ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası dövlət səviyyəli tədbirlər planının həyata keçirilməsində iştirak edir
19.04.2025 15:20

 

Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb edib. Ümumiyyətlə təbii sərvət dedikdə, insanların həyat fəaliyyəti üçün zəruri olan bütün təbiət komponentləri başa düşülür. Bu təbii ehtiyatlardan biri də “qara qızıl” – Azərbaycan neftidir.

 

Ölkəmiz dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə məhz bu amil dayanıb. Azərbaycan ərazisinin 2/3 hissəsi neft və qaz yataqları ilə zəngindir. Bu sırada Naftalan nefti öz unikallığı ilə seçilir.

 

ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev Aztibb.az-a bildirib ki, Naftalan nefti dünyada yeganədir. O, fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənməklə, müalicəvi əhəmiyyəti baxımından əvəzolunmazdır: “Bu neftin istismarına hələ qədim zamanlardan başlanılmışdır. Naftalan nefti bir çox xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə olunmuşdur. Tərkibində Naftalan nefti olan çoxsaylı dərman vasitələri mövcuddur. Eyni zamanda nativ Naftalan nefti ilə vanna qəbul edərək xeyli sayda xəstəlikləri müalicə etmək mümkün olmuşdur. Hətta Naftalan nefti əsasında təşkil olunmuş müxtəlif müalicə mərkəzləri fəaliyyət göstərmişdir. Lakin belə möcüzəvi əhəmiyyətə malik olan təbii resursun dünyada Azərbaycan sərvəti kimi lazımınca tanınmaması təəssüf doğurur. Eyni zamanda onun tətbiqinin düzgün yönləndirilməməsi bu sahənin inkişafına mane olmuş, demək olar ki, unudulmasına gətirib çıxarmışdır”.

 

Bu problemin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə artıq aradan qaldırılmaqda olduğunu deyən professorun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndi və Prezidentin sözügedən Sərəncamı rəhbər tutulmaqla, 11 bəndən ibarət tədbirlər proqramı hazırlanıb. Bu proqramın icrası, yəni Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması, eyni zamanda tərkibi araşdırılaraq yüksək keyfiyyətli dərman vasitələrinin istehsal edilməsi  onun revmatizm, dəri, dayaq-hərəkət xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə tətbiqinə və beynəlxalq səviyyəli turizmin inkişafına səbəb olacaq: “Həmçinin Səhiyyə Nazirliyi Prezidentin həmin Sərəncamını rəhbər tutaraq icraçısı olduğu proqram üzrə tədbirlər planı təqdim edib. Plan üzrə 5 nömrəli prioritetdə “Beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığın qurulması və Naftalan nefti üzrə müasir tədqiqatların, qeydiyyat və sertifikasiya işlərinin aparılması” nəzərdə tutulub. Tədbirlər planında əks olunmuş tədbirlərin həyata keçirilməsində iştirak edəcək qurumlar arasında Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrası da var. Kafedramızın baş müəllim K.Hüseynquliyeva ilə birlikdə 5 və 5.1 nömrəli bəndlər, yəni nativ Naftalan neftinin fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmək, klinikaya qədərki sınaqlar və kliniki tədqiqatların aparılması istiqamətində tədbirlər planı hazırlamışıq. Bu tədqiqatların aparılmasına dair məlumatları Səhiyyə Nazirliyində keçirilən müşavirədə məruzə etmişəm. Naftalan neftinin nativ və yeni dərman forması şəklində müalicəvi təsirinin təsdiqi və yuxarıda qeyd olunan tədqiqat işlərinin yerinə yetirilməsi üçün bir sıra prosedurların müəyyən alqoritmlə icrası nəzərdə tutulur”. 

 

Kafedra müdiri əmindir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəhbər tutulmaqla həyata keçirilən layihənin icrası başa çatdıqdan sonra Azərbaycanın milli sərvəti - möcüzəvi Naftalan nefti dünyada layiq olduğu yeri tutacaq.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı