Tozla gələn ölüm - Hantavirus haqqında nə bilmək lazımdır?
17.05.2026 10:11

Son həftələr hantavirusla bağlı xəbərlər informasiya məkanında geniş müzakirə olunur. Avropa mediası ölüm halları ilə nəticələnən yoluxmalar barədə məlumat yayır, internetdə isə əvvəllər məlum olmayan ştamlar və onların qeyri-adi xüsusiyyətləri barədə müzakirələr aparılır.

 

Aztibb.az "Arqumenti i faktı" nəşrində dərc olunan məqaləni ixtisarla təqdim edir:

 

Belə fərziyyə var ki, Qərb enerji böhranı fonunda hantavirus mövzusunu şişirdir. Hazırkı virus ştamı 2018-ci ildə qeydə alınmış törədici ilə demək olar ki, 99 faiz eynidir.

 

“Hantavirus ətrafındakı isteriya şişirdilib, lakin bu mövzu Böyük Britaniya və Avropa İttifaqında enerji lokdaunlarını əsaslandırmaq üçün istifadə oluna bilər”, – deyə Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

 

Mütəxəssislərin fikrincə, Hantavirus infeksiyası yeni təhlükə deyil. Viruslar ilk dəfə ötən əsrin ortalarında təsvir olunub.

 

Perm Milli Tədqiqat Politexnik Universitetinin “Kimya və biotexnologiya” kafedrasının baş elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov bildirib ki, hantaviruslar geniş patogen ailəsidir və onların hər biri insanlarda müxtəlif xəstəlik formaları yarada bilir.

 

Onun sözlərinə görə, bəzi hantaviruslar uzaq şərq qızdırmasına səbəb olur. Bu xəstəliyin əsas əlaməti damar divarlarının zədələnməsi nəticəsində dəridə yaranan xırda qan sızmalarıdır.

 

Digər virus növü isə böyrək sindromlu hemorragik qızdırma yaradır. Bu zaman xəstədə yüksək hərarət, bel nahiyəsində güclü ağrılar meydana çıxır və sidikdə qan aşkarlanır. Ekspert qeyd edib ki, Rusiyada əsasən bu variant yayılıb və vaxtında müalicə aparıldıqda xəstələrin böyük əksəriyyəti tam sağalır.

 

Valeri Litvinov vurğulayıb ki, virus təbiətdən heç vaxt yox olmayıb. Onun əsas daşıyıcıları gəmiricilərdir. Heyvanların özləri xəstələnməsə də, infeksiya mənbəyi olaraq qalırlar.

 

İnsanlar əsasən gəmiricilərdən yoluxur, lakin xəstəlik adətən insandan insana keçmir.

Mütəxəssislərin sözlərinə görə, Hantavirus infeksiyasına yoluxmanın əsas yolu tozun tənəffüs edilməsidir. Virus qurumuş gəmirici ifrazatlarının mikroskopik hissəcikləri havaya qarışdıqda insan orqanizminə daxil olur.

 

Alimlər bildirirlər ki, yoluxma daha çox zirzəmilərdə, anbar və tərəvəz saxlanılan quyularda, eləcə də meşəlik ərazilərdə göbələk və giləmeyvə toplanarkən baş verir. Belə ki, məhsulların üzərində siçan və digər gəmiricilərin ifrazatları qala bilər.

 

Valeri Litvinov qeyd edib ki, “Belə tozun nəfəs yolu ilə qəbul edilməsi infeksiyanın ötürülməsinə səbəb olur. Dişləmə yolu ilə yoluxma da mümkündür, lakin bu, çox nadir hallarda baş verir”.

 

Ekspertin sözlərinə görə, xəstəliyin pik dövrü yayın sonu və payız aylarına təsadüf edir. Bu dövrdə həm məhsul yığımı intensivləşir, həm də gəmiricilərin çoxalma mövsümü başlayır. Dünyada hər il bu tip yoluxma halları qeydə alınır.

 

Orqanizmə daxil olduqdan sonra hantavirus əsasən damarların daxili qatını təşkil edən endotel hüceyrələrini hədəf alır. Xüsusilə kapilyar şəbəkəsi zəngin olan orqanlar zərər görür. İlk növbədə böyrəklər və ağciyərlər, daha nadir hallarda isə beyin təsirlənir.

 

Valeri Litvinov vurğulayıb ki, bu virus ailəsinin əksər nümayəndələri nisbətən “mülayim” xarakter daşıyır və yüksək ölüm göstəricisi onlar üçün tipik deyil. Bununla belə, virusu tam təhlükəsiz hesab etmək olmaz. Xüsusilə Şəkərli diabet kimi ağır xroniki xəstəlikləri olan insanlarda ciddi fəsadlar və hətta ölüm riski yarana bilər.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
90 yaşlı alimlə MÜSAHİBƏ
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Ölkəmiz İspaniyada keçirilən Avropa Respirator Cəmiyyətinin Beynəlxalq Konqresində təmsil olunub
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub