Elin həkim oğlu Xocalıya qayıtdı  
27.05.2025 14:43

Doğulub, boya-başa çatdığı kəndi erməni işğalına məruz qalanda Qoşqar Məhərrəmovun 21 yaşı olub. Acı xəbəri Bakıda eşidib. Azərbaycan Dövlət Tibb Universitetinin birinci kursunda təhsil alırmış. Öyrənib ki, ailəsi ev-eşiklərindən didərgin düşərək Ağdaş rayonunun Qaradeyin kəndinə pənah gətirib. Beləcə, oxuyub həkim olduqdan sonra yenidən Xocalıya qayıtmaq, orada doğmalarının sağlamlığının keşiyində dayanmaq kimi ən böyük arzusu puç olan Qoşqar uzun illər “məcburi köçkün” statusunun ağırlığını daşımalı, Vətən həsrətinin acılarını dadmalı olub. Sonra isə...

 

Sonrasını özündən dinləmək məqsədilə cəmi bir neçə gün əvvəl, mayın 22-də sonuncu köç zamanı daimi yaşamaq üçün Xocalıya qayıtmış Qoşqar həkimin evinə üz tutduq. İş başındaydı. İxtisası üzrə yox a, əlində dəryaz həyəti basmış otları, cər-cəngəli biçirdi. Salamlaşıb, “işiniz irəli” dedik. Əlini saxlayıb gülə-gülə “vallah, ot biçməkdən ötrü də darıxmışdım, şükür bu günə” söyləyərək bizi evə dəvət etdi. Çay süfrəsi ətrafında söhbətimizə də elə yeni evindən başladıq. Təbrik edib, gözaydınlığı verdik, xoş günlər arzuladıq. Bildirdi ki, doğma Xocalıya qayıtdığı üçün yaşadığı xoş hissləri sözlə ifadə etməkdə çətinlik çəkir:

 

– Məcburi köçkünlük dövründə əsasən Ağdaşda və Gəncədə, qısa bir müddət isə Bakıda yaşamışam. Heç vaxt unutmaram, harada olduqsa, harada işlədimsə həmin yerin insanları bizə qucaq açdılar, dərdimizə şərik oldular. Hər zaman dövlətimizin qayğısını hiss etdik. Bir daha şahidi oldum ki, bizim necə böyük, müdrik xalqımız var. Qayğı ilə, məhəbbətlə əhatə olunmuşduq, di gəl, içimdə kövrək bir qəriblik hiss edirdim. Bir də ki, o yerlərdə nə qədər yaxşı dolansan da, malın-mülkün çox olsa, saraylarda yaşasan belə doğma yurddakı kasıb daxmanın yerini vermir. Ancaq nə kasıb daxma, sağ olsunlar, geniş, işıqlı otaqları, iri mətbəxi, sanitar qovşağı müasir üslubda təmir edilmiş üçotaqlı evlə təmin edilmişəm. Qaz, su, işıq daimidir, istilik sistemi qurulub, sürətli internetimiz... Əkib-becərməyə həyətimiz də genişdir, yaxşı meyvə ağacları var. Bir sözlə, rahat yaşayışımız üçün hər şey nəzərə alınıb, hər şey əladır. Üstəlik də, illər böyu həsrətini çəkdiyim Vətənimin havasını uduram, suyunu içirəm! Çox xoşbəxtəm!

 

Söhbət zamanı öyrəndik ki, ali məktəbi bitirdikdən sonra qardaş Türkiyədə ixtisasını artırmış Qoşqar Məhərrəmov 27 ilə yaxındır həkim işləyir, terapevt-qastroenderoloqdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şanlı qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində iştirak edib, tibb xidməti baş leytenantıdır. Torpaqlarımızın mənfur düşmən işağlından azad edilməsindən dərhal sonra Qarabağda təmənnasız olaraq insanların sağlamlığının keşiyində dayanmaq üçün müraciət edib. Qismət isə, necə deyərlər, bu günəymiş. Böyük sevinc və fəxarətlə 33 il əvvəl yarımçıq qalmış arzularının reallaşdığını dedi:

 

– İnşallah, bundan sonra doğma yurdumda həkim kimi fəaliyyət göstərəcəyəm. Ancaq deyəsən, mənə işi düşən çox olmayacaq (gülür – M.R). Əvvəllər burada yaşayan insanlar indiki kimi tez-tez xəstələnmirdilər, çünki Qarabağın havası, suyu, təbiətinin özü müalicəvidir. Yadımdadır, o vaxt qapımıza bir bulaq çəkmişdik, suyu axdığı yeri ağappaq ağardırdı. Onda səbəbini bilmirdim, ancaq indi bir həkim kimi deyirəm: Qarabağda, Şərqi Zəngəzurda bulaqların çoxunun suyu insan orqanizmi üçün əhəmiyyətli olan minerallarla zəngindir. Üstəlik, havasına və relyefinə görə, bu yerlərdə müxtəlif xəstəliklərə, o cümlədən sümük-dayaq sistemi, oynaq xəstəliklərinə az rast gəlinir. Təzyiq xəstələri də burada özlərini rahat hiss edirlər. Yəni, təbiət özü insanların həkimidir. Mən də insanların sağlamlığı naminə əlimdən gələni edəcəyəm. Çünki bu, mənim illər öncə baş tutmamış, bu gün reallaşan ən böyük arzumdur. Başda möhtərəm Prezidentimiz olmaqla, bu arzumun reallaşmasında əməyi olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm!

 

Qoşqar həkim yeni evində hələ ki, həyat yoldaşı Sevinc xanımla yaşayır. Bildirdi ki, qızları ailə qurub, necə deyərlər, yuvadan uçub, oğlu Kənan isə Türkiyədə Qaziantep Universitatində elektronika-energetika mühəndisliyi ixtisası üzrə təhsil alır:

– O da təhsilini bitirib ata-babasının doğma yurduna qayıdacağı, Qarabağın yenidən qurulmasında, dirçəldilməsində iştirak edəcəyi günü səbirsizliklə gözləyir. Çünki bu yerlərdə təhsilli, yüksək ixtisaslı, vətənpərvər gənclərimizə bizim indi daha çox ehtiyacımız var. Onlar da həvəslə geri qayıtmalı, müqəddəs şəhidlərimizin qanları bahasına işğaldan azad edilmiş torpaqlarımıza sahib çıxmalıdırlar. Məhz onların iştirakı ilə, o cümlədən birliyimiz sayəsində Qarabağımızı yenidən cənnətə çevirəcəyik!

 

Mahir RƏSULOĞLU, "Xalq Qəzeti"nin Qarabağ müxbiri

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır