Ağıllı dərman xərçəngin “görünməzlik qalxanı”nı aradan qaldırdı
13.06.2026 15:28

Xərçəng hüceyrələrinin immun sistemindən gizlənməsinin qarşısını alan yeni ağıllı dərmanın ən geniş yayılmış altı xərçəng növündə şişləri ən azı 30 faiz kiçildə bildiyi açıqlanıb. Erkən mərhələli klinik sınaqların nəticələri preparatın böyük potensiala malik olduğunu göstərib.

Aztibb.az "Medikforum"a istinadən yazır ki, Oksford alimləri tərəfindən hazırlanmış yeni dərman xərçəng hüceyrələrinin immun sistemindən gizlənməsinə mane olur və nəticədə orqanizmin müdafiə sistemi həmin hüceyrələri tanıyaraq məhv edə bilir.

Böyük Britaniya, Fransa, İspaniya və Avstraliyada aparılan tədqiqatda uşaqlıq boynu, sidik kisəsi, qaraciyər, bağırsaq, ağciyər, eləcə də baş-boyun xərçəngi olan 83 xəstəyə eksperimental GRWD5769 preparatı immunoterapiya dərmanı olan Cemiplimab ilə birlikdə tətbiq edilib.

Mançesterdəki Christie NHS Fondunun rəhbərlik etdiyi araşdırmada 26 xəstədə şişlərin kiçildiyi müəyyən olunub. Onlardan 15-də şiş ölçülərində ən azı 30 faiz azalma qeydə alınıb.

Tədqiqat iştirakçılarının hamısının əvvəlki müalicələrə cavab vermədiyi, əksəriyyətinin isə artıq başqa müalicə variantının qalmadığı bildirilib. Həmçinin qeyd olunub ki, immunoterapiya bu xəstələrdə ya heç təsir göstərməyib, ya da zamanla effektivliyini itirib.

Yeni preparat şiş hüceyrələrinin “görünməzlik qalxanını” aradan qaldıraraq onları immun sisteminin xəstəliklərlə mübarizə aparan hüceyrələri üçün görünən edir. Bunun nəticəsində immunoterapiya xərçəng hüceyrələrini daha effektiv şəkildə hədəfə alaraq məhv edə bilir.

Tədqiqatın nəticələri Çikaqoda keçirilən dünyanın ən böyük onkoloji tədbirlərindən biri olan American Society of Clinical Oncology (ASCO)-nun illik konfransında təqdim olunub.

Məlumata görə, GRWD5769 preparatı sınağa daxil edilən bütün altı xərçəng növündə müsbət nəticə göstərib. Dərman uşaqlıq boynu xərçəngi xəstələrinin 18 faizində, qaraciyər xərçəngi xəstələrinin 32 faizində, sidik kisəsi xərçəngi xəstələrinin 36 faizində, baş-boyun xərçəngi xəstələrinin 38 faizində, bağırsaq xərçəngi xəstələrinin 51 faizində və ağciyər xərçəngi xəstələrinin 55 faizində xəstəliyin inkişafını ən azı altı ay müddətində dayandırıb.

Tədqiqatın rəhbəri, professor T.Fiona bildirib ki, ev şəraitində tablet formasında qəbul edilə bilən bu preparatın erkən mərhələdə nümayiş etdirdiyi nəticələr olduqca təsirlidir. Onun sözlərinə görə, yeni mexanizmlə işləyən dərman immunoterapiyanın effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Preparatın xəstələr tərəfindən yaxşı qəbul edildiyi və daha genişmiqyaslı klinik sınaqlara hazırlıq işlərinin davam etdiyi bildirilib.

Mütəxəssislərin izahına görə, immunoterapiya orqanizmin T-hüceyrələrini xərçənglə mübarizəyə cəlb edir. Lakin xərçəng hüceyrələri ERAP1 adlı fermentdən istifadə edərək T-hüceyrələrindən gizlənə bilir. Bu səbəbdən immunoterapiya xəstələrin təxminən üçdə ikisində gözlənilən nəticəni vermir.

GRWD5769 preparatı isə ERAP1 fermentinin fəaliyyətini bloklayaraq xərçəng hüceyrələrinin gizlənmə mexanizmini aradan qaldırır və onları yenidən immun sisteminin hədəfinə çevirir.

Tədqiqatçılar əldə olunan nəticələrin ümidverici olduğunu bildirsələr də, preparatın uzunmüddətli effektivliyi və təhlükəsizliyinin qiymətləndirilməsi üçün daha geniş klinik sınaqlara ehtiyac olduğunu vurğulayırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır