Həmidə Ağarəhimova: "Pasiyentlər arasında bronxial astmadan əziyyət çəkənlərin sayı çoxalıb"
08.07.2025 15:52

 

Dünyada olduğu kimi, Azərbaycanda da allergik xəstəliklər geniş yayılıb. Statistik məlumatlara görə, dünya əhalisinin təxminən 30-40% allergik xəstəliklərdən əziyyət çəkir. Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi allergiyalar mövsümi xarakter daşıyır və əsasən yaz, yay və payız aylarında kəskinləşir. Tibdə bu xəstəliyə pollinoz deyilir. Pollinoz, bitki tozcuğunun yaratdığı allergik xəstəlikdir, əsasən tənəffüs yolları və gözlərin selikli qişalarında kəskin iltihab dəyişiklikləri ilə xarakterizə olunur. Pollinoz təkcə yaz aylarında deyil, yay və payız fəslində də özünü büruzə verir.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının assistenti Həmidə Ağarəhimova məlumat verib.

 

Onun sözlərinə görə, son illər qlobal istiləşmə və ölkəmizə müxtəlif ekzotik bitkilərin gətirilməsi ilə əlaqədar çiçəklənmə dövrü daha erkən başlayır. Ona görə də artıq fevral ayının ortalarından etibarən müraciət edənlər olur: “Xəstəliyin gedişində 3 kəskinləşmə dövrü var: ağacların çiçəklənməsi ilə bağlı yaz (mart-aprel-may), taxıl və çəmən otlarının tozcuqları ilə əlaqədar yay (iyun-iyul), bir də alaq otlarının törətdiyi pollinoz (avqust-sentyabr-oktyabr). Bunlar da həssas orqanizmlərə mənfi təsir göstərir.

 

Bakı ətrafında sərv və zeytun ağacları çoxluq təşkil edir. Əyalətlərdən isə bizə müraciət edənlərin şikayətləri adətən palıd, fındıq və çinar ağacları, taxıl və çəmən otlarından pişikquyruğu, tülküquyruğu, yulaf, çovdar və s, alaq otlarından yovşan, sirkan, günəbaxan, zəncirotu kimi bitkilərin tozcuqlarına həssaslıq səbəbindən qaynaqlanır. Hətta xəstələr var ki, onlarda hər üç fəsildə yetişən bitkilərin tozcuqlarına həssaslıq olur”.

 

Mütəxəssis bildirib ki, bəzi xəstələrdə allergik simptomlar mövsümlə əlaqədar deyil və ilboyu davam edir. Bu zaman allergiyanın yaranmasına daha çox ev tozu gənələri (Dermatophagoides Pteronyssinus, Dermatophagoides Farinae, Acarus siro ve s.) səbəb olur. Məsələn, Xaçmaz, Nabran, Qəbələ, Lənkəran, Lerikdə havanın rütubətliliyi ilə əlaqədar əhali arasında kif göbələkləri və ev tozuna qarşı yüksək həssaslıq müşahidə edilir. Quba, Qusar zonasını da bu siyahıya əlavə etmək olar.

 

Həmidə Ağarəhimova qidalar və dərmanların da allergiyaya səbəb olduğunu diqqətə çatdırıb. Eyni zamanda, bitki tozcuqları və bəzi qidalar arasında çarpaz allergik reaksiyaların mövcudluğunu qeyd edib: “Pollinozdan əziyyət çəkən xəstələrdə qida allergiyasına da rast gəlinir. Bu da bir-birinə yaxın olan tozcuq molekulları ilə bitki mənşəli qida allergenləri arasında çarpaz reaktivliklə əlaqədardır. Tutaq ki, zeytun ağacının tozcuğuna qarşı orqanizm həssasdırsa, həmin şəxs zeytunu yediyi zaman da şikayəti meydana çıxa bilər. Hətta bu qidaların mövsümdən kənar qəbulu nəticəsində allergik reaksiyaların kəskinləşməsi mümkündür.

Bütün bunlarla yanaşı, yay aylarında həşərat sancması nəticəsində yaranan insekt allergiyalarla da rastlaşırıq. Onlar ciddi problemlərə, bəzən anafilaksiyaya da səbəb ola bilir. Əgər kiminsə həşəratlara qarşı həssaslığı varsa, mütləq qaydada profilaktik tədbirlər görməli, ilk növbədə üzərində adrenalin avtoinjektoru gəzdirməlidir”.

 

Həkim əlavə edib ki, allergiya, həmçinin irsi xəstəliklər qrupuna aiddir. Bəzən deyirlər, filankəsdə allergiya sonradan yaranıb. Halbuki, kimdəsə təzahür edirsə, deməli ona irsən ötürülüb.

 

Mütəxəssisin sözlərinə görə, bəzən müraciət edənlərdən “həkim, qaşınırıq, amma dərimizdə qızartı, köpəşmə olmur. Bu da allergiyadırmı” – deyə soruşanlar olur. Hər qaşınma allergiya mənşəli deyil. Doğrudur, allergiya qaşınma ilə müşahidə oluna bilər. Çünki allergik reaksiyalar zamanı ifraz olunan bioloji aktiv maddələr ilk növbədə sinir reseptorlarını qıcıqlandırır. Nəticədə isə meydana qaşınma kimi simptom çıxır. Amma bu təkcə allergiya ilə bağlı olmaya bilər. Tibbə məlumdur ki, müxtəlif endokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid vəzinin patologiyaları və s.), qaraciyərdə olan problemlər, müxtəlif dermatoloji xəstəliklər (qoturluq, dəmrov xəstəliyi, göbələk infeksiyaları) və sair də qaşınmaya səbəb ola bilər.

 

Allerqoloq, ildən-ilə pasiyentlər arasında bronxial astmadan əziyyət çəkənlərin sayının çoxaldığını deyib. Bildirib ki, xüsusilə də uşaqlar arasında bu xəstəliyə rastgəlmə tezliyi artır. Amma onlara vaxtında, düzgün diaqnoz qoyularsa və müasir protokollara uyğun müalicə aparılarsa, həyat keyfiyyətini xeyli artırmış olarıq.

 

O, səbəbkar allergeni aşkarlamaq məqsədi ilə dəri prik testlər, qanda spesifik İgE-nin təyini, molekulyar allerqodiaqnostika və s. aparıldığını söyləyib: “Ölkəmizdə allergik xəstəliklərin diaqnostikası üçün hər cür şərait var və hətta İmmunoCAP Phadia, İmmunoCAP İSAC, Alex 2 cihazları vasitəsilə geniş spektrdə və molekulyar səviyyədə həyata keçirilir. Allergen komponentlərinə əsaslanan bu testlər vasitəsilə xəstəliyə diaqnoz qoymaq, inkişafını proqnozlaşdırmaq və gedişatını izləmək mümkündür. Məsələn, biz müayinə zamanı öyrənə bilirik ki, aktual qida allergeni sayılan yerfistığının tərkibində hansı zülallar var. Bu proteinlərə qarşı həssaslıq anafilaksiyaya, yoxsa daha yüngül allergik simptomlara gətirib çıxaracaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır