədris proqramlarının yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı növbəti görüş keçirilib.
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın “Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu” üzrə İşçi Qrupunun həmsədri, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə keçirilən görüşdə komissiya üzvləri və əmək bazarının nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən rektor Gəray Gəraybəyli ölkəmizdə əsas tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə həyata keçirilən islahatları diqqətə çatdırıb.
Rektor bildirib ki, yeni tələblər müasir tibb elminin inkişafı və səhiyyə sisteminin kadr ehtiyacları nəzərə alınmaqla, ali təhsil müəssisələrində tədrisin məzmununun əsaslı şəkildə təkmilləşdirilməsini zəruri edir. O, təhsil standartlarının hazırlanması zamanı beynəlxalq təcrübənin nəzərə alınmasının, proqramların qlobal tibb təhsili standartlarına uyğunlaşdırılmasının və əmək bazarının tələblərinin əsas götürülməsinin əhəmiyyətini qeyd edib.
Nəzəri biliklərlə yanaşı, klinik hazırlığın gücləndirilməsinin vacibliyinə də toxunan rektor bildirib ki, yenilənən kurikulumlar tələbəyönümlü yanaşma əsasında qurulmalı, tələbələrin praktiki bilik və klinik bacarıqlarının inkişafına xüsusi önəm verilməlidir.
Tədris proqramlarının yenilənməsinin üstünlüklərindən bəhs edən rektor Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə qlobal və milli standartlara uyğunlaşdırılmış təhsil proqramları ilə beynəlxalq akkreditasiyadan uğurla keçib.
Görüşdə ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması ilə bağlı müəyyənləşdirilmiş yeni tələblər barədə məlumat verib.
Tədris işləri üzrə prorektor, professor Anar Ağayev isə universitetin kadr hazırlığı və təhsil proqramlarının müasirləşdirilməsi istiqamətində strateji əməkdaşlıq təcrübəsindən danışıb. O, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlığı bu baxımdan uğurlu nümunə kimi dəyərləndirib, mövcud təcrübənin digər maraqlı tərəflərlə də genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Müzakirələr zamanı əmək bazarının nümayəndələrinin tədris proqramlarının yenilənməsi prosesində iştirakının vacibliyi də diqqətə çatdırılıb. Rektor onların imtahan proseslərinə cəlb edilməsinin də faydalı olacağını bildirib.
Görüşün yekununda İşçi Qrupunun yaradılması, qısa müddət ərzində əsas tibb təhsili üzrə standartların yenilənməsinə dair müvafiq təkliflərin hazırlanması və növbəti görüşdə müzakirəyə təqdim edilməsi barədə qərar qəbul olunub.

